Məhkəmə qərarları › İş №2(001)-6674/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6674/2024

02.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6674/2024 02.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X5 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müaciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün cavabdehdən onun xeyrinə hər uşaq üçün hər ay 235 (iki yüz otuz beş) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə Binəqədi Rayon Qeydiyyat Şöbəsində qeyd etdirilməklə nikaha daxil olmuş və bununla bağlı ona qeyd olunmuş orqan tərəfindən AZ-İ seriyalı 579015 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə birgə nikahlarından 9.07.2011-ci il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X8 adlı iki övladları dünyaya gəlmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş və bununla bağlı xx.xx.2024-cü il tarixli, AZ-İ seriyalı 479787 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Hesab edir ki, uşaqlar onun himayəsindı saxlanılmalı və birgə nikahdan olan uşaqların saxlanılması üçün hər ay cavabdehdən hər uşaq üçün 235 manat miqdarında müəyyən edilmiş aliment məbləği onun xeyrinə tutulmalıdır. Alimentin tutulmasının əsas məqsədi sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. İnsanın şəxsiyyət kimi formalaşmasında, müəyyən bir həyat tərzinə və əxlaqi keyfiyyətlərə yiyələnməsində yaşadığı mühitin rolu böyükdür. Cəmiyyətin əsas özəyi olan ailənin və onun bütün üzvlərinin, xüsusilə də uşaqların inkişafının və rifahının müdafiə edilməsi və dəstəklənməsi sağlam, etibarlı ailə münasibətlərinin qorunması baxımından zəruridir. Ailənin sağlam və etibarlı olması ailə üzvləri arasında qarşılıqlı məhəbbət, hörmət, məsuliyyət və yardımlaşma səviyyəsindən birbaşa asılıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh qismində iştirak etdiyi prosesin mahiyyətinə dair etirazı olmasa da, sübut və dəlillərin təqdim, həmçinin toplanma qaydasında qanun pozuntularına yol verildiyindən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3306/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X9 arasında xx.xx.2010-cu il tarixdə 780 №-li akt qeydi ilə Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2014cü il təvəllüdlü X6 anası X7 yanında saxlanılması qət etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 794434 saylı və AZ-İİİ seriyalı 326859 saylı doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X6 anası X9, atası Cavabdehdur. Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X3 Cavabdeh qarşı aliment tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2024-cü il, saat 10:00-a təyin edilmiş mediasiya iclasında iddiaçı iştirak edərək 50 manat dövlət rüsumunu ödəmiş, cavabdeh isə iclada iştirak etməmişdir. “Azemis” X4 əldə edilmiş məlumatlardan müəyyən olunur ki, iddiaçının əmək faəliyyəti ilə məşğul olması barədə sistemdə hər hansı məlumat mövcud deyil. Cavabdeh isə "xxxx" LTD MMC-də hüquqşünas kimi çalışır və 800 manat əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X1 cavabdeh iştirak etmir. Məhkəmə, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu və cavabdehin uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini ödəməyə razı olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən xx.xx.2024cü il tarixdən (iddia ərizəsinin verildiyi tarixdən) başlayaraq uşaqların saxlanılması üçün hər ay, hər uşağa görə 235 manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.1 və 172.1.1-ci maddələrinə əsasən işə bərpa, aliment tutulmasına dair işlərə 2 aydan gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 76,40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay, hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 76,40 (yetmiş altı manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar