Məhkəmə qərarları › İş №2(001)-6546/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6546/2020

04.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6546/2020 04.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirmiş və həmin təhsil müəsisəsində işləyir. Cavabdeh ilə o, xx.xx.2012-ci il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsində nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 anadan olmuşdur. Binəqədi Rayon Məhkəməsinin 2(001)-12886/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ona qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edərək onların arasında bağlanmış nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 onun himayəsində saxlanılması qət edilmişdir. Lakin nikahlarının pozulmasını ona 2020-ci ilin yayında məlum olmuşdur. Belə ki, Cavabdeh sözdə ona nikahlarının pozulmasını desə də, o, cavabdehin sözünə inanmamış, qeydiyyatda olduğu ünvanda yaşamadığından məhkəmə bildirişlərini almamışdır. 2019-cu ilin mart ayınadək o, cavabdehlə birlikdə sonuncunun valideynlərinə məxsus evdə yaşamış, lakin təzyiq və təhqirlərə məruz qaldığından 2019-cu ilin mart ayında yaşadığı ünvanı tərk edib övladları ilə birlikdə atasının evinə köçmüşdür. Bundan sonra valideynləri onların ailə münasibətlərinin bərpa olunması üçün onlara ipoteka ilə yeni mənzil almaq barədə qərara gəlmişlər. Onun atasının köməkliyi ilə Cavabdeh adına ipoteka müqaviləsi bağlanmaqla Bakı şəhəri A.Kunanbayev küçəsi 1 saylı evin 11 saylı mənzili alınmış, onun atasının verdiyi pul vəsaiti hesabına mənzil tam təmir edilmiş, təmirə 35000 manat sərf olunmuşdur. 2020-ci ilin may ayında o, övladları ilə birlikdə Bakı şəhəri A.Kunanbayev küçəsi 1 saylı evin 11 saylı mənzilinə köçərək bu mənzildə yaşayır. Bundan sonra o, cavabdehlə övladlarının təminatı barədə danışmış, cavabdeh ona aliment tələbi ilə məhkəməyə müraciət etməsini demişdir. Onun ailəsində hüquqşünas qohumları olduğundan iki uşağa görə cavabdehin qazancının 1\3 hissəsi miqdarında aliment almaq, 3 il geriyə aliment tələb etmək hüququnun olmasını bildiyindən cavabdehdən 3 ilin pulunu tələb etmiş, cavabdeh isə həmin pulu verməyəcəyini ona demişdir. Bundan sonra cavabdehin qohumları tərəfindən ona barışmaq təklifi edilmişdir. O, övladlarına görə təkliflə razılaşsa da, barışıq baş tutmamışdır. Bundan sonra o, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh sonuncu dəfə 2020-ci ilin may ayında 1-2 dəfə bazarlıq etmiş, 2020-ci ilin sentyabr, oktyabr, noyabr ayları üçün ona hər ay 300 manat olmaqla cəmi 900 manat pul vermişdir. Ona görə də Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2019-cu il tarixdən etibarən cavabdehin hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 anadan olmuşdur. Ailə nikah münasibətləri pozulduğundan o, nikahının pozulması tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, həmin vaxt qeydiyyatda olduqları ünvana İddiaçı adına gələn məhkəmə bildirlərini şəxsən İddiaçı verərək aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun ona aid olmasını demiş, İddiaçı isə aliment istəmədiyini bildirmişdir. Nikahı pozularkən o, uşaqlarının saxlanması üçün rəsmi qaydada aliment ödəmək istəsə də, ona hüquqi xidmət göstərən vəkil aliment tələb etmək hüququnun İddiaçı aid olmasını bildirmişdir. Nikahlarının pozulması barədə o, İddiaçı məlumat vermişdir. Nikahları pozulduqdan sonra onların ailə nikah münasibətləri bərpa olunmuş və onlar birlikdə onun atasına məxsus mənzildə yaşamışlar. Lakin yenidən münasibətləri pozulduğundan 2019-cu ilin yay fəslində İddiaçı atasının evinə getmişdir. Bundan sonra o, övladlarının yaşamaları üçün ilkin olaraq 22000 manat ödəməklə ipoteka ilə mənzil almış, hər ay ipoteka ödənişi olaraq 330 manat ödəyir. Mənzil alınarkən onlar bir otaqlı tam təmirli mənzil almaq istəsələr də, İddiaçı atası iki otaqlı təmirsiz mənzil almağı tələb etmiş, mənzilin təmir xərclərini özü ödəyəcəyini demişdir. Bu səbəbdən Bakı şəhəri A.Kunanbayev küçəsi 1 saylı evin 11 saylı mənzilinin təmir xərclərini İddiaçı atası ödəmişdir. O, Nərimanov RPİ-nin 16-cı PB-də təhqiqatçı vəzifəsində işləyir, aylıq əmək haqqı 850 manat, aylıq ödənilən mükafat isə 475 manat təşkil edir. O, təxminən son bir ildə uşaqlarının saxlanması üçün İddiaçı hər ay 300 manat olmaqla aliment ödəyir, sonuncu ödənişi noyabr ayı üçün olmuşdur. Ona görə də iddia ərizəsinin qismən təmin edilərək 2020-ci ilin dekabr ayından hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqının 1/3 hissəsi miqdarında alimentin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-12886/2017 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanaraq 1552 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından olan uşaqları xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında saxlanması qət edilmişdir. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ – İ № 364015 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 249 nömrəsi ilə qeyd edilmiş və nikah ləğv olunandan sonra qadına Abışova soyadı verilmişdir. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Azərbaycan Respublikası MPM-nin 234.2.-ci maddəsinə əsasən aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, valideynlər uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olduqlarından xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin iddiaçının xeyrinə tutulmasına dair iddia tələbi əsaslıdır, ona görə də bu hissədə təmin edilməlidir. Məhkəmə iddiaçının təyin olunan alimentin xx.xx.2019-cu il tarixdən hesablanması tələbi ilə bağlı qeyd edir ki, iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsinə dair mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə araşdırması zamanı tərəflərin izahatı ilə cavabdehin noyabr ayı üçün övladlarının saxlanması üçün vəsait ödəməsi öz təsdiqini tapdığından alimentin hesablanması xx.xx.2020-ci il tarixdən başlanmalıdır. Belə ki, aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.(AM-nin 100.1-100.3-cü mad) Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar