Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6134/2023 26.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı elektron poçt ünvanı vasitəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin elektron poçtuna göndərilmiş müraciətini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı elektron poçt ünvanı vasitəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və müraciətində göstərmişdir ki, o, bir uşağı - yəni oğlu X1 üçün aliment tələb edir. Atası Cavabdeh qarşı aliment iddia edir İddiaçı elektron poçt ünvanı vasitəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin elektron poçtuna göndərilmiş müraciəti nəzərdən keçirərək hesab edirəm ki, “müraciət” geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi tərtib edilərkən mülki-prosessual qanunvericiliklə nəzərdə tutulmuş iddia ərizəsinin forma və məzmununa riayət edilmədən tərtib edilmiş, habelə tərəflərin ilkin mediasiya sessiyasında iştiraklarını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir:149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb İlk növbədə qeyd edilməlidir ki, məhkəməyə iddia ərizəsi verilərkən ərizə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş iddia ərizəsinin forma və məzmununa riayət edilərək tərtib edilməli, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları dəqiq göstərilməlidir. Lakin iddia ərizəsində yazılı şəkildə tərtib edilərək, imzalanmamış, iddiaçının və cavabdehin adı, poçt ünvanları və digər məlumatlar göstərilməmişdir. Həmçinin, iddia ərizəsində tələbin kimə qarşı yönəldiyi, yəni cavabdeh qeyd edilməmiş və öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar iddia ərizəsində əsaslandırılmamışdır. Halbuki, yuxarıda qeyd olunan mülki prosessual qanunvericiliyin normalarından da göründüyü kimi iddiaçı tərəfindən cavabdehə qarşı yönəldilmiş tələb və tələbin əsaslandığı hallar konkret və aydın olmalıdır. Başqa sözlə, prosessual qanunvericiliyin cavabdehə qarşı yönəlmiş tələbin və tələbin əsaslandığı halların iddia ərizəsində dəqiq göstərilməli olması onu nəzərdə tutur ki, cavabdeh ona qarşı yönəlmiş tələbin konkret nədən ibarət olduğunu qanunda göstərilmiş formulələrin adlarına görə deyil, onların əsaslandığı hallara görə özü üçün müəyyən etməlidir. Təsadüfü deyildir ki, Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Xüsusilə nəzərə alınmalıdır ki, həmin Məcəllənin 154.2.3-cü maddəsinə əsasən etiraz və mühahizədə iddiaçının tələbinin tam və ya qismən rədd edilməsinin motivləri öncədən cavabdeh tərəfindən məhkəməyə təqdim edilə də bilər. Bu isə yalnız o halda mümkündür ki, iddiaçı hər bir cavabdehə qarşı öz tələblərini və tələblərini əsaslandırdıqları halları konkret şəkildə iddia ərizəsində göstərmiş olsun. Bunlardan əlavə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.2-ci maddəsinin tələbinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr - nikahın davam etdirilməsi şərtləri; valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; uşağın yaşayış yerinin müəyyən edilməsi; uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və ailə münasibətlərindən irəli gələn digər mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir; 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməlidir; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmçinin, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçının ərizəsində tərəflərin mediasiya prosesində iştiraklarına dair məlumat göstərilməmiş və mediasiya prosesində iştiraklarını təsdiq edən sənəd də iddia ərizəsinə əlavə edilməmişdir. Beləliklə, təsvir edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, İddiaçı elektron poçt ünvanı vasitəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin elektron poçtuna göndərilmiş müraciəti geri qaytarılmalı və ona izah edilməlidir ki, o, iddia ərizəsinin forma və məzmununa riayət etməklə, habelə məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştiraklarını təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməklə təkrarən məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 149, 152, 263-264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı elektron poçt ünvanı vasitəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin elektron poçtuna göndərilmiş müraciəti geri qaytarılsın. İddiaçı izah edilsin ki, o, iddia ərizəsinin forma və məzmununa riayət etməklə, habelə məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştiraklarını təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməklə təkrarən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-6134/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6134/2023
26.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver