Məhkəmə qərarları › İş №2(001)-6148/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6148/2025

04.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6148/2025 04.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutulması və bu məbləğin xx.xx.2024-cü il tarixindən etibarən hesablanmaqla iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

3. Belə ki, iddia ərizəsi məhkəməyə kağız daşıyıcıda poçt vasitəsilə göndərildiyi halda iddiaçı tərəfindən cavabdehin sayına görə iddia ərizəsinin surətini, eləcə də iddiaçı ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəmədə iddia qaldırmadan öncə ilkin mediasiya sessiyasında iştirak etməli olduğu halda bu tələbə əməl etməsini təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmişdir.

4. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 3.2. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - Maddə 28.1. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Tərəflər mediasiya sessiyasında iştirak etmək üçün birlikdə müraciət etdikdə ilkin mediasiya sessiyasının keçirilməsi tələb olunmur.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat. - Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. - Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə. - Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

6. Məhkəmə qeyd edir ki, alimentin ödənilməsi tələbinə dair iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən verildiyindən geri qaytarılmalıdır.

7. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, əgər iddia ərizəsi elektron formada təqdim edilməyibsə, o zaman iddiaçı tərəfindən iddia ərizəsinin surəti cavabdeh və üçüncü şəxslərin sayına uyğun olaraq ərizəyə əlavə edilməlidir. Bu tələbə əməl edilməməsi mülki prosessual qanunvericiliyin imperativ tələblərinə əsasən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır. Hazırda iddiaçı tərəfindən Cavabdeh qarşı alimentin ödənilməsi tələbi ilə bağlı iddia ərizəsi verildiyi halda həmin iddia ərizəsinin cavabdehə çatacaq surəti ərizəyə əlavə edilməmişdir.

8. Məhkəmə həmçinin qeyd edir ki, alimentin ödənilməsi tələbi ailə münasibətlərindən irəli gələn mübahisə olduğundan və bu qərardadın 4-cü bəndində istinad edilmiş qanunvericiliyin tələbinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunduğundan hazırki haldada iddiaçı mediasiya sessiyasında iştirak etməli və bunu təsdiq edən sənədləri iddia ərizəsi ilə məhkəməyə təqdim etməli idi. Lakin, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı qanunvericiliyin bu tələbinə də əməl etməmişdir.

9. Göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilmiş iki şərtinə - cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətlərinin iddia ərizəsinə əlavə edilməsi və mediasiya sessiyasında iştirakla bağlı tələbinə əməl etməmişdir. Bu səbəbdən də ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır.

10. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 152.1.1, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbi barədə iddia ərizəsi geri qaytarılsın.

2. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar