Məhkəmə qərarları › İş №2(001)-6389/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6389/2022

30.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6389/2022 30.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi (anası) X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə 30 noyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Musazadə X5 Ülvi Rasim oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından olan 06 iyun 2022-ci il təvəllüdlü X8 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 193 manat, habelə uşaq 3 yaşa çatanadək əlavə 100 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı cavabdehlə 2021-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Birgə nikahlarından 06 iyun 2022-ci il təvəllüdlü X8 adlı uşaqları vardır. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qətnaməsinə əsasən, tərəflər arasındakı nikah pozulmuşdur. Cavabdeh narkotik vasitələrdən istifadə etdiyi üçün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, buna görə də, iddiaçı aliment ala bilməyəcəyini düşünərək bu tələblə məhkəməyə müraciət etməmişdir. Lakin, hazırda cavabdeh azadlıqdadır və iddiaçının uşağın saxlanması üçün maddi yardıma ehtiyacı vardır. Belə ki, iddiaçı tələbədir, işləmir, ata-anasının evində yaşayır. Buna görə də, cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Sonda P.Ə.Musayeva məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş poçt vasitəsilə, həmçinin, mobil telefonuna sms bildiriş göndərilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməni xəbərdar etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasındakı nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qətnaməsi əsasında 04 aprel 2022-ci il tarixdə pozulmuş, nikah pozulduqdan sonra Fatimə Elçin qızına “Musazadə” soyadı verilmişdir. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 06 iyun 2022-ci il təvəllüdlü X8 adlı uşaqları vardır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını, habelə cavabdehin izahatını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edildiyidən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün alimentin məbləği 193 manat sabit pul məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddiaçı 04 oktyabr 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə məhkəmə hesab edir ki, alimentin tutulması həmin tarixdən başlanmalıdır. İddianın digər, uşaq 3 yaşa çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay 100 manat pulun tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsində ümumi uşağın doğulduğu gündən 3 il ərzində arvadın buna zəruri vəsaiti olan ərdən aliment almaq hüququ müəyyən edilmişdir. İddiaçı öz tələbində uşaq 3 yaşa çatanadək cavabdehdən 100 manat aliment tələb edir və məhkəmə iddia tələbinin bu hissəsinə Ailə Məcəlləsinin 84 və 85-ci maddələrinin tələbləri baxımından da yanaşaraq qeyd edir ki, həmin maddələrdə “buna zəruri vəsaiti olan” ifadəsi göstərilmişdir. İddiaçı isə hazırki halda cavabdehin vəsaiti barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməməli, cavabdehdən hər ay əlavə 50 manat aliment iddiaçının xeyrinə tutulmaıldır. İddia qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 2916 manat təşkil etdiyinə və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 49 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 06 iyun 2022-ci il təvəllüdlü X6 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 193 manat, habelə uşaq 3 yaşa çatanadək hər ay əlavə 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulmasının başlanğıcı 04 oktyabr 2022-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. 49 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar