Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6944/2021 28.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10 aprel 2021-ci təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat və onun üçün isə övladının 3 yaşına qədər 100 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 01 fevral 2020-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 10 aprel 2021-ci təvəllüdlü X5 doğulmuşdur. İlk vaxtlar cavabdehlə mehriban yaşasa da sonradan münasibətləri pozulmuşdur. Belə ki, o, cavabdehin ikinci ailəsidir. O, hamilə olan zaman cavabdeh birinci həyat yoldaşı ilə barışmış və həmin vaxt ona qarşı nikahın pozulması barədə iddia qaldırmış, lakin o hamilə olduğuna görə həmin iş üzrə icraata xitam verilmişdir. Cavabdeh ailə qurmağa oyuncaq kimi baxır.Cavabdehin hərəkəti ona çox pis təsir etdi. Cavabdeh hazırda ailəsi ilə maraqlanmır, uzun müddətdir ki, o, anası ilə yaşayır. Cavabdeh nə ailəsinə nə də oğluna baxmır. O, heç bir yerdə işləmir, ona görə də oğlunun saxlanmasında çatənlik çəkir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, cavabdehin daimi iş yeri vardır və 743 manat məbləğində əmək haqqı alır. Cavabdehin birinci ailəsindən uşaqlarının olması, habelə onların saxlanması üçün aliment ödəməsi ikinci nikahından olan uşağın saxlanması üçün aliment ödəməməsinə əsas deyil. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, onun birinci nikahından olan iki uşaqlarının saxlanması üçün hər ay 308 manat məbləğində aliment ödəyir. Həmin alimenti ödəməyə də maddi imkanı çatmır. O, alimentin ödənilməməsi ilə bağlı həbs də edilmişdir. Bununla yanaşı, o, “Hepatit C” xəsatəliyindən əziyyət çəkir, həyatda qalmaq üçün daimi müalicələr alır və bu da xeyli xərc tələb edir. Bundan əlavə, yaşlı və xəstə anasına da o baxır. O, uşaq üçün aliment ödəməyəcəkdir. Belə ki, iddiaçı uşağı da götürərək könüllü olaraq evdən çıxıb getmişdir. O, ailəni bərpa etmək üçün ona müraciət etmiş, lakin iddiaçı bunu istəməmişdir. Bundan sonra o, nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş, lakin cavabdeh hamilə olduğu üçün nikahı pozmamışlar. İddiaçı evinə də dönmür, boşanmağa da razı deyil. İddiaçının evdən özü könüllü çıxıb getdiyinə görə, uşağı da saxlamaq onun vəzifəsidir. Həmçinin ona verilmiş suallara cava olaraq bildirdi ki, o, 10 gündür ki, işdən çıxarılmışdır. Lakin, iş yerindən ona bildirilmişdir ki, o, 2-3 günə işinə yenidən bərpa ediləcək. Əgər ondan məhkəmə qaydasında aliment tutulacaqsa, alimentin məbləği 50 manatdan artıq olmamalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarıını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(001)- 2220/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, iddiaçı X10 ilə Cavabdeh arasında 09 dekabr 2014-cü il tarixdə 4 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1369 nömrə ilə qeyd edilməklə bağlanmış nikah pozulmuş, boşanmadan sonra tərəflərin birgə nikahlarından olan uşaqları, 22 oktyabr 2010-cu il təvəllüdlü X2, 08 may 2015-ci il təvəllüdlü X3 anaları X7 yanında qalmaları müəyyən edilmiş və 17 yanvar 2018-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 154 manat olmaqla, cəmi 308 manat məbləğində aliment Cavabdeh tutularaq X8 ödənilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 3(008)- 233/2020 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. 4 saylı “Bakı Asan” xidmət qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 028339 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 01 fevral 2020-ci il tarixdə nikaha daxil olmuşlar. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 576415 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 10 aprel 2021-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası isə İddiaçıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh MMC-də İstismar xidmətləri üzrə texnik vəzifəsində işləyir və vergilər tutulmadan onun aylıq əmək haqqı 743 manat təşkil edir. Tibbi sənədlərdən müəyyən olunur ki, cavabdehdə Hepatit C xəstəliyi aşkar edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, tərəflər hazırda nikahda olmalarına baxmayaraq faktiki olaraq ayrılmış, birgə nikahlarından olan uşaq iddiaçının himayəsində qalmışdır. Cavabdehin birinci nikahından iki uşağı var və uşaqların saxlanılması üçün hər ay ondan 308 manat məbləğində aliment tutulur. Cavabdeh 743 manat məbləğində əmək haqqı alır, Hepatit C xəstəliyindən əziyyət çəkir və müalicəyə ehtiyyacı var. Hazırda iddiaçı cavabdehin uşağın və onun saxlanmasında köməklik göstərmədiyini bildirərək aliment tələb edir, cavabdeh isə özünün xəstə olduğunu, bununla belə iki uşaq üçün aliment ödədiyini bildirərək iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur; 76.2-ci maddəsinə görə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə qanunvericiliyinin tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Hazırki iş üzrə cavabdehin əmək haqqı 743 manat, onun yarısı 371,5 manat, cavabdehin əvvəlki nikahından olan uşaqların saxlanması üçün tutulan alimentin məbləği isə 308 manatdır. Belə olan halda isə cavabdehin qazancının (başqa gəlirlərin) yarısından 10 aprel 2021-ci təvəllüdlü X1 üçün 63,5 manat qalmış olur. Həmin məbləğ isə yaşayış minimumunu müəyyən edən qanunvericilikdə göstərilən minimum dolanacaq xərclərindən çox aşağıdır. Bununla belə, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ona görə də məhkəmə, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu, cavabdehin əvvəlki nikahından da uşaqlarının olduğunu və onların saxlanması üçün aliment ödədiyini, habelə cavabdehin müalicəsinə də vəsait tələb olunduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia uşağın saxlanması üçün alimentin tutulması hissədə qismən təmin edilməli, cavabdehdən 31 avqust 2021-ci il tarixdən başlayaraq 10 aprel 2021-ci təvəllüdlü X1 üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2-ci maddəsinə görə bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə iddia tələbinin “uşağın üç yaşına çatanadək iddiaçının saxlanması üçün alimentin tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin həmin 100 manat məbləğində alimenti ödəmək üçün zəruri vəsaitə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 31 avqust 2021-ci il tarixdən başlayaraq 10 aprel 2021-ci təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-6944/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6944/2021
28.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver