Məhkəmə qərarları › İş №2(001)-6851/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6851/2020

09.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6851/2020 09.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi barədə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(001)-7800/2017 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək alimentin sabit məbləğdə tutulmasının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, tərəflərin nikahları məhkəmə qaydasında pozulmuş, bu barədə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2012-ci il tarixdə şəhadətnamə verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2017ci il tarixli, 2(001)-7800/2017 saylı qətnaməsinə əsasən, tərəflərin birgə nikahlarından olan xx xxx 2006-cı il təvəllüdlü X4 və xx xxxx 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə xx xxxxx 2017-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) üçdə-bir hissəsi miqdarında və 173 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Həmin qətnamə çıxarılan zaman İddiaçı “xxxx” MMC-də market meneceri vəzifəsində işləmiş, aylıq əmək haqqı 300 manat təşkil etmişdir. Məhkəmə onun gəlirini və uşaqların mənafelərini nəzərə alaraq alimentin əmək haqqından tutulacağı təqdirdə əldə edilən məbləğin uşaqların saxlanmalarına kifayət etməyəcəyi əsası ilə həm əmək haqqından və başqa gəlirlərdən üçdə-bir hissədə, həm də sabit pul məbləğində alimentin tutulması qərarına gəlmişdir. Beləliklə, həmin dövrdə İddiaçı ümumilikdə 273 manat pul aliment ödənişi olaraq tutulmuşdur. Hazırda İddiaçı “Azerbaijan Technologies” firmasında satış üzrə mütəxəssis vəzifəsində işləyir və aylıq əmək haqqı 1101,68 manat təşkil edir. Hazırki əmək haqqının üçdə-bir hissəsi 2020-ci il Azərbaycan Respublikasında uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumundan çoxluq təşkil etdiyi halda İddiaçı gəlirindən əlavə olaraq 173 manat da tutulmaqdadır. Bu isə İddiaçı gəlirinin təxminən yarısının aliment ödənişinə tutulması ilə nəticələnir. Belə olan halda o, hazırki ailəsinin maddi təminatlarının ödənilməsində çətinlik çəkir. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiaçı 2017-ci ildən bəri aliment öhdəliyini icra etməmiş, ümumiyyətlə uşaqları ilə maraqlanmamışdır. Bir müddət əvvəl cavabdeh uşaqları ölkədən kənara çıxarmaq üçün iddiaçıdan razılıq almaq istədikdə İddiaçı aliment borcunun olmaması məzmunlu notarial qaydada ərizə yazmış, yalnız bundan sonra İddiaçı uşaqların ölkədən çıxarılmalarına icazə vermişdir. Yəni, faktiki olaraq hal-hazıradək İddiaçı aliment ödəməmişdir. Sonda N.X.Nəbiyev məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(001)- 7800/2017 saylı qətnaməsinə əsasən, xx xxx 2006-cı il təvəllüdlü X4 və xx xxxx 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə xx xxxxx 2017-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) üçdə-bir hissəsi miqdarında və 173 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin xx xxxxxx 2020-ci il tarixli iş yerindən arayışından görünür ki, İddiaçı “Azerbaijan Technologies” firmasında satış üzrə mütəxəssis işləyir, aylıq əmək haqqının məbləği 1101,68 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Normanın məzmunundan göründüyü kimi, alimetin miqdarının dəyişməsi üçün əsas şərt tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, həmin qətnamə çıxarılarkən İddiaçı “xxxx” MMC-də market meneceri işləmiş, aylıq əmək haqqı 300 manat təşkil etmişdir. Həmin dövrdə Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu uşaqlar üçün 136,6 manat müəyyən edilmişdir. Məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və onların əvvəlki vəziyyətdə saxlanması vacibliyini, həmçinin, uşaqların minimum maddi təminat almaq hüququnu nəzərə alaraq hesab etmişdir ki, uşaqların saxlanması üçün İddiaçı hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə-bir hissəsi miqdarında və aylıq 173 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməlidir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Binəqədi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi çıxarıldığı vaxt uşaqlar üçün yaşayış minimumu 136,6 manat və bu məbləğ iki uşaq üçün 273,2 manat təşkil etdiyindən və həmin vaxt İddiaçı aylıq əmək haqqının 300 manat olduğundan həmin məbləği üçdə-bir hissəsi, yəni 100 manat ilə 2 uşağın maddi təminatlarının ödənilməsi qeyri-mümkün olduğundan uşaqların yaşayış səviyyəsinin minimum həddə çatdırılması üçün İddiaçı əlavə olaraq 173 manat sabit pul məbləğində alimentin tutulması qənaətinə gəlmişdir. Hazırki halda isə, 2020-ci il üçün uşaqların yaşayış minimumu 170 manat, iki uşaq üçün bu məbləği 340 manat təşkil edir. İddiaçının aylıq əmək haqqı isə 1101,68 manatdır və həmin əmək haqqının üçdə-bir hissəsi 367,2 manat təşkil edir. Yəni, iddiaçının maddi vəziyyətində dəyişikliyin olması öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, alimentin miqdarının iddiaçının aylıq əmək haqqının üçdəbiri miqdarında müəyyən olunması ilə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu təmin etmək mümkündür. Buna görə də, iddia təmin edilməli, xx xxx 2006-cı il təvəllüdlü X4 və xx xxxx 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə tutulmalı sabit pul məbləğində aliment ləğv edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatında göstərdiyi, təyin edilmiş alimentin 2017-ci ildən bəri ödənilməməsi fikrinə münasibətdə qeyd edir ki, məhkəmənin verdiyi icra sənədinin icrası zəruridir və icra sənədinin icrasının təmin olunması vəzifəsi müvafiq icra şöbələrinin nəzarəti əsasında həyata keçirilir. Məhkəmənin icra sənədinin icra edilməməsinin hüquqi nəticələri, habelə belə olan halda tərəflərin edə biləcəkləri prosessual hərəkətlər qanunvericilikdə öz əksini tapmışdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi barədə iddiası təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(001)- 7800/2017 saylı qətnaməsinə əsasən, İddiaçı Cavabdeh xeyrinə tutulmalı alimentin miqdarı dəyişdirilməklə, onların birgə nikahlarından olan xx xxx 2006-cı il təvəllüdlü X4 və xx xxxx 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün İddiaçı aylıq qazancının (başqa gəlirlərinin) üçdə-bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilsin. Bu qətnamə ilə müəyyən edilmiş miqdarda alimentin tutulması qətnamə qanuni qüvvəyə mindikdən sonra hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar