Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6578/2023 12.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Cavabdehin nümayəndəsi (anası) X4 iştirakı ilə İddiaçı Cavabdeh İsgəndər qızına qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki işə 12 dekabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Hüseynov X6 Günay İsgəndər qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28 iyul 2022-ci il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(001)- 1846/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq, hər ay 130 manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X5 ilə ailə qurmuş, faktiki nikahlarından 01 iyul 2010-cu il təvəllüdlü Hüseyn və 12 avqust 2011-ci il təvəllüdlü Elnar adlı uşaqları vardır. Sonradan aralarındakı nikah pozulmuş, məhkəmə qətnaməsi ilə uşaqların saxlanması üçün iddiaçıdan hər ay hər uşağa görə 130 manat olmaqla, ümumilikdə 260 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. İddiaçı sonradan Cavabdeh ilə ailə qurmuş, bu nikahından 28 iyul 2022-ci il təvəllüdlü Aysu adlı uşağı doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən, Aysu adlı uşağın 18 yaşa çatanadək saxlanması üçün ondan hər ay 220 manat, uşaq 3 yaşa çatanadək isə əlavə olaraq 50 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. İddiaçı hazırda "xxxx" MMC-də sürücü işləyir, aylıq 430 manat əmək haqqı alır. İş rejimi gündəlik olmaqla, hər gün 8 saatdır. Bu səbəbdən də, başqa yerdə əlavə olaraq işləyə bilmir. 430 manat əmək haqqı ilə 220 manat, əlavə olaraq da 50 manat alimenti ödəməyə imkanı çatmır. Sonda, alimentin miqdarının əvvəlki evliliyindən olan uşaqlara müəyyən olunmuş məbləğlə eyni, yəni 130 manat müəyyən edilməsi xahiş olunmuşdur. İddiaçı məhkəmənin nə hazırlıq, nə də baxış iclaslarında iştirak etməmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə ərizə ilə müraciət edərək, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etmədiyini, uşağın körpə olmaqla saxlanması üçün xərc tələb olunduğunu bildirib, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan: - Tovuz Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2(062)-623/2019 saylı icra vərəqəsindən görünür ki, 16 yanvar 2019-cu il tarixdən başlayaraq İddiaçı ilə X2 birgə nikahlarından 01 iyul 2010-cu il tarixdə anadan olmuş Hüseyn və 12 avqust 2011-ci il tarixdə anadan olmuş Elnar adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər bir uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin alınaraq X3 verilməsi qərara alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(001)- 1846/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı faktiki nikahlarından 28 iyul 2022-ci il tarixdə doğulmuş X9 adlı uşağın 18 yaşa çatanadək saxlanması üçün İddiaçı hər ay 220 manat, uşaq 3 yaşa çatanadək isə hər ay əlavə 50 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. - Əmək müqaviləsi barədə bildirişdən görünür ki, İddiaçı "xxxx" MMC-də sürücü işləyir, aylıq əmək haqqı 493 manat təşkil edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. «Uşaq hüquqları bəyənnaməsi»nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə “Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: “Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olubolmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. ...Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir”. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(001)-1846/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq, hər ay 130 manat sabit pul məbləğində müəyyən edilməsi “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipinə zidd olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az miqdar təşkil edir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddiaçının göstərdiyi səbəblər onu uşağını saxlamaq, saxlamadıqda isə aliment ödəmək vəzifəsindən azad etmir və uşağın maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin, digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi İddiaçı da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Odur ki, iddia əsaslı olmadığından təmin edilə bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh İsgəndər qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası rədd edilsin və məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-6578/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6578/2023
12.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver