Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6494/2022 08.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahından olmuş 26 fevral 2019-cu il təvəllüdlü X4 və 14 yanvar 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat, habelə 14 yanvar 2020-ci il təvəllüdlü X5 3 yaşına çatanadək onun özünün saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və tərəfindən təqdim edilmiş sübutlara əsaslanaraq, iddianın təmin edilməsini xahiş etmişdir. 25 noyabr 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək və bu barədə məhkəməyə yazılı ərizə təqdim edərək, bildirmişdir ki, uşaqların saxlanılması üçün 2022-ci il üzrə müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq, iddiaçı ilə birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Lakin birgə nikahdan doğulmuş 14 yanvar 2020-ci il təvəllüdlü X5 3 yaşına çatanadək iddiaçının saxlanılması üçün hər hansı məbləğdə aliment ödəmək üçün maddi imkanı yoxdur. Göstərilənlərin və iddiaya qarşı münasibətinin nəzərə alınmasını və iddianın qismən təmin edilməsini xahiş etmişdir. Lakin növbəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, cavabdehin lazımi qaydada məlumatlandırılmasını nəzərə alıb, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyib, cavabdehin iddianı qismən etiraf etməsini qəbul edib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı X1 ilə Cavabdeh arasında 03 may 2018-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Tağıyev, arvada Tağıyeva soyadı verilmişdir. Tərəflərin birgə nikahından 26 fevral 2019-cu il tarixdə X6 və 14 yanvar 2020-ci il tarixdə X7 doğulmuşdur. Tərəflər hazırda ayrı yaşayır. Uşaqlar iddiaçının yanında qalır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün cavabdehin maddi cəhətdən köməklik etmədiyini bildirir və cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat, 14 yanvar 2020-ci il tarixdə X7 3 yaşına çatanadək isə özünün saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh ona qarşı irəli sürülmüş iddianı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması hissəsində etiraf edir, digər hissədə qəbul etmir. Həmçinin, iddiaçının ərizəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(001)- 102/2022 saylı qərardadı ilə xx.xx.2022-ci il tarixdən başlayaraq, iş üzrə qətnamə çıxarılanadək tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutulmuşdur. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı “uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan sabit pul məbləğində alimentin tutulması” hissəsində etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı, iddianın bu hissədə etirafı qəbul olunduğundan iddia bu hissədə təmin edilməli, 26 fevral 2019-cu il təvəllüdlü X4 və 14 yanvar 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir; 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə iddia tələbinin “uşaq üç yaşına çatanadək ananın saxlanılması üçün 100 manat sabit pul məbləğində alimentin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, Ailə Məcəlləsinin 84-cü maddəsinin tələblərinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvada ərdən alimentin ödənilməsini tələb etmək hüququna malikdir. Lakin qanunverici arvada ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində ərdən aliment ödəməyi tələb etmək hüququ versə də, bu hüququn reallaşmasını hüquqi nəticə etibarı ilə ərin maddi imkanından, ödəniş qabiliyyətindən, başqa sözlə gəlirlərindən asılı etmişdir. Belə ki, maddədən də göründüyü kimi, bu aliment istisnasız və qeyri-şərtsiz olaraq yalnız buna zəruri vəsaitə malik olan ərdən tələb edilə bilər. Bununla belə, İddiaçı Cavabdeh bu alimenti ödəmək üçün zəruri vəsaitə malik olmasını sübut etməli idi. Lakin iddiaçı tərəfindən cavabdehin bu alimenti ödəmək üçün zəruri vəsaitə malik olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh isə bu alimentin ödənilməsi üçün zəruri vəsaitə malik olmadığını bildirir. Bununla belə, məhkəmə göstərilənləri, habelə tərəflərin digər diqqətəlayiq olan maraqlarını nəzərə alıb, belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 26 fevral 2019cu il təvəllüdlü X4 və 14 yanvar 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 193 manat, cəmi sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməli, aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 10 oktyabr 2022-ci il tarixdən hesablanmalı, bu zaman Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 16(001)-102/2022 saylı qərardadına əsasən cavabdehdən müvəqqəti olaraq tutulmuş aliment miqdarı nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment məbləğinin bir il ərzində məcmusu (iddia qiyməti) (386 x 12 = 4.632) 4.632 manat olduğundan, ödənilməli olan dövlət rüsumu 66,32 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 26 fevral 2019-cu il təvəllüdlü X4 və 14 yanvar 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Aliment məbləği 10 oktyabr 2022-ci il tarixdən hesablansın və bu zaman Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 16(001)-102/2022 saylı qərardadına əsasən Cavabdeh müvəqqəti olaraq tutulmuş aliment miqdarı nəzərə alınsın. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. İddiaçı ödəməkdən azad edildiyi 66,32 (altmış altı manat, otuz iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-6494/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6494/2022
08.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver