Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6425/2023 24.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:
1. İddiaçı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə faktiki nikahından doğulmuş azyaşlı uşaqları xx.xx.2009-cu il tarixdə doğulmuş qızı X8, xx.xx.2012-ci il tarixdə doğulmuş qızı X9 və xx.xx.2015-ci il tarixdə doğulmuş oğlu X1 üçün hər ay hər bir uşağa Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu həddində 220 manat vəsaitin xx.xx.2023-cü il tarixdən (ilkin mediasiya prosesinə başlandığı vaxtdan) etibarən, üç uşağa aylıq 660 manat miqdarında və uşaqların müalicəsi,bilik səviyyəsinin yüksəldilməsi məqsədilə hər bir uşağa, hər ay 50 manat, üç uşağa 150 manat miqdarında, cəmisi üç uşağa aylıq 810 manat miqdarında alimentin ataları Cavabdeh tutularaq, anaları İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2006-cı ildə faktiki nikahları baş tutmuş, et adəti ilə toyları xx.xx.2006-cı ildə Şəmkir rayonu, Murovdağ restoranında baş tutmuşdur. Cavabdehlə birgə faktiki nikahlarından doğulmuş qızları xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X6 xeyli müddətdir ki, onun yanındadırlar. Bildirir ki, Cavabdeh ilə el adəti ilə toy etdikdən sonra Rusiya Federasiyasında yaşamışlar. Cavabdehin ona və uşaqlara mehriban münasibəti ona qarşı rəsmi nikah bağlanması üçün müraciət etməsinə mane olmuşdur. Cavabdeh birgə faktiki nikahdan doğulan uşaqlarına atalıq vermişdir. Cavabdehlə 2016-cı il tarixədək çox mehriban ailə qurmuşlar. 2016-cı ildən sonra cavabdeh spirtli içkiyə qurşandıqdan sonra ailəsini unutmuş və normal olmayan həyat yaşamağa başlamışdır. Cavabdeh birgə faktiki nikah dövründə ailəyə maddi və mənəvi çox yaxşı diqqət göstərmişdir. İçkiyə qurşandıqdan sonra isə ailə üzvlərinə ancaq dolanışıq üçün aylıq pul vəsaiti verməyə başlamışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, tərəflər arasında rəsmi yox, faktiki nikah münasibətləri olmuşdur. Evlənəndən sonra Rusiyaya köçərək, orada yaşamışlar. Həmin dövrdə cavabdeh ailəsinə və uşaqlarına çox yaxşı baxmışdır. 2016-cı ildən sonra içkiyə aludə olduqdan sonra ailəsini unutmuşdur. İddiaçı da, bu vəziyyəti gördükdən sonra uşaqları ilə birlikdə vətənə qayıdıb. Hazırda Bakıda kirayə qalırlar və iddiaçı gündəlik 15-20 manata evlərdə təsərrüfat-təmizlik işləri ilə məşğul olur. Cavabdeh 3-4 aydan bir onlara 700-800 manat pul göndərir. Uşaqlardan məktəbdə təhsil alanları da, var ki, iddiaçı onların təhsili üçün aylıq 50 manat ödənilməsini istəyir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilən 03 iyun 2015-ci il tarixli, AZ- İİİ seriyalı, 558897 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 15 yanvar 2015-ci il tarixdə Türkiyə Respublikasının, Turqutlu şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 03 iyun 2015-ci il tarixində 1142 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır.
6. Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilən 15 fevral 2014-cü il tarixli, AZ-İİİ seriyalı, 251551 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 28 may 2012-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 15 fevral 2014-cü il tarixində 287 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır.
7. Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilən 15 fevral 2014-cü il tarixli, AZ-İİİ seriyalı, 251550 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 06 avqust 2009-cü il tarixdə Şəmkir şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 15 fevral 2014-cü il tarixində 286 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
8. İddiaçı ilə Cavabdeh el adəti ilə xx.xx.2006-cı ildə toyları olmuş, tərəflərin faktiki nikah münasibətlərindən xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X6 doğulmuşlar. Onların rəsmi nikahları olmamışdır. Lakin cavabdeh tərəfindən uşaqlara atalıq verilmişdir.
9. İddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, hər ay hər uşaq üçün 220 manat alimentin, onların müalicə və təhsil xərcləri üçün isə hər ay hər uşağa 50 manat pulun cavabdehdən tutulmasını xahiş edir.
10. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya münasibət bildirməmişdir Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
12. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
13. 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
14. 76.1.1-ci maddəsində qeyd edilmişdir ki, Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.
15. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
16. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
17. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
18. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
19. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
20. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynin borcu olduğundan, cavabdeh valideyn olaraq faktiki olaraq uşağın saxlanılmasında iştirak etmədiyindən, birgə münasibətlərindən doğulmuş uşaqlar hal-hazırda iddiaçının, yəni ananın himayəsində olduqlarından, iddiaçı cavabdehdən aliment tələb etməkdə haqlıdır.
21. Odur ki, məhkəmə yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 mənafeyini, uşaqların əvvəlki təminatının səviyyəsini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumumu haqqında tələbləri nəzərə alaraq hesab edir ki, xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin məbləği hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən edilməlidir.
22. Ailə Məcəlləsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.
23. Bu səbəbdən də məhkəmə hesab edir ki, aliment məbləği iddiaçının xahiş etdiyi kimi ilkin mediasiya prosesinə başlandığı vaxtdan yox, iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır.
24. İddia tələbinin uşaqların müalicə və təhsil xərclərinə münasibətdə hər ay hər uşağa 50 manat tutulması hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir:
25. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
26. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
27. 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
28. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
29. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 yanvar 2015-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları birbirindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıbgətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir.
30. Bundan əlavə həmin Plenum qərarında qeyd edilmişdir ki, valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.
31. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı uşaqların xəstəliyi ilə bağlı cavabdehin əlavə xərclərə cəlb edilməsini tələb etsə də, bununla bağlı hər hansı sübut təqdim edilmədiyi kimi, hər hansı əsaslandırma da aparmamışdır. Halbuki uşağın xəstəliyinə görə müalicə xərcləri dedikdə onlara birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) nəticəsində çəkilən və ya çəkilməli olan xərclər başa düşülür.
32. Bundan əlavə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən mövqeyindən də aydın olduğu kimi icbari təhsilin pulsuz olduğu dövlətdə valideynlərin təhsillə bağlı əlavə xərclərə məcburi cəlb edilməsi tələbi əsassızdır. Tətbiq edilən prosessual normalar:
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
35. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
36. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;
37. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;
38. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
39. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Nəticə:
40. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
41. Bundan əlavə iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində cavabdehdən 99.2( (660X12-1000)x 0.01+30) manat tutularaq dövlət büdcəsinə ödənilməlidir.
42. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
43. Həmin qanunun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsum ödənilməlidir.
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsiin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində Cavabdeh 99.2(doxsan doqquz manat, iyirmi qəpik) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev