Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6503/2025 25.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsində iddiaçı xx.xx.2022-ci il təvəllüdlü övladları X1 üçün aylıq 350 manat məbləğində alimentin Cavabdeh tutulması və tutulan məbləğin iddiaçının bank kartına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - Maddə 36.3. Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. - Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. - Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. - Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
5. Məhkəmə qeyd edir ki, qanunla başqa hallar nəzərdə tutulmadığı hallarda iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki prosessual qanunvericilik iddiaçının seçməsinə görə aidiyyət məsələsini də tənzimləməklə qeyd edir ki, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Hazırda iddiaçı alimentin tutulması barədə iddia qaldırmış və özünün yaşayış ünvanı kimi Binəqədi rayonu, Motodrom yeni yaşayış massivini, cavabdehin yaşayış ünvanı kimi isə Binəqədi rayonu, Xudadat Məlikaslanov, döngə 6 ünvanını qeyd etmişdir. Lakin, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, həm iddiaçı, həm də cavabdeh Zəngilan rayonunda qeydiyyatdadırlar. Buna baxmayaraq iddiaçı özünün və ya cavabdehin Bakıda yaşadığını təsdiq edən hər hansı bir sübutu iddia ərizəsinə əlavə etməmişdir.
6. Bu qərardadın 4-cü bəndində istinad edilmiş qanunvericilik normalarının tələblərindən müəyyən edildiyi kimi iddia ərizəsi məhkəməyə verilərkən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilməlidir. Belə ki, iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verildiyi halda elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilir ki, həm iddiaçı, həm də tələbin yönəldiyi cavabdeh Binəqədi rayonunda qeydiyyatda deyildir. Beləliklə də iddiaçı iddia ilə məhkəməyə müraciət edərkən ərazi aidiyyətinə dair tələbləri pozmuşdur. Məhkəmə eləcə də vurğulayır ki, mülki prosessual qanunvericiliyə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki situasiya iddiaçının seçməsinə görə aidiyyətlə bağlı qanunvericilik normasının tələblərinə də cavab vermir. Bu da onu deməyə əsas verir ki, iddiaçı tərəfindən qanunvericiliyin bu tələbinə də əməl edilməmişdir. Bütün bunları isə mülki prosessual qanunvericilik iddia ərizəsinin geri qaytarılma əsası kimi müəyyən etmişdir.
7. Göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilmiş şərtinə - ərazi aidiyyətinə əməl edilməsi tələbinə əməl etməmişdir. Bu səbəbdən də ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır.
8. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbi barədə iddia ərizəsi geri qaytarılsın.
2. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Anar Rzayev