Məhkəmə qərarları › İş №2(001)-6943/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6943/2023

22.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6943/2023 22.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, tərəflər arasında olan nikah Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılmışdır. Cavabdeh uşağın saxlanılması üçün heç bir maddi yardım göstərmir. Uşağın maddi tələbatının ödənilməsi, sağlamlığının qayğısına qalması və normal inkişafı üçüm xeyli vəsait tələb olunur. Uşağın təkbaşına bütün maddi tələbatlarını ödəməyə imkanı olmadığından aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən də iddiaçı uşaqları ilə görüşmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini, uşağın yetkinlik yaşına çatanadək hər ay 220 manat sabit pul məbləğində aliment ödəməyə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Ağdam Rayon Məhkəməsinin 2(013)-2162/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X1 ananın himayəsində saxlanılması qət edilmişdir. - nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahları Ağdam Rayon Qeydiyyat Şöbəsində akt qeydləri kitabında xx.xx.2020-ci il tarixə 03 nömrə ilə qeyd edilmişdir. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə AR Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 75, 76 və 78-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları alimentin təyin edilməsi ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə cavabdehin qazancının qeyri-müntəzəm olmasını və alimentin təyin edilməsini onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mümkün olmamasını nəzərə alaraq, alimentin təyin edilməsini sabit pul məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir. Həmçinin qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, alimentin təyin edilməsi məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən tutulmalıdır. Qanunvericilik alimentin təyin edilməsinin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İddiaçı uşağın əvvəlki təminatı ilə bağlı sübutlar təqdim etməmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu (“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir) özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 112.1.3,119.2 və "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrinə əsasən 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar