Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6067/2021 04.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunu katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 18 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 175 manat və uşağın 3 yaşına qədər 80 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 25 iyun 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Rəsmi nikahdan 18 avqust 2019-cu il təvəllüdlü X4 adlı övladları olmuşdur. Nikahları Binəqədi Rayon Məhkəməsinin 15.10.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Azyaşlı övladı onunla birikdə yaşayır. Cavabdeh bu müddət ərzində ata kimi uşağa nə maddi cəhətdən, nə də ki mənəvi cəhətdən hər hansı bir köməklik göstərməmiş, uşağın maddi tələbatları ilə maraqlanmamışdır. O, özü heç bir yerdə işləmir. Maddi gəliri yoxdur. Övladının maddi təminatını qarşılaya bilmir. Bu səbəbdən övladları yetkinlik yaşına çatana kimi onun saxlanması üçün qanunla müəyyən olunmuş qaydada alimentin tutulması zərurəti yaranmışdır. İddiaçı 04.11.2021-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, xəstəliyi ilə əlaqədar olaraq məhkəmə iclaslarının onun işirakı olmadan keçirilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. İki ildir ki, cavabdehlə ayrı yaşayırlar. Cavabdehlə qonşudurlar və cavabdeh uşağın saxlanması üçün ona heç bir maddi dəstək göstərmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Hər ay 175 manat aliment ödəməyə razıdır. İddiaçının özünə isə hər ay 80 manat məbləğində aliment ödəməyə razı deyildir. O, əvvəl ofisiant kimi işləmişdir. Lakin hazırda işsizdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 15.10.2020-ci il tarixli, 2(001)-5064/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə Tağıyeva (Ağayeva) Nərmin Ramiz qızı arasında 25.06.2018-ci il tarixində 1660 №-li akt qeydi ilə 1 saylı Bakı “ASAN Xidmət” X1 bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 18.08.2019-cu il təvəllüdlü X2 anası Tağıyeva (Ağayeva) Nərmin Ramiz qızının yanında saxlanılması qət edilmişdir. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı 387302 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 10.12.2020-ci il tarixində pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 17.06.2021-ci il tarixində 296 № ilə qeyd edilmişdir. Mülki iş materialları əsasında məhkəmə tərəfindən müəyyən edilir ki, Cavabdeh ilə Tağıyeva (Ağayeva) Nərmin Ramiz qızı arasında 25.06.2018-ci il tarixində 1660 №-li akt qeydi ilə 1 saylı Bakı “ASAN Xidmət” X1 bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.10.2020-ci il tarixli, 2(001)-5064/2020 saylı qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahlarından olan övladları 18 avqust 2019-cu il təvəllüdlü X2 anasının yanında qalması müəyyən edilmiş və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment tutulmamışdır. Nikahın pozulması barədə akt qeydləri kitabında 17.06.2021-ci il tarixində 296 № ilə qeyd edilmiş və tərəflərə nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Tərəflər uzun müddətdir ki, ayrı yaşayırlar. İddiaçı hal-hazırda cavabdehdən həm uşağın saxlanılması, həm də özü üçün sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu məhkəmə müəyyən etməlidir. 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bundan əlavə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynin borcu olduğundan, cavabdeh valideyn olaraq faktiki olaraq uşağın saxlanılmasında iştirak etmədiyindən iddiaçı cavabdehdən aliment tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə yetkinlik yaşına çatmayan 18.08.2019-cu il təvəllüdlü X2 mənafeyini, uşağın əvvəlki təminatının səviyyəsini, uşaqlar haqqında yaşayış minimumumu haqqında tələbləri, iddiaçının sabit pul məbləğində aliment tələb etməsini, cavabdehin iddia tələbini həmin hissədə qəbul etməsini nəzərə alaraq hesab edir ki, 18.08.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment müəyyən edilməli və həmin məbləğ cavabdeh X3 İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının 18.08.2019-cu il təvəllüdlü X4 3 yaşına çatanadək cavabdehdən hər ay 80 manat məbləğində alimentin tutulmasına münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 85.2 və 85.1.1-ci maddələrinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir; 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə əvvəla qeyd edir ki, uşaq 3 yaşına çatanadək arvada ödənilməli olan aliment öhdəliyinin bir sıra xüsusiyyətləri vardır. Birincisi ər zəruri vəsaitə malik olmalıdır, ikincisi ərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır, üçüncüsü tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmalıdır. İddia ərizəsində iddiaçı cavabdehin zəruri vəsaitə malik olması barədə sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə məhkəmə iclasında işsiz olduğunu və ana üçün aliment ödəyə bilməyəcəyini bildirmişdir. Buna baxmayaraq məhkəmə, uşağın körpə olması və bununla bağlı ananın əmək fəaliyyəti ilə məşğul olması imkanının məhdudluğunu nəzərə alaraq iddia tələbini həmin hissədə qismən əsaslı hesab edir. Uşağın saxlanılması üçün təyin edilmiş alimentin məbləği və tərəflərin digər diqqətəlayiq hallarını nəzərə alaraq məhkəmə o qənaətə gəlir ki, tərəflərin birgə nikahlarından doğulan X4 3 yaşına çatanadək ər tərəfindən arvada ödənilməli olan alimentin məbləğinin hər ay üçün 50 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və tərəflərin mənafeyinə uyğun olmaqla ədalətlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə 23.07.2021-ci il tarixində məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər Bakı şəhər Binəqədi Rayon məhkəməsinin 26.07.2021-ci il tarixli, 2(001)-6067/2021 saylı qərardadı ilə geri qaytarılmışdır. İddiaçı qərardaddan şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8938/2021 saylı, 31.08.2021-ci il tarixli qərardadı ilə Bakı şəhər Binəqədi Rayon məhkəməsinin 26.07.2021-ci il tarixli, 2(001)- 6067/2021 saylı qərardadı ləğv edilmiş və mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinə baxılması üçün məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.3-cü maddəsinin tələblərinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verildikdən sonra, qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Buna görə də məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli 23.07.2021-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 18 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, 18 avqust 2019-cu il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Alimentin tutulmasının əvvəli 23.07.2021-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 18 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. 18 avqust 2019-cu il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aliment məbləğləri 23 iyul 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6067/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6067/2021
04.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver