Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6147/2025 27.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)-654/2025 nömrəli qərardadı ilə ondan cavabdehin xeyrinə birgə nikahlarından xx.xx.2017-ci il tarixdə doğulmuş X1 üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli miqdarında aliment tutulur. Onun alimentə dair heç bir borcu yoxdur və heç vaxt olmamışdır. Sadəcə olaraq 2020-ci ildə ölkədə baş vermiş pandemiya ilə əlaqədar bir az sıxıntıları yarandığından aliment borcu yığılmışdır. Daha sonra o, bütün borclarını ödəmişdir. Hal-hazırda alimentlə bağlı heç bir borcu yoxdur. Cavabdeh alimentin indeksasiya olunması barədə məhkəməyə ərizə ilə müraciət edərkən ərizəni onunla əsaslandırmışdır ki, o, guya övladı ilə maraqlanmır, hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti vaxtında ödəmir. Halbuki, bütün bu dedikləri yalandır o, hər zaman vaxtında bütün alimenti artıqlaması ilə ödəmiş, lakin Cavabdeh övladı xx.xx.2017-ci il təvəllüdlü X6 onunla görüşməsinə mane olur. Hal-hazırda yenidən nikaha daxil olduğundan onun xərcləri artmışdır. Övladından imtina etmir, xərcləri ilə də artıqlaması ilə maraqlanır, lakin cavabdehin uşaq üzərindən etdiyi bu əməl heç də ürək açan deyil və onların aralarında olan problemi uşağa yansıtması düzgün deyildir. O, məhkəmənin ədalətinə güvənərək məhkəməyə müraciət edir. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı onun indiki maddi çətinlikləri yox idi. O, hazırda başqa qadınla nikaha daxil olmuşdur. Onun hazırda aylıq maaşı 400 manat təşkil edir, başqa gəliri də yoxdur. Cavabdehin isə hazırda onun qədər maddi çətinlikləri yoxdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)-654/2025 nömrəli qərardadı ilə müəyyən olunmuş alimentin miqdarının azaldılması və ondan cavabdehin xeyrinə birgə nikahlarından xx.xx.2017-ci il tarixdə doğulmuş X1 üçün hər ay 2025-ci il tarixdə qeyd olunmuş sabit pul məbləğində olan 246 manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, İddiaçı məhkəməyə ərizə təqdim edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)-654/2025 nömrəli qərardadı ilə müəyyən olunmuş alimentin miqdarının azaldılması və hər ay 265 manat sabit pul məbləğində müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəmə etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq etmiş, bundan əlavə aylıq 200 manat qazancının olduğunu, uşağın hazırlıqlara getdiyini, özünün yenidən ailə qurmadığını əsas gətirərək, aliment məbləğinin 300-350 manat məbləğində müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı mebel ustası işləməklə aylıq 400 manat məbləğində əmək haqqı alır. İş materiallarında olan ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/6-01587 saylı arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 14:30-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh iştirak etmişlər və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini və 10 manat kargüzarlıq xərcini ödəmişdir. Lakin tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-654/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-4974/2018 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay borclu İddiaçı tələbkar Cavabdeh ödənilməli olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 666236 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X4 arasında xx.xx.2025-ci il tarixdə nikah bağlanmış və 441 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı Qədirov X3 Sulduz Rəfael oğlu ilə bağlanmış əmək müqaviləsi əsasında “mebel ustası” vəzifəsində işləyir və 400 manat məbləğində əmək haqqı alır. İlk növbədə qeyd edilməlidir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən minimum aylıq əmək haqqı 01 yanvar 2025-ci il tarixindən 400 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilmişdir ki, tərəflər arasında alimentlə bağlı mübahisə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli 2(001)-4974/2018 saylı qətnaməsinə əsasən yekunlaşmış, həmin qətnamə ilə 12 iyun 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26 aprel 2018-ci il tarixdən başlayaraq, İddiaçı hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. Bundan sonra, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarına istinad edilməklə Cavabdeh ərizəsi əsasında məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği məhkəmə tərəfindən indeksasiya edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-654/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-4974/2018 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı Cavabdeh ödənilməli olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində, yəni 400 x 1.18 = 472 manat məbləğində indeksasiya edilmişdir. Hazırda iddiaçı həmin məbləğin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş minimum məbləğdən artıq olmasına, özünün yenidən ailə qurmasına və maddi vəziyyətinin aşağı olmasına əsaslanaraq aliment məbləğinin 265 manat mıəbləğində müəyyən edilərək azaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının indeksasiya edilərək müəyyən edilmiş aliment məbləğinin ödənilməsi üçün kifayət qədər qazanca malik olmadığı iş materialları ilə təsdiq olunduğundan, müəyyən olunmuş alimentin məbləğinin azaldılması (dəyişdirilməsi) üçün kifayət qədər əsaslar mövcud olduğundan iddia tələbi təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-4974/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 654/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq, xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə 2025ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.66 misli həddində (400 x 0.66 = 265 manat) sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-4974/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-654/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq, xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.66 misli həddində (400 x 0.66 = 265 manat) sabit pul məbləğində aliment tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-6147/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6147/2025
27.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver