Məhkəmə qərarları › İş №2(001)-6558/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6558/2023

07.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6558/2023 07.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan dünyaya gələn xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində sabit alimentin Cavabdeh alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Cavabdeh uzun müddətdir ki, ailəsini qoyub respublika xaricində yaşayır. Övladının böyüməsində maddi və mənəvi heç bir rolu yoxdur. O, tək qadın kimi övladının böyüdülməsində əziyyət çəkir.

3. Bundan başqa iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3 ay vaxt verilmədən İddiaçı ilə aralarında bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbini qəbul edir. Hazırda qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, bildirir ki, İddiaçı ilə nikahlarını xx.xx.2011-ci il tarixində Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsində 1469 nömrə ilə qeydə almışlar. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Birgə nikahdan olan övladları xx.xx.2018-ci il təvəllüdlü X1 anasının himayəsində qalmasına etiraz etmir. Bundan əlavə bildirir ki, iddia ərizəsini və bildirişi xx.xx.2023-cü il tarixində almışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

5. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı izahatında bildirmişdir ki, ilkin iddia tələbini müdafiə edir, qarşılıqlı iddianı isə qəbul edir. Növbəti məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının çıxarılmasını xahiş edir.

6. Əvvəlki məhkəmə iclasında iştirakı edən qarşılıqlı iddia üzrə iddiaçı izahatında bildirmişdir ki, ilkin iddia tələbini qəbul edir, qarşılıqlı iddia tələbini isə müdafiə edir. Növbəti məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının çıxarılmasını xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 sentyabr 2011-ci il tarixində verilən, AZ-İ seriyalı, 707100 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh İmamqulu oğlu ilə X4 arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 sentyabr 2011-ci il tarixində 1469 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Musayev”, arvada “Musayeva” soyadı verilmişdir.

8. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İV seriyalı, 044363 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 05 fevral 2018-ci il tarixində Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

9. Cavabdeh İmamqulu oğlu ilə X4 arasında xx.xx.2011-ci il tarixidə nikah bağlanmış, nikahdan sonra arvada “Musayeva” soyadı verilmişdir. Tərəflərin birgə nikahdan 05 fevral 2018-ci il təvəllüdlü X2 doğulmuşdur.

10. İlkin iddia üzrə iddiaçı uşaq üçün cavabdehdən aliment tələb edir. Ona qarşı qaldırılan qarşılıqlı iddianı isə qəbul edir. Qarşılıqı iddia üzrə iddiaçı ilkin iddianı qəbul etməklə, nikahın pozulmasını xahiş edir və nikah pozulandan sonra uşağın ananın himayəsində saxlanılmasına etiraz etmir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

11. Məhkəmə mübahisənin həlli üçün hər iki iddia üzrə hüquqi dəyərləndirilmənin birlikdə aparılmasını mümkün hesab edir.

12. Beləliklə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

13. 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

14. 20.1-ci maddəsinin tələbinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

15. 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ərarvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.

16. Məhkəmə şərh olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, tərəflər nikahın pozulmasında israrlı olduğundan ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür, bu səbəbdən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır.

17. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:

18. 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir;

19. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir;

20. 61.3-cü maddəsinə əsasən uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir;

21. Yetkinlik yaşına çatmayan uşağın yaşını, maraqlarını, mənafeyini o cümlədən uşağın yaşayış yeri ilə bağlı tərəflər arasında olan razılığı nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından doğulan 05 fevral 2018-ci il təvəllüdlü X1 anası X3 yanında qalması müəyyən edilməlidir.

22. Aliment tələbi ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

24. 22-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu məhkəmə müəyyən etməlidir.

25. 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. 75.2-ci madəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.

26. 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün aliment valideynlərin qazancından və (və ya) gəlirlərindən müəyyən pay şəklində məhkəmə qaydasında tutulur.

27. 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

28. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

29. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

30. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir.

31. Məhkəmə yetkinlik yaşına çatmayan 05 fevral 2018-ci il təvəllüdlü X1 mənafeyini, əvvəlki təminatının səviyyəsini, uşaqlar haqqında yaşayış minimumumu haqqında tələbləri, cavabdehin iddianı qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia aliment tələbi hissəsində təmin edilməli, yetkinlik yaşına çatmayan 05 fevral 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.

32. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.

33. Buna görə də məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən başlanmalıdır.

34. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

35. Həmin qanunun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

37. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

38. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

39. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;

40. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

41. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

42. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli,xx.xx.2023-cü il tarixindən başlayaraq, 05 fevral 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, qarşılıqlı iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında 17 sentyabr 2011-ci il tarixində Binəqədi rayon Qeydiyyat Şöbəsində bağlanmış və 1469 №-li akt qeydi ilə qeydə alınmış nikah pozulmalı,tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan 05 fevral 2018-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilməlidir.

43. Həmçinin, ilkin iddianın verilməsi üçün iddiaçının ödəməkdən azad edildiyi 44,6(220X12=2460-1000=1460X0.01%+30=44,6) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

44. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia təmin edilsin. xx.xx.2023-cü il tarixindən başlayaraq, 05 fevral 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220(iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin İddiaçının ödəməkdən azad edildiyi 44,6 (qırx dörd manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 17 sentyabr 2011-ci il tarixində Binəqədi rayon Qeydiyyat Şöbəsində bağlanmış və 1469 №-li akt qeydi ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan 05 fevral 2018-ci il təvəllüdlü X1 cavabdeh İddiaçı yanında qalması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar