Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-679/2025 31.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “aliment” tələbinə dair (açar sözlər: aliment tələbi) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi 15 saylı Vəkil Bürosunun vəkili Vəkil, Cavabdeh, eyni zamanda digər Cavabdeh3 nümayəndəsi Cavabdeh2 Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, yetkinlik yaşına çatmış övladları, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 hər birindən onun saxlanılması üçün ayrayrılıqda 600 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1944-cü ildə Bakı şəhərində anadan olmuşdur. Artıq 80 yaşı tamam olub, 1967-ci ildə vətəndaş X2 ilə nikaha daxil olub ailə qurmuş, nikahdan üç qız övladı -1968-ci il təvəllüdlü Cavabdeh2, 1969-cü il təvəllüdlü Cavabdeh3 və 1975-ci il təvəllüdlü Cavabdeh1 anadan olmuşlar. Özü həmin müddətdə «Kirovneft» NQCİ neft mədənlərində mühəndis-çilingər işləmiş, ona ailəsinə, üç övladına cavabdehlərin yaşadıqları ünvanda yerləşən mənzili Bakı şəhər İcra Hakimiyyətinin orderi əsasında verilmiş, həmin ünvanda yaşamışlar. Həyat yoldaşı ilə münasibətləri pozulduğundan nikahları 1989-cu ildə pozulmuş, yaşadığı evdən qovulmuşdur. Buna baxmayaraq, övladları ilə daimi olaraq yaxşı münasibət saxlamış, onlara yardım edərək aliment ödəmiş, təhsil almaları və digər ehtiyaclarında iştirak etmişdir. Mübahisəli mənzildən əlavə onun digər yaşayış yeri olmamış, kirayələrdə yaşamışdır. 1993-cü ildə, ölkənin, yaşayışın ən ağır vaxtlarında, bir müddət kirayə haqqın ödəyə bilmədiyindən, küçələrdə yaşadığından, müvəqqəti olaraq öz evinə qayıtmaq istəyəndə keçmiş yoldaşı yenə də onu evinə buraxmamışdır. Mənzilinə köçürülməyi tələbi ilə məhkəməyə müraciət etmiş, iddianın təmin olunmağına baxmayaraq, o, yenə də övladlarına görə münaqişələr, dava-dalaş salmamaq üçün müxtəlif yerlərdə sığınacaq tapıb yaşamışdır. Artıq son bir neçə ildi, səhhəti və yaş həddi ilə əlaqədar iş fəaliyyətini dayandırmalı oldu, bir neçə ağır xəstəlikləri var, qaldığı evlərin kirayə haqqını ödəyə bilmir, daimi ona müalicə tələb olunur. Özü üçün ərzaq almağa belə imkanı yoxdur. Bir neçə dəfə köməklik etmələri barədə övladlarına müraciət etsə də, ona köməklikdən imtina olunmuşdur. Bundan əlavə cavabdehlər məhkəməyə müraciət edərək onun pasport qeydiyyatından çıxarılmasını tələb etmiş, tələbləri təmin edilmişdir. Nəticədə məcbur olub, ağır çətinliklə tanışının evinə qohumu kim pasport qeydiyyatına alınmışdır. Hal-hazırda müxtəlif qonşuları, tanışları, qohumların vaxtaşırı ona yazıqları gələn tanımadığı insanlar köməklik edir. Aydındır ki, belə bir vəziyyət daimi deyil, ona ciddi müalicə lazımdır, kirayə və qidalanma pulu lazımdır. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin tam həcmdə təmin eilməsini məhkəmədən xahiş etdi. Əlavə olarq bildirmişdir ki, onunla iddiaçının qohumu arasında cüzu məbləğ təqdim edilməklə iddiaçıya hüquqi xidmət göstərilməsi üçün müqavilə bağlanmışdır. İddiaçının qeydiyyatda olduğu poliklinika köçürüldüyündən onun xəstəliyi ilə bağlı sənədləri əldə etmək mümkün olmamışdır. Bundan başqa iddiaçının yeganə gəliri 402 manat məbləğində pensiya təminatıdır. Həmin məbləğ onun müalicə xərclərini və zəruri qida xərclərini, həmçinin yaşayış yeri ilə təmin edilməsini qarşılamadığından iddiaçının maddi yardıma ehtiyacı vardır. Məhkəmə iclasında iştirak edən cavabdeh, eyni zamanda digər Cavabdeh3 nümayəndəsi Cavabdeh2 verdiyi izahatında bildirdi ki, onun və digər bacılarının maddi imkanı iddiaçıya tələb etdiyi aliment məbləğini ödəməyə imkan vermir. İddiaçı ilə anası arasında nikah pozulduqdan sonra iddiaçı ümumiyyətlə onlarla maraqlanmamış, heç bir zaman ünsiyyət qurmamışdır. İddiaçının özünün başqa ailəsi və övladı vardır. Özü və təmsil etdiyi digər cavabdeh işləmir, aylıq gəlirləri yoxdur. Dəfələrlə atası ilə görüşmək istəsə də, imtina etmişdir. O, uşaq yaşlarında atasının anasının ünvanına gedəndə atası onları ordan qovmuşdur. Hazırda yaşlı anasına baxır. Əvvəl iddiaçıya 50 manat hər ay kömək etmək istəyi olsa da, hazırda belə bir məbləği ödəməyə razılığı yoxdur. İddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 verdiyi izahatında bildirdi ki, atası və anası arasında olan nikah pozulduqdan sonra atası onu və digər bacılarını ataraq özünə yeni ailə qurmuş və həmin nikahdan bir oğlan övladı var. Atası ümumiyyətlə onlara baxmamış, təhsili ilə maraqlanmamış, heç bir tədbirlərində, hətta toy şənliyində belə iştirak etməmişdir. Əvvəllər atası nənəsinin evində qalan zaman yaxınlıqda yaşadıqlarından atası ilə yolda rastlaşdıqda atası yolunu dəyişmişdir. Atası heç vaxt mənzildə yaşamaq üçün müraciət etməmişdir, onun yeni ailəsi ilə yaşamağa yeri olub. Hazırda atasının harda yaşadığını bilmir. Məhkəməyə iddia tələbi ilə müraciət etməmişdən əvvəl atası ilə görüşmüş və paylara uyğun olaraq pul təklif etsə də, atası qeydiyyatdan çıxmadığından məhkəməyə müraciət edilib. Atasının ona işlədiyi üçün evin verildiyini bildirsə də, həmin ev anası və atası eyni yerdə işlədikləri üçün və üç uşaqlı olduqları üçün verilib. Özü işləmir, qızı ilə birlikdə yaşayır və onun xərcləri kürəkəni tərəfindən qarşılanır. Hər ay 50 manat atasına kömək edə bilər, bundan artıq məbləği ödəmək iqtidarında deyil. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Binəqədi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilə X1 birgə nikahından xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh2 doğulmuşdur. - Binəqədi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilə X1 birgə nikahndan xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh3 doğulmuşdur. - Binəqədi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilə X1 birgə nikahından xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh1 doğulmuşdur. -AZEMİS-dən iddiaçının gəlirləri barədə verilmiş sorğudan edilmiş çıxarışdan görünür ki, İddiaçı hər ay 402.08 manat yaşa görə pensiya alır. -Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-5018/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi 22/24 saylı evin 78 saylı mənzilinə istifadə hüququnun itirilməsi qət edilmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Ailə Məcəlləsinin 82.2-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 82.3-cü maddəsinə görə, övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Ailə Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Ailə Məcəlləsinin 82.1-ci maddəsinin məzmunundan göründüyü kimi, qanunvericilik yetkinlik yaşına çatmış övladdan alimentin tutulmasını övladın əmək qabiliyyətinin olması, valideynin əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacı olması ilə şərtləndirmişdir. Maddənin məzmunundan bu kontekstdə övladın maddi imkanlarının hansı səviyyədə olmasının hər hansı əhəmiyyət kəsb etdiyi görünmür. Hazırkı işin hallarından aydın olur ki, iddiaçı təqaüdçüdür, cavabdehlər onun əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlarıdır. Mübahisəli məqam iddiaçının maddi yardıma ehtiyacının olubolmamasıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarına əsasən: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı tələbində hər ay hər övladından ayrı-ayrılıqda 600 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etsə də, cavabdehlərin hər birinin tələb edilən miqdarda aliment ödəmək iqtidarında olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarına əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab edir ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 sonrakı artımlar nəzərə alınmaqla hər ay hər hər birindən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,15 misli həddində aliment müəyyən edilməklə iddiaçının xeyrinə tutulması ədalətli olar. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və maddi yardıma ehtiyacı olan iddiaçının mənafeyini, tərəflərindən diqqətəlayiq maraqlarını əsas götürərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 sonrakı artımlar nəzərə alınmaqla hər ay hər birindən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,15 misli həddində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya iddiaçının özünə aid edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 sonrakı artımlar nəzərə alınmaqla hər ay hər birindən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,15 misli həddində aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci İddiaçı özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-679/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-679/2025
31.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver