Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7025/2025 25.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən onunla cavabdeh arasında bağlanmış nikah pozulmuş və birgə nikahlarından dünyaya gələn xx.xx.2013-cü il təvəllüdlü X2 cavabdehin himayəsinə verilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin ondan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Daha sonra, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)-617/2025 saylı qərardadı ilə övladı xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödəyəcəyi alimentin miqdarının ölkə üzrə minimum əmək haqqının (400 manat) 1.11 misli həddində (444 manat) indeksasiya olunması qərara alınmışdır. O, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)- 617/2025 saylı qərardadı ilə razı deyildir. Belə ki, sözügedən qərardadda reallıq nəzərə alınmamış və bir uşağa fantastik məbləğdə aliment təyin edilmişdir. Hansı ki, onun tərəfindən həmin məbləğdə alimentin ödənilməsi mümkün deyildir. Bu səbəbdən də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)-617/2025 saylı qərardadı ilə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının (400 manat) 1.11 misli məbləğində alimentin azaldılaraq, hər ay ölkə üzrə minimum əmək haqqının (400 manat) 0.50 misli həddində sabit pul məbləğində alimentin tutulması ilə bağlı məhkəməyə müraciət edir. Beləliklə, ümumillikdə 444 manat məbləğində alimentin 200 manat azaldılması tələbini nəzərə alaraq, o, aylıq 244 manat məbləğin mübahisəsini aparır. O, hesab edir ki, mediasiya prosesində tərəfindən ödənilmiş rüsum mübahisə üzrə bütün ödəməli olduğu rüsumu özündə ehtiva edir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)-617/2025 saylı qərardadı ilə xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının (400 manat) 1.11 misli məbləğində olan alimentin azaldılaraq, hər ay ölkə üzrə minimum əmək haqqının (400 manat) 0.50 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, İddiaçı təkrar nikaha daxil olmasını, həmin nikahdan iki azyaşlı övladının olmasını, maddi imkanın aşağı olmasını nəzərə alaraq, alimentin miqdarının azaldılması və hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, alimentin 250 manat məbləğində müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qimən əsaslı olduğundan qimən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/3/2025-00538 saylı arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 13:00-da və xx.xx.2025-ci il tarixdə, saat 12:00-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh iştirak etmişlər və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı dövlət büdcəsindən Mediasiya Şurasına ayrılmış vəsait hesabına 50 manat məbləğində ilkin mediasiya xərci və 10 manat kargüzarlıq və sair xərclər ödənilmişdir. Lakin Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik verilmiş, əlilliyin müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-617/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1711/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tutulan aliment indeksasiya olunmuş və 18 avqust 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.11 misli həddində sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 31 iyul 2025-ci il tarixli 3-17-7/2-H-23548/2025 saylı arayışdan görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən xx.xx.2025-ci il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən minimum aylıq əmək haqqı 01 yanvar 2025-ci il tarixindən 400 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilmişdir ki, tərəflər arasında alimentlə bağlı mübahisə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)- 1711/2016 saylı qətnaməsinə əsasən yekunlaşmış, həmin qətnamə ilə xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 117 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bundan sonra, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarına istinad edilməklə Cavabdeh ərizəsi əsasında məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği məhkəmə tərəfindən indeksasiya edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-617/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)-1711/2016 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh ödənilməli olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.11 misli həddində, yəni 400 x 1.11 = 444 manat məbləğində indeksasiya edilmişdir. Hazırda iddiaçı həmin məbləğin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş minimum məbləğdən artıq olmasına, özünün yenidən ailə qurmasına və maddi vəziyyətinin aşağı olmasına əsaslanaraq aliment məbləğinin 200 manat məbləğində müəyyən edilərək azaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının indeksasiya edilərək müəyyən edilmiş aliment məbləğinin ödənilməsi üçün kifayət qədər qazanca malik olmadığı iş materialları ilə təsdiq olunduğundan, müəyyən olunmuş alimentin məbləğinin azaldılması (dəyişdirilməsi) üçün kifayət qədər əsaslar mövcud olduğundan iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)- 1711/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-617/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində (400 x 0.62 = 246 manat) sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)-1711/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-617/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində (400 x 0.62 = 246 manat) sabit pul məbləğində aliment tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-7025/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7025/2025
25.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver