Məhkəmə qərarları › İş №2(001)-647/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-647/2023

03.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-647/2023 03.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın açıq hərracda satılaraq bölünməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın açıq hərracda satılaraq bölünməsi” tələbinə dair iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin həcminin azaldılması barədə ərizələr ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(001)-351/2021 saylı qətnaməsi ilə aralarında bərabər paylara bölünmüş “Toyota Land-Cruiser” minik markalı **-KD-*** dövlət nömrə nişanlı (ban: JTEHJ09J6********), “Nissan X-Trail” minik markalı **-ZF-*** dövlət nömrə nişanlı (ban:NT********) avtomobillərin açıq hərracda satılması və əldə olunmuş pulun məhkəmə qətnaməsinə müvafiq olmaqla bərabər paylara bölünərək ikidə bir hissəsinin ona, ikidə bir hissəsinin Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Astara rayon Kakalos kənd icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 41 nömrə ilə qeydə alınmaqla rəsmi nikah bağlanmışdır. Ailə qurduqdan sonra ilk vaxtlar mehriban yaşayaraq, birgə təsərrüfat idarə etmişlər. Birgə nikahda olduqları dövrdə bölünmüş “Toyota Land-Cruiser” minik markalı **-KD-*** dövlət nömrə nişanlı (ban: JTEHJ09J6********), “Nissan X-Trail” minik markalı **-ZF-*** dövlət nömrə nişanlı(ban:NT********) avtomobilləri almışlar. Bir müddət sonra aralarında olan münasibətlər pozulmuş və nəticədə birgə yaşamaqları mümkünsüz hal almışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(001)-351/2021 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında olan nikah pozulmuş və birgə nikah dövründə aldıqları “Toyota Land-Cruiser” minik markalı **-KD-*** dövlət nömrə nişanlı (ban: JTEHJ09J6********), “Nissan X-Trail” minik markalı **-ZF-*** dövlət nömrə nişanlı(ban:NT********) avtomobilləri və ünvan 1 ünvanında yerləşən sahəsi 48.8 kv.m olan mənzil bərabər paylara bölünməklə hər birinə ikidə bir hissə müəyyən edilmişdir. O, “Toyota Land-Cruiser” minik markalı **-KD-*** dövlət nömrə nişanlı (ban: JTEHJ09J6********), “Nissan X-Trail” minik markalı **-ZF-*** dövlət nömrə nişanlı(ban:NT********) avtomobillərin açıq hərracda satılaraq əldə olunan pulun məhkəmə qətnaməsi ilə müəyyən olunmuş qaydada, yəni aralarında bərabər paylara bölünməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddia tələbi ilə bağlı Cavabdeh məcburi mediasiya prosesinin tətbiqi barədə təklif məktubu göndərilmişdir. Lakin o, təklif məktubunu alsa da, təklifə heç bir cavab verməmişdir. Bundan sonra cavabdeh Rzayev X1 Şurasının mediatoru tərəfindən ilkin mediasiya sessiyasında iştirak etmək üçün əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, o, xx.xx.2022-ci il tarixində saat 13:00 da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onunla Cavabdeh birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(001)-351/2021 saylı qətnaməsi ilə aralarında bərabər paylara bölünmüş “Toyota Land-Cruiser” minik markalı **-KD-*** dövlət nömrə nişanlı və “Nissan X-Trail” minik markalı **-ZF-*** dövlət nömrə nişanlı avtomobillərin açıq hərracda satılması və əldə olunmuş pulun məhkəmə qətnaməsinə müvafiq olmaqla bərabər paylara bölünərək ikidə bir hissəsinin ona, ikidə bir hissəsinin Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, “Toyota Land-Cruiser” minik markalı **- KD-*** dövlət nömrə nişanlı və “Nissan X-Trail” minik markalı **-ZF-*** dövlət nömrə nişanlı avtomobilləri iddiaçı ilə birgə nikah dövründə aldıqları üçün məhkəmə qətnaməsi ilə həmin avtomobillər iddiaçı ilə onun arasında bərabər paylara bölünmüşdür. O, həmin avtomobillərin hərrac yolu ilə satılaraq paylara uyğun bölünməsinə etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(001)-351/2021 saylı qətnaməsindən görünür ki, X5 ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Astara rayon Kakalos Kənd İcra Nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 41 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X3 anaları X2 yanında saxlanılmasının müəyyən edilməsi, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı X4 ödənilməsi, aliment məbləğinin qətnamə qəbul edildiyi tarixdən hesablanması, ünvan 1 ünvanında yerləşən, sahəsi 48.8 kv.m olan mənzilin (Reyestr nömrəsi:**********71-05301-093476) və “Toyota Land-Cruiser” minik markalı, 99- KD601 dövlət nömrə nişanlı(ban:JTEHJ09J6********) və “Nissan X-Trail” minik markalı, **- ZF-*** dövlət nömrə nişanlı (ban:NT********) avtomobillərin ½ (ikidə bir) hissəsində X2, ½ (ikidə bir) hissəsində Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan 10 oktyabr 2022-ci il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, 13:00 saatlarında keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Hazırki işdə iddiaçının başlıca tələbi mübahisə mövzusu nəqliyyat vasitələrinin açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin paylarına münasib surətdə bölüşdürülməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1 və 213.2-ci maddələrinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 215.1-ci, 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Mülki Məcəllənin 220-ci maddəsinə görə isə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Beləliklə işin hallarından göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(001)-351/2021 saylı qətnaməsi tərəflərin birgə nikah dövründə əldə etdikləri “Toyota Land-Cruiser” minik markalı, 99-KD601 dövlət nömrə nişanlı (ban:JTEHJ09J6********) və “Nissan X-Trail” minik markalı, **-ZF-*** dövlət nömrə nişanlı (ban:NT********) avtomobillərin ½ (ikidə bir) hissəsində X2, ½ (ikidə bir) hissəsində Cavabdeh payları müəyyən edilmişdir. Mübahisəli nəqliyyat vasitələrinin iddiaçıya məxsus olan payının tənasübsüz zərər vurmadan naturada ayrılması mümkün deyildir və tərəflər arasında kompensasiyanın ödənilməsi və onun məbləği ilə bağlı da razılıq əldə edilməmişdir. Şərh edilənlərə əsasən iddiaçının mübahisəsi gedən nəqliyyat vasitələrinin hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin 1/2 hissəsinin ona verilməsini istəməkdə haqlı olduğu qənaətinə gələn məhkəmə, mübahisəli nəqliyyat vasitələrinin keçiriləcək hərracdakı ilkin satış qiyməti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "xxxx" MMC-nin 16 fevral 2023-cü il tarixli 0085 №-li Nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə Hesabatından görünür ki, “Toyota Land-Cruiser ” minik markalı **-KD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 26.000 manat, “Nissan X-Trail” minik markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 10.000 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə "xxxx" MMC-nin 16 fevral 2023-cü il tarixli 0085 №-li hesabatını əsas götürməklə hesab edir ki, “Toyota Land-Cruiser ” minik markalı **-KD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 26.000(iyirmi altı min) manat, “Nissan X-Trail” minik markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 10.000(on min) manat olaraq müəyyən olunmalıdır. Şərh edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilməli, “Toyota Land-Cruiser ” minik markalı **-KD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 26.000(iyirmi altı min) manat və “Nissan X-Trail” minik markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 10.000(on min) manat müəyyən edilməklə, açıq hərracdan satılmalı və satışdan əldə edilən pul vəsaiti paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu” haqqında Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manatdır. Həmin Qanunun 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş materiallarından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 50 manat dövlət rüsumu ödəmişdir. Buna əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən qiymətləndirilmə xidmətinin göstərilməsinin dəyəri 700 manat təşkil edir. Məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən keçirilmiş ekspertizanın dəyərinin olan 700 (yeddi yüz) manat cavabdehdən tutularaq adı çəkilən MMC-nin hesabına köçürülməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. “Toyota Land-Cruiser ” minik markalı **-KD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satış qiyməti 26.000 (iyirmi altı min) manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə edilmiş pul vəsaiti paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə - İddiaçı 1/2 hissə, Cavabdeh 1/2 hissə olmaqla bölünsün. “Nissan X-Trail” minik markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 10.000 (on min) manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə edilmiş pul vəsaiti paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə - İddiaçı 1/2 hissə, Cavabdeh 1/2 hissə olmaqla bölünsün. Cavabdeh iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. "xxxx" MMC tərəfindən keçirilmiş ekspertizanın dəyəri olan 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq adı çəkilən MMC-nin hesabına (hesab: VÖEN **********, hesab nömrəsi AZ12PAHA40060AZNHC**********,müxbir bank "xxxx" ASC, “S.W.İ.F.T. PAHAAZ22 kod:505141, Bankın VÖEN-i **********) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar