Məhkəmə qərarları › İş №2(001)-6966/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6966/2025

04.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6966/2025 04.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavbdeh Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair (açar sözlər: aliment miqdarının dəyişdirilməsi, azaldılması) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavbdeh Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ.İşin mahiyyəti: İddiaçı cavbdeh Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)- 788/2025 saylı qərardadı ilə xx.xx.2015-ci il təvəllüdlü X6 ve xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat miqdarında sabit pul məbləğinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1145/2018 nömrəli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-788/2025 saylı qərardadına əsasən ərizə təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 1145/2018 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.15 misli həddində indeksasiya olunması qərara alınmışdır. Təyin olunan aliment miqdarını hər zaman vaxtında ödəmişdir. Heç bir yerdə işləmir, başqa gəlir mənbəyi yoxdur. Bu səbəbdən həmin aliment miqdarı onun üçün həddən artıq çoxdur və onu ödəməkdə çətinlik çəkir. Bu da öz növbəsində ona digər sosial problemlər yaradır. Onlar onun övladlarıdır və onların sağlam şəraitdə, heç bir ehtiyac içində olmadan böyümələri üçün əlindən gələni etməyə hazırdır. Lakin kəsilən alimentin bu qədər çox olması alimentin vaxtlı vaxtında ödənilməsinə çətinliklər yaradır. O, real olaraq bu məbləği ödəyə bilmir. O, atalıq vəzifəsini yerinə yetirməyə hazırdır, amma hazırda işsizdir və bir sıra çətinliklərlə üzləşmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, iddiaçı işləmir, hər ay hər uşaq üçün 150 manatdan artıq aliment ödəmək iqtidarında deyil. Cavabdehin valideynlərinin gəlirləri yaxşıdır, özü və yoldaşı yalnız sosial pensiya alır və aliment məbləğinin ödənilməsində oğluna köməklik göstərir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh ərizəyə etiraz edərək, həmçinin məhkəməyə yazılı etirazını ünvanlayaraq bildirmişdir ki, 2017-ci il tarixdə iddiaçı onu və övladlarını kirayədə yaşadıqları ünvanda qoyaraq xəbərsiz onları tərk etmiş, istifadəsində olan nömrəni blok etmişdir. Qonşuların köməkliyi ilə valideynlərinə məlumat verilmiş, həmin vaxtdan bu günədək uşaqlarla maraqlanan olmamışdır. Müraciəti əsasında 2018-ci il tarixli məhkəmə qətnaməsi əsasında uşaqların hər birinə hər ay 150 manat alimentin tutulması qət edilmiş, həmin tarixdən sonra artırılma ilə müraciət etməmişdir. Hətta övladları ilə birlikdə yaşamaq hüququnun verilməsi üçün iddiaçıya qarşı iddia ilə məhkəməyə müraciət etsə də, onun və ailəsinin hərəkətləri nəticəsində iddiasını geri götürmüşdür. Artıq uşaqların xərcləri kəskin artığından və həmin xərcləri təkbaşına qarşılaya bilmədiyindən indeksasiya ərizəsi ilə məhkəməyə müraciət etmiş və ərizəsi təmin edilməklə aliment məbləği qaldırılmışdır. Övladlarına biganə yanaşan ata həmin məbləği də övladlarına çox görməklə məbləğin azaldılmasını istəyir. Lakin iki məktəbli uşaqla 300 manat xərclərin qarşılanması yetərli deyil və qərardad əsasında müəyyən edilmiş məbləğin saxlanılmasını istəyir. Cavabdeh hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılsa da, etiraz ərizəsi ünvanlamaqla məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - AzeMis elektron sistemdən və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 Bakı şəhərində doğulmuş, anası Cavabdeh, atası isə İddiaçıdur. - Bakı şəhəri binəqədi Rayon Məhkəməsinin 2(001)-1145/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, 26 oktyabr 2015-ci il tarixdə anadan olmuş X4 və 18 aprel 2017-ci il tarixdə anadan olmuş X2 hər birinin 18 yaşa çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşağa 150 (yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi və alimentin tutulmasının əvvəli 15 dekabr 2017-ci il tarixdən hesablanması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-788/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1145/2018 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.15 misli həddində indeksasiya olunması qərara alınmışdır. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və cavabdehin etirazını tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 73.1 və 73.2-ci maddələrinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onuntərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13—16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. 101.2-ci maddəsinə əsasən, məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqe ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyəcisi kimi ödənilən verginin məbləği və sair), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və sair), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunverciliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqlarının olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsinə digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olubolmamasını və sair məsələləri nəzərə almalıdırlar. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli qərarına əsasən: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarına əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddia tələbi ilə bağlı işin mübahisə olunmayan hallarına görə, tərəflər xx.xx.2012-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş, onların birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X6 və və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı iki övladları doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 1145/2018 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra hər iki uşaq ananın himayəsinə verilmiş, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün atadan ananın xeyrinə hər ay 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 8(001)-788/2025 nömrəli qərardadı ilə aliment məbləği indeksasiya edilməklə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.15 misli (hər uşaq üçün 460 manat) həddində indeksasiya olunmuşdur. Hazırda iddiaçı, məhkəmə tərəfindən alimentin miqdarı hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.15 misli indeksasiya edildikdən sonra ailə və maddi vəziyyətində dəyişikliyin baş verdiyinə istinadən cavabdehin xeyrinə ondan tutulacaq alimentin miqdarının azaldılaraq hər ay, hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh isə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və maddi vəziyyətində hər hansı dəyişikliyin baş vermədiyini göstərərək iddiaya etiraz edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının istinad etdiyi hallara uyğun gələn iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi, aliment təyin edilməsinə dair qətnamələrdən fərqli olaraq, alimentin miqdarının dəyişdirilməsi (artırılarkən və ya azaldılarkən) barədə qətnamələrin ümumi qaydada icra edilməsi, yəni qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli olması müəyyən edilmişdir. Belə ki, ailə qanunvericiliyinin müddəaları təyin olunmuş aliment miqdarının tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilmə imkanını təsbit edir. Mövcud iş üzrə qiymətləndirmə apararkən diqqət yetirilməli olan əsas faktor iddiaçının və uşağın maddi vəziyyyətidir. Məhkəmə qeyd edir ki, iddiaçıdan övladının saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,15 misli həddində sabit pul məbləğində aliment tutulmuşdur. Lakin hazırda iddiaçının gəlirləri olmadığından və indeksasiya olunmuş aliment məbləği onun maliyyə imkanlarını aşdığından, həmin məbləğdə aliment ödəmək iqtidarında deyildir. Bu isə öz növbəsində məhkəmə qərardadının icrasını çətinləşdirir və uşağın mənafeyinə ziddir. Halbuki iddiaçının nəzərdə tutduğu hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində aliment miqdarı uşağın saxlanılması üçün minimum dolanacaq xərclərini qarşılayaraq, həm uşağın maddi ehtiyaclarını ödəyir, həm də iddiaçının öz yaşayışının təmininə şərait yaratmaqla məhkəmə aktının icrasını mümkün edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-788/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, iddiaçıdan xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilməlidir. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 5760 manat təşkil etdiyinə və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 77,6 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-788/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. İddiaçı tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,60 misli həddində aliment tutularaq Cavabdeh ödənilsin. 77,6 (yetmiş yeddi manat altmış qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar