Məhkəmə qərarları › İş №2(001)-6488/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6488/2024

05.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6488/2024 05.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-ci il təvəllüdlü X1, xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2023cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin tutulması, həmçinin xx.xx.2023-cü il təvəllüdlü X4 üç yaşına çatanadək İddiaçı ehtiyaclarının təmin edilməsi üçün hər ay 100 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar və birgə nikahdan Məryəm, Xədicə və Musa adlı övladları doğulmuşdur. Cavabdeh uşaqları ilə maraqlanmır, onların saxlanması üçün heç bir maddi və mənəvi köməklik göstərmir. Uşaqların ehtiyac və tələbatları iddiaçının atası tərəfindən ödənilir. Cavabdehdən uşaqların saxlanması üçün alimentin tutulması vacib hesab olunur. Bu səbəbdən mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, minimum əmək haqqı aldığını bildirərək iddiaçının tələb etdiyi aliment məbləğini ödəyə bilməyəcəyini bildirdi. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər uşağa görə 100 manat məbləğində aliment ödəyə biləcəyini bildirdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir.

b) Mülki işin materialları:

6. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahları 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1351 nömrə ilə qeyd edilmişdir.

7. Doğum haqqında şəhadətnamələrin surətinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X1, xx.xx.2021-cu il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 ataları Cavabdeh, anaları İddiaçıdır.

c) Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

9. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 10.75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

11. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

12. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

13. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.

14. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir.

15. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

16. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.

17. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

18. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

ç) Məhkəmənin mövqeyi:

24. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir.

25. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları alimentin təyin edilməsi ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir.

26. Məhkəmə iddiaçının iddia tələbini nəzərə alaraq alimentin təyin edilməsini sabit pul məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir.

27. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

28. Elektron İnformasiya Məhkəmə Sistemindən görünür ki, cavabdeh 350 manat əmək haqqı alır.

29. Müəyyən edilmişdir ki, iddiaçı uşaqların əvvəlki təminatı ilə bağlı sübutlar təqdim etməmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu (“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir) özlüyündə müəyyən meyar kimi çıxış etsə də minimum təminat səviyyəsini nəzərdə tutur.

30. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, uşağın mənafeyini, eləcə də yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab edir ki, uşaqların saxlanması üçün hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 480 manat sabit pul məbləğində aliment müəyyən edilməklə tutulması ədalətli olar.

31. İddiaçıya izah edilir ki, cavabdehin daha artıq aliment ödəmək qabiliyyətinə malik olmasına dair sübutlar təqdim edərsə, gələcəkdə alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət edə bilər.

32. İddia tələbinin uşaq 3 yaşına çatanadək ana üçün ödənilməli olan aliment məbləğinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

33. 85.2 və 85.1.1-ci maddələrinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir;

34. 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ərarvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

35. Məhkəmə əvvəla qeyd edir ki, uşaq 3 yaşına çatanadək arvada ödənilməli olan aliment öhdəliyinin bir sıra xüsusiyyətləri vardır. Birincisi ər zəruri vəsaitə malik olmalıdır, ikincisi ərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır, üçüncüsü tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmalıdır.

36. Odur ki, Ailə Məcəlləsi aralarında nikah pozulmuş keçmiş arvada ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququ versə də, bu hüququn reallaşmasını hüquqi nəticə etibarı ilə keçmiş ərin maddi imkanından, ödəniş qabiliyyətindən, başqa sözlə gəlirlərindən asılı etmişdir. Belə ki, yuxarıda qeyd olunan maddədənin məzmunundan da göründüyü kimi, bu aliment istisnasız və qeyri şərtsiz olaraq yalnız buna zəruri vəsaitə malik olan keçmiş ərdən tələb edilə bilər. Bu baxımdan iddiaçı cavabdehin bu alimenti ödəmək üçün zəruri vəsaitə malik olmasını sübut etməli idi. Lakin bununla bağlı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa tərəflərin nikahı pozulmamışdır.

37. Həmçinin qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, alimentin təyin edilməsi məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən tutulmalıdır.

38. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2019-ci il təvəllüdlü X1, xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər uşaq üçün hər ay 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

39. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3,119.2 və "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrinə əsasən 27,60 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2024-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2019-ci il təvəllüdlü X1, xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 27,60 (iyirmi yeddi manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar