Məhkəmə qərarları › İş №2(001)-6823/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6823/2024

28.10.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6823/2024 28.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsi müəyyən edir ki, iddiaçı müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi təqdim etmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinə əlavə olunmuş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı 100 manat məbləğində dövlət rüsumunu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ödəməli olduğu halda, dövlət rüsumunun ödənilməsi barədə qəbzdə dövlət rüsumunun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilməsi göstərilmişdir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən cavabdehlə aralarında bağlanmış 31 iyul 2023-cü il tarixli müqaviləyə əsaslanmaqla məhkəmədə iddia qaldırılaraq, həmin müqavilənin ləğv edilməsini və ödənilmiş pulun geri qaytarılmasını tələb edilsə də, həmin tələblərlə bağlı cavabdehə müraciətin edilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilmiş normaları nəzərə alaraq, hesab edirəm ki, iddiaçı iddia qiyməti ilə bağlı ödəməli olduğu dövlət rüsumunu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödəmədiyindən, həmçinin müqavilənin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151 və 152-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən qüsurlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar