Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6066/2021 07.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı mənəvi ziyana görə 10000 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı mənəvi ziyana görə 10000 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 31.01.2016-cı tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 29.12.2016-cı il təvəllüdlü X2 anadan olmuşdur. İlk vaxtlar cavabdehlə mehriban yaşasalar da, lakin sonradan xasiyyətləri uyğun gəlməmiş, ailə münasibətlərinə mövqeləri fərqli olduğundan münasibətləri pozulmuş, nəticədə Yasamal Rayon Məhkəməsinin 28.01.2020ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikalarına xitam verilməsinə baxmayaraq o, uşağının saxlanması üçün təyin olunan alimenti vaxtında ödəməklə üzərinə düşən maddi və mənəvi öhdəliklərini yerinə yetirir. Lakin cavabdeh ona uşağı ilə görüşməsinə manelər yaradır, müxtəlif bəhanələrlə görüşü təxirə salır. Cavabdeh Yasamal Rayon Məhkəməsinə boşanma tələb ilə bağlı iddia ərizəsi verərkən, iddiasını güya onun ailəsinə lazımı diqqət və qayğı ayırmaması ilə əsaslandırmışdır. Lakin, bu gün cavabdeh özü ona valideyn kimi vəzifələrini yerinə yetirməsinə, uşağına münasibətdə hüquqlarının həyata keçirilməsində qərəzli şəkildə maneələr yaradır. Cavabdehin bu davranışında məqsəd uşağında ona qarşı yanlış fikirlər oyatmaq, övladı ilə onun arasında mənəvi bağlılığı qoparmaqdır. Hesab edir ki, uşaqların normal psixoloji inkişafı üçün davamlı sosial mühütin olması, hər iki valideynin qayğısı, valideynlərin uşağın tərbiyəsində birgə iştirakı vacibdir. Ataya uşağı ilə ünsiyyətinə qadağa qoyulması onun bir valideyn kimi qanunda nəzərdə tutulan hüquqlarının pozulmasına, eləcə də uşağın sabit psixoloji durumunun formalaşmasına, onun stabil inkişafına, psixikasına, eləcə də, uşağın sabit psixoloji durumunun formalaşmasına, onun stabil inkişafına, psixikasına, təhsil və tərbiyəsinə mənfi təsir göstərə bilər. Cavabdeh tərəfindən onun övladı ilə ünsiyyət hüququnun pozulması nəticəsində ona mənəvi zərər dəymişdir. Övladı ilə görüşə bilmədiyi üçün o, görüş vaxtının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli 2(001)-671\2021 saylı qətnaməsinə əsasən, iddia ərizəsi qismən təmin edilərək onun övladı 29.12.2016-cı il təvəllüdlü X2 ilə hər həftənin şənbə günləri saat 11-00-dan saat 20-00-dək görüşmək hüququ təmin edilmişdir. Lakin o, qətnamə ilə razılaşmadığı üçün apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 14.07.2021-ci il tarixli 2(103)-6662\2021 saylı qətnaməsinə əsasən, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli 2(001)-671\2021 saylı qətnaməsi dəyişdirilərək həmin qətnamə ilə müəyyən olunan görüş vaxtına əlavə olaraq hər il Yeni il və Novruz bayramlarının ikinci günü saat 11-00-dan saat 20-00-dək onun övladı 29.12.2016-cı il təvəllüdlü X2 ilə görüş vaxtı müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almadığından icraya yönəldilməmişdir. Övladı ilə cavabdehin yaratdığı manelərə görə 2019-cu ildən görüşə bilməməsi nəticəsində o, stress və mənəvi sarsıntı keçirmiş, lakin keçirdiyi stresə, məyusluğa görə tibb müəssisəsinə müraciət etməmişdir. Özü epilepsiya xəstəsidir. Ona görə də, cavabdehin hərəkətləri nəticəsində ona vurulan mənəvi ziyana görə 10000 manatın Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan nikah Yasamal Rayon Məhkəməsinin 28.01.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, daha sonra iddiaçı 29.12.2016-cı il təvəllüdlü övladı X2 ilə görüş qaydasının müəyyən edilməsi tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və iddiaçının iddiası qismən təmin edilərək hər həftənin şənbə günləri saat 11:00-dan saat 20:00-dək iddiaçının övladı ilə görüşmək hüququ təmin edilmişdir. Lakin iddiaçı qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti vermiş, bu səbəbdən qətnamə qüvvəsini almamış, icraya yönəldilməmişdir. Həmin işə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman məhkəmə iclası 14.07.2021-ci il tarixə təyin edilmiş, iddiaçı həmin vaxt hazırki iddia ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. 14.07.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi işə baxaraq apellyasiya şikayətini qismən təmin edərək görüş vaxtına əlavə olaraq Yeni il və Novruz bayramlarının ikinci günü saat 1 l:00-dan saat 20:00-dək iddiaçının övladı ilə görüşmək hüququ təmin edilmişdir. İddiaçı ilə cavabdeh arasında Bakı Apellyasiya Məhkəməsində iki iş üzrə, yəni uşaqla görüş qaydasının müəyyən edilməsi və əmlak tələbi ilə bağlı məhkəmə çəkişməsi davam etdiyi üçün iddiaçı həmin işlərlə bağlı cavabdehə təzyiq etmək məqsədi ilə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilən hallar iddianın əsasını təşkil etmir və iddiaçı iş üzrə iddia tələbini hər hansı bir formada sübut edə bilmir. Cavabdeh iddiaçıya övladı ilə görüşməsi üçün manelər yaratmamışdır. Tərəflər arasında uşaqla görüş vaxtının müəyyən edilməsi barədə razılıq olmamış, iddiaçı bütün istirahər günlərini övladı ilə keçirmək istəyir.İddia ərizəsində iddiaçı övladı ilə görüş hüququnun pozulmasına görə stres, mənəvi sarsıntı keçildiyini bildirmiş və bunun nəticəsində ona 10000 manat məbləğində mənəvi zərərin dəydiyini qeyd etmişdir. İddiaçının övladı ilə görüş hüququ məhkəmə qətnaməsi əsasında yaranır ki, hazırda qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud deyildir. Bundan başqa, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında iddiaçının stres və ya mənəvi sarsıntı keçirməsini təsdiq edən hər hansı bir sənəd və ya həkim rəyi əlavə edilməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs ailə həyatına hörmət hüququna malikdir. Bu hüquq yalnız həmin maddədə və qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda müdaxiləyə məruz qala bilər. Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli 2(001)-671\2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi qismən təmin edilərək İddiaçı övladı 29.12.2016-cı il təvəllüdlü X2 ilə hər həftənin şənbə günləri saat 11-00-dan saat 20-00-dək görüşmək hüququ təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14.07.2021-ci il tarixli 2(103)-6662\2021 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli 2(001)-671\2021 saylı qətnaməsi dəyişdirilərək həmin qətnamə ilə müəyyən olunan görüş vaxtına əlavə olaraq hər il Yeni il və Novruz bayramlarının ikinci günü saat 11-00-dan saat 20-00-dək İddiaçı övladı 29.12.2016-cı il təvəllüdlü X2 ilə görüş vaxtı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. (AM 61.1; 61.2-ci maddələri) İddiaçı cavabdehlə birgə nikahından olan övladına münasibətdə valideynlik hüquq və vəzifələrini cavabdehin yaratdığı maneələr səbəbindən həyata keçirə bilməməsi səbəbindən ona mənəvi zərər vurulmasını iddia etsə də, iddiaçıya mənəvi ziyan vurulması halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və 10 yaşına çatmış uşağın fikri nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin nikahı pozulduqdan sonra anasının himayəsində yaşayan tərəflərin birgə nikahlarından olan 29.12.2016-cı il təvəllüdlü X1 atası ilə görüşüb ünsiyyətdə olmasının vaxtı ilə bağlı valideynləri arasında qarşılıqlı razılıq olmadığından İddiaçı övladı ilə görüş vaxtının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmiş, cavabdeh birinci instansiya məhkəməsinin təyin etdiyi görüş vaxtı ilə razılaşsa da, İddiaçı həmin mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmadığından apellyasiya şikayəti vermiş, qəbul edilmiş məhkəmə aktları qanuni qüvvəsini almadığından icraya yönəldilməmişdir. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, 2019-cu ildən övladı ilə ünsiyyətdə olmaq hüququna cavabdeh tərəfindən maneələr yaradılmasını bildiriən iddiaçı bu hüququnun müdafiəsi üçün yalnız 2021-ci ildə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında həll edilməsi mükün olmayan əmlak mübahisəsi ilə bağlı Cavabdeh da İddiaçı qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsinə, bunların cavabdehin hərəkətləri nəticəsində baş verməsinə, cavabdehin hərəkətləri ilə vurulması iddia edilən və iddiaçı tərəfindən 10000 manat dəyərində qiymətləndirilmiş mənəvi zərər arasında səbəbli əlaqənin olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi əsassızdır, ona görə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı mənəvi ziyana görə 10000 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-6066/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6066/2021
07.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver