Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-654/2023 10.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment təyin edilməsinə və sair tələbə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı aliment təyin edilməsinə və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X11 anadan olmuşdur. Onlar faktiki olaraq ayrılmışlar. Cavabdeh uşaqlarının saxlanılması ilə bağlı ona heç bir maddi yardım göstərmir, uşaqları ilə qətiyyən maraqlanmır. Uşaqlarının saxlanması, sağlamlıqlarının qayğısına qalmaq üçün xeyli vəsait tələb olunur. Onun isə təkbaşına övladlarının bütün maddi tələbatlarını ödəmək imkanı yoxdur. Dəfələrlə aliment ödəməsini bildirsə də cavabdeh buna əhəmiyyət verməmişdir. Cavabdeh 1 il əvvəl yol-nəqliyyat hadisəsində xəsarət almış, buna görə o, cavabdehə 1 il möhlət vermiş, cavabdehin müalicəsi ilə bağlı bütün xərcləri sığorta şirkəti və hadisəni törətmiş şəxs ödəmişdir. Hazırda onun cavabdehin övladlarının saxlanması üçün aliment ödəməsinə ehtiyacı vardır. O, müvəqqəti olaraq analıq məzuniyyətində olan əməkdaşının əvəzinə xidmət müqaviləsi üzrə freelancer tərcüməçi kimi xidmət göstərir və onun müqabilində 345,6 manat xidmət haqqı alır. Bakı şəhəri M.Cəlal küçəsi məhəllə 3169-da yerləşən 147 saylı evin 8 saylı mənzili 1996-cı ildən etibarən onun atası X2 mülkiyyətindədir, onun bu mənzili kirayə vermək hüququ yoxdur, bu mənzilin birgə nikah dövründə əldə edilməsi mümkün deyildir. Onun aldığı xidmət haqqından əlavə gəliri yoxdur. Səfirliyin analıq məzuniyyətində olan əməkdaşı bu yaxınlarda öz vəzifəsinə qayıdacağından onunla bağlanan müqaviləyə xitam veriləcəkdir. Ona görə də Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa görə 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin və xx.xx.2022-ci il təvəllüdlü X5 3 yaşına çatanadək saxlanılması üçün sabit məbləğdə hər ay 100 manatın onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil İddiaçı izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, İddiaçı cavabdehin qeyd etdiyi kimi 1200 manat əmək haqqı almır və bununla bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı müvəqqəti olaraq analıq məzuniyyətində olan əməkdaşın əvəzinə xidmət müqaviləsi üzrə freelancer tərcüməçi kimi xidmət göstərir və onun müqabilində 345,6 manat xidmət haqqı alır. Digər tərəfdən İddiaçı cavabdeh tərəfindən qeyd edilən əmək haqqını almış olsaydı belə bu hal cavabdehi övladlarını saxlamaq vəzifəsindən azad etmir. Əslində cavabdeh özünün faktiki gəlirlərini gizlədir.Cavabdehin iddia etdiyi kimi iddiaçının yaşadığı mənzil cavabdehin mülkiyyətində olmamış, tam əksinə xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən mənzil iddiaçının atası X3 mülkiyyətindədir. İddiaçı və cavabdeh 2019-cu ilin yanvarından xx.xx.2021-ci il tarixinədək həmin mənzildə birlikdə yaşamışlar. Cavabdehin qəza keçirməsi və hazırda hərəkətsiz olması ilə bağlı iddia etdikləri də tamamilə yalandır və absurddur. Cavabdeh 1 il əvvəl yolnəqliyyat hadisəsində xəsarət almışdır. Həmin vaxtda iddiaçı ona qulluq etmiş və qəzaya uğraması nəticəsində aldığı xəsarətlərə görə ona dəymiş maddi ziyanın ödənilməsi üçün əlindən gələni etmişdir. Həmçinin cavabdehin bütün xəstəxana xərcləri onu avtomobillə vuran şəxs və sığorta şirkəti tərəfindən ödənilmişdir. Cavabdehin iddiaya etirazda hərəkətsiz olması ilə bağlı xüsusatlar da həqiqəti əks etdirmir. Cavabdeh necə hərəkətsizdir ki, X10 Mərkəzi MMC-də Sığorta və xəstəxana xidmətlərində xəstə məsləhətçisi-tibbi qeydiyyatçı vəzifəsində işləyir. Əgər cavabdehin əmək qabiliyyəti məhdud olsaydı, səhhəti buna imkan verməsəydi bununla bağlı məhkəməyə əlillik haqqında arayış təqdim edərdi. Cavabdeh və onun anası tərəflərin ailəsinə, birgə nikahlarından olan uşaqlara həmişə biganə olmuş, cavabdeh ailəsnin, övladlarının məsuliyyətini iddiaçı ilə bölüşmək istəməmişdir. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 zənglərini və mesajlarını cavabsız qoyur, iddiaçı Milananın atasını görməsi üçün Gəncəyə aparsa da, cavabdeh və onun anası uşağın üzünə qapını açmamış, həmin vaxt hamilə olan iddiaçını və 5 yaşı tamam olmamış Milananı qapıdan qovmuşlar. İddiaçı yaşanan bu hadisə nəticəsində stress keçirtdiyindən hələ ana bətnində olan X1 olaraq dünyaya gəlmişdir. Bütün bu faktlar cavabdehin etrazının əsassız və aliment vəzifəsini icra etməkdən boyun qaçırmağa yönəldiyinin bir daha sübutudur. Ona görə də iddia ərizəsinin tam həcmdə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X9 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, onun oğlu Cavabdeh qarlı hava şəraiti ilə bağlı məhkəmə iclasına gəlməmişdir. Tərəflər 2015-ci ildə nikaha daxil olmuş, hazırda da nikahdadırlar. Tərəflərin münasibətləri 2021-ci ilin dekabr ayının sonuna kimi normal olmuş, heç bir problemləri olmamışdır. Cavabdeh Bakı şəhəri Mərkəzi Kilinikasında həkim-espert vəzifəsində çalışmışdır. Cavabdehi 2021-ci ilin dekabr ayının l-də işə gedən zaman yolda avtomobil vurmuş, nəticə də cavabdeh ağır xəsarətlər almış, hazırda da vəziyyəti çox pisdir. Hadisədən sonra cavabdeh öz adına alıdığı mənzildə cəmi 18 gün yataqda qalmış, həmin vaxt o, oğlunun qayğısına qalmış, 18 gündən sonra iddiaçı cavabdehi öz evindən qovmuşdur. O, qonşuların köməkliyi ilə oğlunu öz evinə aparmışdır. Cavabdeh həkimlərin məsləhəti ilə işləməyə başlamış, müalicəsi isə davam edir. Uşaqlara baxmaq, qayğı göstərmək, valideyinlərin borcudur, cavabdeh bu vəziyyətə düşənədək nəinki uşaqlarının tələbatını, həmçinin hamı kimi ailəsinin də bütün tələbatını qarşılamış, onlara layiqincə baxmışdır. Bu vəziyyətə düşdükdən sonra, iddiaçı cavabdehə baxmaqdan, ona qulluq etməkdən boyun qaçırmış, onu öz evindən qovmuş və bu azmış kimi ondan uşaqların saxlanılması üçün aliment tələb edir. Uşağın 3 yaşınadək tələb edilən aliment uşaq üçün yox ananın ona qulluq etdiyinə görə ana üçün tələb edilə bilər. İddiaçı özü Moldova Səfirliyində tərcüməçi işləyir və təxminən 1200 manat əmək haqqı alır. Aliment təyin edilərkən məhkəmə tərəflərin gəlirlərini və onların sağlıq imkanlarını nəzərə alaraq aliment təyin etməlidir. Bundan əlavə iddiaçı cavabdehin aldığı evi 400 manata kirayəyə vermişdir. Cavabdeh aliment ödəməkdən, uşaqlarına baxmaqdan əsla boyun qaçırmır. Cavabdeh səhhəti ilə bağlı aliment ödəyə bilmir, ona görə də cavabdehə 6 ay, 1 il möhlət verilməlidir. Cavabdeh birgə nikah dövründə əldə edilmiş evdən qovulduğu halda, həmin evin bölünməsi üçün məhkəməyə müraciət etməmişdir ki, həmin evdə övladları yaşasın və ya həmin evi iddiaçı kirayəyə verərək aldığı pulu övladlarına xərcləsin. Cavabdeh xx.xx.2022ci il tarixdən X10 Mərkəzi MMC-nin Sığorta və xəstəxana xidmətlərində xəstə məsləhətçisi-tibbi qeydiyyatçı vəzifəsində çalışır və aylıq əmək haqqı müəyyən tutulmalar həyata keçirilmədən 325 manat təşkil edir. Bir tərəfdə sağlıq imkanları yerində olan 1200 manat əmək haqqı alan, cavabdehin aldığı evi 400 manat kirayəyə verən, ümumilikdə gəliri ən azı 1600 manat təşkil edən iddiaçı, digər tərəfdən sağlıq imkanı yerində olmayan, vaxtında həkim işləmiş, hazırda sağlıq imkanları həkim işləməyə imkan verməyən, həkim olduğu üçün kiminsə halına yazığı gələrək ona xəstə məsləhətçisi-tibbi qeydiyyatçı işi verilmiş şəxs və aldığı əmək haqqı nəinki dava-dərmanlarını, heç yaşamağını təmin etməyən cavabdeh var. Cavabdeh hazırda valideynlərinin köməkliyi ilə dolanır, onların köməkliyi ilə dava-dərmanlarını alır və müalicəsini davam etdirir. Cavabdehin adına bank krediti də vardır. Cavabdeh evi alarkən qohumlarından borc almış, bankdan kredit götürmüş, Ekspress Banka hər ay 120 manat ödəyir. Cavabdehin hemoqlobilini daim aşağı düşdüyündən kalsiumu, D vitamini daima kritik vəziyyətdə olur, bu səbəbdən cavabdeh ardıcıl sürətdə dərmanlar içməlidir. Cavabdeh əməliyyatını və qəza vaxtı zədələnən dişlərinin müalicəsini maddi vəziyyəti ilə əlaqədar ertəliyir. Cavabdehin mənzil almasına, iddiaçı tərəfindən mənzilin kirayə verilməsinə, iddiaçının gəlirləri barədə onun hər hansı bir sübutu yoxdur. Ona görə də cavabdehə aliment ödəməsi üçün möhlət verilməsini, iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİ № 023233 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X6 xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Abbasova soyadı verilmişdir. Gəncə Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İV № 054626 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2017-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 5767 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV № 759796 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 72 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. X10 Mərkəzinin Baş direktoru Rövşən Veysov tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh X10 Mərkəzi MMC-nin Sığorta və xəstəxana xidmətlərində xəstə məsləhətçisi-tibb qeydiyyatçısı vəzifəsində çalışır və onun aylıq vəzifə maaşı 325 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli 803 saylı rəyinin surətindən müəyyən olunur ki, Cavabdeh almış olduğu xəsarətlər- sol bazu, sol qamış, sol oturaq, burun, sağ və sol maxilyar sümüklərin qapalı sınıqları, baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, dalağın zədələnməsi ilə müşaiyət olunan qarının küt travması bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Mərkəzi Klinikanın xx.xx.2021-ci il tarixli XQN 642112/007149 saylı epikrizinin surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixində ETN tətbiqi ilə sağ bazu oynağında böyük sümüklərdə osteosintez (2 ədəd) cərrahi əməliyyatı icra edilmişdir. Mərkəzi Klinika MMC-nin SN00007 seriyalı ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixinədək stasionarda olmuş, döş və qarının travması, sol bazu, sol qamış oturaq, burun sümüklərinin sınıqları diaqnozu qoyulmuş Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən azad edilmişdir. Mərkəzi Klinika MMC-nin SN00007 seriyalı ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən müəyyən olunur ki, cərrahi müdaxilə edilmiş Cavabdeh xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir. Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsinin SN00007 seriyalı ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən müəyyən olunur ki, əməliyyatdan sonra sol bazu, sol qamış oturaq sümüklərinin osteosintez diaqnozu qoyulmuş Cavabdeh xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir. Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsinin SN00007 seriyalı ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən müəyyən olunur ki, Cavabdeh sol bazu, sol qamış oturaq, burun sümüklərinin sınıqları diaqnozu qoyulmuşdur. Həmçinin, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir. Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsinin SN00007 seriyalı ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən müəyyən olunur ki, döş və qarının travması, sol bazu, sol qamış oturaq, burun sümüklərinin sınıqları diaqnozu qoyulmuş Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir. Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsinin SN00007 seriyalı ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən müəyyən olunur ki, sol bazu sümüyü, sol baldır sümüyünün sınığı diaqnozu qoyulmuş Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir. Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsinin SN00007 seriyalı ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən müəyyən olunur ki, cərrahi müdaxilə edilmiş Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir. Qələndər Klinikasının ******* saylı epikrizinin surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixində ümumi anesteziya ilə septorinoolastika əməliyyatı icra olunmuş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, xəstə kafi vəziyyətdə ambulator müalicəyə yazılmışdır. İcbari Tibbi Sığorta üzrə X16 Birləşmiş Xəstəxanasının xx.xx.2022-ci il tarixli 924/22 saylı çıxarışının surətindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə avtoqəza keçirmiş və qəza nəticəsində QKBT-sı, döş və qarın boşluğunun küt travması, sol bazu, sol qamış oturaq, burun, sağ və sol maxilyar sümük sınıqları olmuşdur. Mərkəzi Klinikanın xx.xx.2022-ci il tarixli 41665 saylı arayışının surətindən müəyyən olunur ki, xx.xx.2021-xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən üzürlü səbəbdən işdə olmamış Cavabdeh ilə xx.xx.2022-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin İİİ hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Moldova Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2022-ci il tarixli Aze/021/462 saylı arayışının surətindən müəyyən olunur ki, İddiaçı gündə 4 saat, həftədə 5 gün olmaqla tərcümə xidmətləri göstərməklə bir iş saatı üçün 2,4 avro almaqla səfirlikdə tərcümə xidmətləri göstərir. Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, xx.xx.2021ci ildə saat 9 radələrində iş yerinə gedərkən Səbail rayonu Parlament prospektində piyada keçidi ilə yolu keçərkən sürücü Cahid Tağıyev idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan onu vuraraq sağlamlığına ağır xəsarət yetirmiş, hadisə nəticəsində ona yetirilmiş ziyan ödənildiyinə görə Cahid Tağıyevə qarşı heç bir şikayət yoxdur. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli MH seriyalı 010109 nömrəli mülkiyyət hüquqlarının qeydiyyatı barədə qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri M.Cəlal küçəsi məhəllə 3169-da yerləşən 147 saylı evin 8 saylı mənzilinə dair X2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 30/12243 saylı inventar nömrəsi ilə qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin vəya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.-ci maddəsinə əsasən aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında konvensiyasının 3-cü maddəsinin tələblərinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Uşaq hüquqları bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə “Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır”. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, baş vermiş yol nəqliyyat hadisəsindən sonra aldığı xəsarətlərlə bağlı əmək qabiliyyəti bərpa olunan cavabdeh iddiaçı ilə birgə nikahlarından olan övladlarının minimal tələbatlarını ödəməklə onların saxlanılmasında iştirak etmək istəmir və bunu iddiaçının yüksək gəlirlərinin olması, birgə nikah dövründə alınan mənzilin iddiaçının istifadəsində olması, özünün gəlirlərinin az olması, səhhətinin tam bərpa olunmaması ilə izah edir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyan cavabdeh iddiaçının gəlirləri, iddiaçı ilə birgə nikah dövründə əmlak əldə etməsi barədə hər hansı bir sübuta malik olmamaqla etirazında istinad etdiyi halları sübuta yetirə bilmir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin tələblərinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, tərəflərin hər birinin maddi vəziyyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, cavabdehin etirazında istinad etdiyi halları sübuta yetirə bilməməsini, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq belə nəticəyə gəlir ki, analıq məzuniyyətində olmaq hüququ olsa da işləmək məcburiyyətində olan iddiaçının aliment tələbi qismən təmin edilməklə xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 200 manat olmaqla cəmi 400 manat aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının ümumi uşaqları xx.xx.2022-ci il təvəllüdlü X5 3 yaşınadək özünə görə pul tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad; Məhkəmə araşdırması zamanı iddiaçının işləməsi müəyyən olunduğundan məhkəmə bu tələbin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 50 manat dövlət rüsumu özünə, ödənilməli olan 50 manat dövlət rüsumu isə cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat aliment İddiaçı xeyrinə tutulsun. xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 50 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-654/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-654/2023
10.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver