Məhkəmə qərarları › İş №2(001)-6364/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6364/2022

29.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6364/2022 29.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk vaxtlar cavabdehlə mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Belə ki Cavabdeh aylıq əmək haqqı və əlavə gəlirləri yüksək olmasına baxmayaraq, ailənin saxlanılmasında əlindən gələni etməyi əsirgəyir. Belə ki, ev üçün heç bir maddi yardım göstərmir, nə nə ailəsinə, nə də övladına diqqət yetirmir. İddiaçı hal-hazırda övladı ilə birlikdə valideynlərinin yanında qalır. Heç bir yerdə işləmir və hər hansı gəlir yeri yoxdur. xx.xx.2022-ci il tarixdə Cavabdeh iddiaya etirazı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, nikah bağladıqdan sonra tərəflər cavabdehin valideynlərinin ona nikah hədiyyəsi kimi verdiyi üç otaqlı mənzil təmirsiz olduğuna görə iddiaçı ilə onun anasının yaşadığı əraziyə yaxın bir mənzildə kirayədə yaşamışlar. Kirayə haqqı və kommunal xərclər cavabdehin gəlirləri ilə ödənilirdi. Eyni zamanda ailənin dolanışıq xərcləri də cavabdehin əmək haqqı ilə ödənilirdi. Xərclik üçün evdə saxladıqları pul da gizli yerdə olmamışdır. Bu məsələyə qədər Seylan ilə aralarında ciddi bir problem olmamışdır. Ancaq Seylan evdə darıxdığını bildirməklə mütəmadi olaraq yaxınlıqda yaşayan anasıgilə gedirdi. Yeni ailə qurduqları üçün adaptasiya müddətində çətinlik çəkməsin deyə cavabdeh də buna etiraz etmirdi. Uşaq doğulduqdan sonra isə Seylan anasıgilə daha tez-tez getməyə başladı. Cavabdeh də uşağa görə çox zaman onu anasıgilə özü aparırdı. Lakin hər dəfə anasıgildən qayıtdıqda cavabdeh və valideyinləri haqqında başqa fikirlər ilə gəlirdi və bu da yavaş-yavaş ailə münasibətlərinə mənfi təsirini göstərirdi. Cavabdeh dəfələrlə Seylan ilə bu haqda söhbətlər etməyinə və anasıgilə hər gün getməyinin düzgün olmadığını bildirsə də o, uşağı bəhanə gətirərək qızı Selinə tək baxa bilmədiyini və anasının guya kömək etdiyi üçün hər gün ora getməli olduğunu bildirirdi. xx.xx.2022-ci il tarixdə cavabdeh iddiaçını səhər anasıgilə apardı və işə getdim. İşdə olan zaman telefon ilə danışqları zamanı xırda bir mübahisələri oldu və o, axşam işdən çıxanda Seylan ilə əlaqə saxladıqda zənglərinə cavab vermədi və SMS vasitəsi ilə bildirdi ki, evə qayıtmayacaq. Bu müddətə qədər aralarında ciddi bir problem olmadığına görə cavabdeh düşündü ki, bir-iki günə hər şey qaydasına düşər. Ancaq sonradan evdə ehtiyyat üçün saxladığı 1800 ABŞ dolları və 500 manat məbləğində pulu da tapa bilmədi. Seylandan soruşduqda cavabdehə dedi ki, günorta evə qayıdıb və evdən çıxanda həmin pulu xərcləmək üçün götürün. Bu düzgün iş olmasa da uşağın xərclərinə görə cavabdeh heç nə demədi. Sonradan Seylanın xalası bildirdi ki, guya cavabdeh özü həmin pulu Seylana vermişdir. Bu zaman ortaya belə bir sual çıxır ki, əgər cavabdeh o pulu Seylana veribsə, iddiaçının iddia ərizəsində qeyd etdiyi məsələ nədir, yox əgər verməmişsə bu zaman evdən o pulun götürülməsinin başqa bir adı var. İndi 4 dörd aydan çoxdur ki, ayrı yaşayırlar. Cavabdeh aliment ödəsəydi dörd ayda bu 1800 ABŞ dollarından çox olmayacaqdı. Cavabdeh kirayadə yaşadıqları mənzili təhvil vermiş və Seylan da öz əşyalarını götürüb evdən. Hal-hazırda cavabdeh Sulutəpə qəsəbəsində yaşayır. xx.xx.2022-ci il tarixindən sonra uşağı görmək üçün bir neçə dəfə Seylan ilə görüşmüşlər. Görüşəndə etdikləri söhbətlər zamanı da Seylan cavabdehin hal-hazırda yaşadığı Sulutəpə qəsəbəsinin onun anasıgilin evinə uzaq olmasını bəhanə gətirərək evə qayıtmaq istəmədiyini bildirmişdir. İndi də başqa yerdə yaşamağı azmış kimi, cavabdehdən aliment istəyir. Cavabdeh hesab edir ki, nikah pozulmadan aliment tələbi əsassızdır. Əgər məhkəmə qaydasında nikahları pozularsa bu halda uşağın saxlanılması üçün zəruri olan bütün xərcləri artıqlaması ilə çəkməyə hazırdır. Digər halda əgər ailə olaraq qalacaqlarsa bu halda məhkəmənin onların ailə daxili münasibətlərimə müdaxilə etməsinə etiraz edir. Hesab edir ki, ailə daxili məsələlərdə ər və arvad birlikdə söhbət edib problemləri həll etməlidir. Əgər onlar ailə daxili məsələləri məhkəmədə həll edirlərsə bu, ortada bir ailənin olmadığının göstəricisidir və məhkəmə aliment təyin edərsə, cavabdeh də bu halda boşanma ərizəsi ilə məhkəməyə müraciət edəcək. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazın məzmununa uyğun izahat verdi və iddiaçıya təklif etdi iddia ərizəsini geri götürərək ailənin bərpa edilməsinə şərait yaratsın. Eyni zamanda o, məhkəməyə bildirdi ki, nikahda ola-ola aliment ödəməyi düzgün hesab etmir və növbəti addımı nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olacaq. İddiaçı cavabdehin təklifini qəbul etmədi və iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnaməmin surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində baş mühasib vəzifəsində işləyir və əmək haqqı 1750 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi aliment tutulur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarındandan görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, məhkəmələrə verilən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə müvafiq olaraq, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 72,50 (yetmiş iki manat əlli qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət gəlirlərinə alınsın. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar