Məhkəmə qərarları › İş №2(001)-6198/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6198/2023

08.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6198/2023 08.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay hər uşaq üçün 300 manat, cəmi 900 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2005-ci il tarixdə cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikahları İmişli rayon VVADQ şöbəsində xx.xx.2005-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 72 nömrə ilə qeyd edilmişdir. Birgə nikah dövründə xx.xx.2006-cı il tarixdə Fəridə, xx.xx.2009-cu il tarixdə Eldar və xx.xx.2017-ci il tarixdə Ömər adlı üç övladları anadan olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş xx.xx.2023-cü il tarixdə barəsində Binəqədi Rayon Məhkəməsinin 4(001)-444/2023 nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir və hazırda Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılır. Cavabdeh əvvəllər DİN-də işləmiş və 2021-ci ildə təqaüdə çıxmışdır. Hazırda təqaüdünün verdildiyi bank kartı ailəsinin deyil kənar şəxslərin istifadəsində olduğundan, o, cavabdehin təqaüdündən istifadə edə bilmir. Uşaqların saxlanılmasl xrəcləri onun üzərinə düşmüşdür. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək ona çətinlik yaradır. Ona görə də hesab edir ki, cavabdehdən hər ay uşaqları xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X5 18 yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 300 manat aliment tutulmalı və ona verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Resöublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan cavabdeh məhkəmə ərizə ünvanlayaraq bildirmişdir ki, iddianı qəbul edir və məhkəmə iclaslarının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı 139798 nömrəli “nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X1 arasında olan nikah İmişli rayon VVADQ şöbəsində xx.xx.2005-ci il tarixdə bağlanmış və 72 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Quliyeva” soyadı verilmişdir. AZ-İ seriyalı 726040 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. AZ-İİ seriyalı 379185 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. AZ-İİİ seriyalı 977312 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası İddiaçıdır. Bakı 16 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı aliment tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 anadan olmuşdur. Tərəflərin nikahı pozulmamış, lakin uşaqlar hazırda ananın yanındadırlar. Hazırda iddiaçı cavabdehdən uşaqların saxlanmaları üçün hər ay hər uşaq üçün 300 manat məbləğində aliment tutulmasını xahiş edir. Beləliklə, məhkəmə uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu və cavabdehin aliment ödəməyə razı olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 900 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi 900 (doqquz yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar