Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6733/2021 20.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdeh X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin və xərclərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.10.2012-ci il təvəllüdlü X7 və 26.01.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin, vəkil tərəfindən göstərilmiş xidmətə görə ödənilmiş 100 manat pulun, habelə mediatora ödənilmiş 50 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianı təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 iddia tələbinin dəlillərinə və İddiaçı izahatına uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə faktiki nikahlarından olmuş 17.10.2012-ci il təvəllüdlü X10 faktiki olaraq onunla birlikdə yaşayır və bu uşağın bütün ehtiyacları onun tərəfindən qarşılanır. Bu səbəbdən həmin uşağın saxlanılması üçün ondan aliment tutula bilməz. Faktiki nikahdan olmuş 26.01.2017-ci il təvəllüdlü X1 üçün də imkanları daxilində maddi köməkliyini edir. Lakin bu uşağın saxlanılması üçün hazırda hər ay hər hansı məbləğdə alimentin ödənilməsi üçün maddi imkanı yoxdur. Digər tələbləri isə ümumiyyətlə qəbul etmir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh faktiki nikahından 17.10.2012-ci il tarixdə X10 və 26.01.2017-ci il tarixdə X8 doğulmuşdur. İddiaçı cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət edərək, ailə münasibətlərinin pozulduğunu və əlaqələrinin kəsildiyini, bu uşaqların hazırda onun yanında qaldığını və onun yimayəsində olduğunu, cavabdehin uşaqların saxlanılması üçün maddi köməklik etmədiyini bildirir və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin, habelə vəkilə ödənilmiş 100 manat pulun və mediatora ödənilmiş 50 manat pulun tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, faktiki nikahdan olmuş 17.10.2012-ci il təvəllüdlü X7 faktiki olaraq onunla birlikdə yaşadığını, bu uşağın bütün ehtiyaclarının onun tərəfindən qarşılandığını, faktiki nikahdan olmuş 26.01.2017-ci il təvəllüdlü X1 üçün də imkanları daxilində maddi köməklik etdiyini, lakin bu uşağın saxlanılması üçün hər ay hər hansı məbləğdə alimentin ödənilməsi üçün maddi imkanının olmadığını, digər tələbləri isə ümumiyyətlə qəbul etmədiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. Hazırki iş üzrə hüquqi xidmətin göstərilməsi üçün iddiaçı tərəfindən vəkilə 100 manat məbləğində xidmət haqqı ödənilmişdir. Eyni zamanda, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bu qəbildən olan mübahisələrlə bağlı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak tələb olunduğu üçün həmin prosesdə iştirak edilməklə iddiaçı tərəfindən 50 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk öncə cavabdehin 17.10.2012-ci il təvəllüdlü X7 onunla birlikdə yaşaması barədə dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh bu barədə fikir bildirdikdən sonra iddiaçı tərəf bu məlumatı təkzib etmiş və uşağın iddiaçının yanında qaldığını vurğulamışdır. Bu səbəbdən həmin məsələ ilə bağlı həqiqəti, o cümlədən uşağın real olaraq valideynlərinin hansının yanında qaldığını müəyyən etmək üçün hər iki tərəfə uşağın məhkəmə iclasında iştirakının təmin edilməsi təklif edilmiş və bu məqsədlə məhkəmə iclasında fasilə elan edilmişdir. Lakin fasilədən sonra iddiaçı uşaqlarla birlikdə məhkəmə iclas zalına gələrək, uşaqların hər ikisinin onunla birlikdə yaşadığını nümayiş etdirmişdir. Hər bir halda, bu uşaq cavabdehlə birlikdə yaşadığı təqdirdə onun məhkəmə iclasına gətirilməsini məhz cavabdeh təmin etmiş olardı. Bu səbəbdən məhkəmə cavabdehin dəlillərini əsassız hesab edir və uşaqların hər ikisinin cavabdehin yanında qalması və onunla yaşaması qənaətinə gəlir. Məhkəmə, cavabdehin hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin ödənilməsi üçün kifayət qədər maddi imkanının olmasına dəlalət edən sübutların iddiaçı tərəfindən təqdim edilməməsini, habelə yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərinə yaxın maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması baxımından belə qənaətə gəlir ki, iddia tələbi alimentin tutulması hissəsində qismən təmin edilməli, 17.10.2012-ci il təvəllüdlü X7 və 26.01.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan alimentin miqdarı hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində müəyyən edilməli, aliment miqdarı məhkəməyə müraciət edildiyi, yəni 19.08.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə iddia tələbinin vəkilə çəkilən xərclərə görə 100 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində vəkilə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, vəkillərin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da hərdən az məbləğ kimi qəbul edilə bilər. Məhkəmə, qeyd edilənləri nəzərə alıb hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hüquqi yardıma görə ödənilmiş pulun 80 manat hissəsinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, hazırki iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmək üçün ödənilmiş 50 manat məbləğində pulun yarısı, yəni 25 manat hissəsi iddiaçıya aid edilməli, qalan 25 manat hissəsinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh 17.10.2012-ci il təvəllüdlü X7 və 26.01.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment, vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 80 manat məbləğində pul, habelə mediatora ödənilmiş xidmət haqqının əvəzi olaraq 25 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Aliment məbləği iddiaçının bu məsələ ilə məhkəməyə müraciət etdiyi, yəni 19.08.2021-ci il tarixdən hesablanmalı və qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 17.10.2012-ci il təvəllüdlü X7 və 26.01.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment, vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 80 (səksən) manat məbləğində pul, habelə mediatora ödənilmiş xidmət haqqının əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Aliment məbləği 19.08.2021-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-6733/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6733/2021
20.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver