Məhkəmə qərarları › İş №2(001)-6641/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6641/2020

08.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6641/2020 08.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2016-cı il təvəllüdlü X2 və xx xxxxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 170 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdehin nikahı xx xxxxxxx 2015-cı il tarixdə Bakı şəhərində 5 saylı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində bağlanmışdır. Cavabdehlə birgə nikah münasibətlərindən xx xxxx 2016-cı il təvəllüdlü X4 və xx xxxxxx 2017-ci il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdehlə birgə Binəqədi rayonu, Binəqədi Şossesi mədən 1, korpus 1 ünvanında yaşasalar da, təəssüflər olsun ki, uzun müddətdir uşaqlarına baxmır, heç bir maddi köməklik göstərmir. Körpə azyaşlı uşaqlarını saxlamaq onun üçün maddi cəhətdən çox çətindir. İndiyənədək ona öz valideynləri atası, anası və qardaşı köməklik etmişdir. Sonuncu dəfə uşaqları qrip olduğundan, cavabdehdən toz şəklində olan qrip əleyhinə dəyəri 1 manat olan dərman almasını xahiş etmiş, cavabdeh isə cavab olaraq onu uşaqlarının gözü önündə döyməklə xəsarətlər yetirmişdir. Bu şiddət uzun müddət mütəmadi davam etdiyindən bu şiddətə son qoyulması üçün o, DİN-nin 102 xidmətinə məlumat vermişdir. Binəqədi Rayon 43-cü Polis Bölməsində məsələ araşdırılmış və cavabdeh barəsində İXM-nin döymə maddəsi ilə tədbir görülmüşdür. Göstərilənlərə əsasən iddianın təmin ediməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh əmək haqqı alır və əlavə olaraq məcburi köçkün olduğu üçün müavinat da alır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, o, uşaqlarına baxmaqdan imtina etmir, lakin hər uşağa görə hər ay cəmi 50 manat məbləğində aliment ödəyə bilər. Onun əmək haqqı 450 manat təşkil edir. Məcburi köçkün olduğu üçün 100 manatdan artıq müavinat alır. Hazırda bir neçə yerə kredit ödəyir. Əgər ailəsinə kənar şəxslər müdaxilə etməsələr, o, ailəsinin yanında qalaraq uşaqlarına baxa bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2015-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 084012 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X5 xx xxxxxxx 2015-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1249 nömrə ilə akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Muxtarov”, arvada isə “Muxtarova” soyadı verilmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı, 875720 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx xxxx 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 6847 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. 1 saylı Bakı “ASAN-ximət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 044698 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx xxxxxx 2017 il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 6574 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin nikahlarından doğulmuş xx xxxx 2016-cı il təvəllüdlü X4 və xx xxxxxx 2017-ci il təvəllüdlü X3 iddiaçının himayəsindədir. Hazırda cavabdeh uşaqların saxlanılmasında iştirak etmədiyindən iddiaçı ondan aliment ödənilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək, habelə uşaqların yaşlarını və sayını, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin cavabdehin üzərinə düşdüyünü, bunun yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi iddiaçıdan tutulmasına əsas olduğunu nəzərə alaraq belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2016-cı il təvəllüdlü X2 və xx xxxxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci və 9.1.20-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2016-cı il təvəllüdlü X2 və xx xxxxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar