Məhkəmə qərarları › İş №2(001)-7026/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7026/2021

19.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7026/2021 19.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi (atası) X2, Cavabdeh nümayəndəsi (atası) X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus dəyəri 8.150 manat olan qızıl-zinət əşyasının və dəyəri 2.200 manat olan şəxsi geyim əşyasının, cəmi 10.850 manat dəyərində əşyaların cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus dəyəri 3.000 manat olan 2 ədəd nişan üzüyünün (biri 750 əyar 1,5 karat, 4 qram, digəri 740 əyar, 1 karat, 5,5 qram), dəyəri 500 manat olan sırğa dəstinin (750 əyar 5 qram), dəyəri 3.500 manat olan qızıl komplekt dəstinin (tərkibində 1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd qolbağ, 1 ədəd boyunbağı 750 əyar, 2 karat 24 qram), dəyəri 550 manat olan sepin (boyunbağı firuzə kulonlu rus qızılı 9 qram, kulonu firuzə qaşlı 2,5 qram), dəyəri 600 manat olan uşaq üçün hədiyyə verilən kulonun (Qurani Kərim formasında rus qızılı 6 qram), dəyəri 400 manat olan sepin (üzərində ürək şəkilli kulonla birlikdə 750 əyar 4 qram), dəyəri 2.200 manat olan qara rəngli Şubanın və dəyəri 500 manat olan Samsung markalı telefonun, bu mümkün olmadıqda bu əşyaların dəyərini təşkil edən 11.250 manat pulun Cavabdeh alınaraq, ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (atası) X4 ərizə ilə məhkəməyə müraciət edərək, 1 ədəd xəz dəri (şuba), bir çüt sırğa və bir ədəd firuzə kulonlu boyunbağı istisna olmaqla, iddia üzrə tələb edilən digər əmlakları qarşı tərəfdən qəbul etdiyini bildirmiş və iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (atası) X5 1 ədəd xəz dəri (şuba), bir çüt sırğa və bir ədəd firuzə kulonlu boyunbağı istisna olmaqla, iddia üzrə tələb edilən bütün digər əşyaları iddiaçı tərəfə təhvil verdiyini qeyd etmiş və ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə, iddiaçı tərəfin iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizəsini, habelə cavabdehin işə mahiyyəti üzrə baxımasını tələb etməməsini nəzərə alıb, belə qənaətə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır; 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 03 nömrəli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının MPM-in 170-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsini geri götürə bilər. MPM-in 170-ci və 259.0.11-cı maddələrinin əlaqəli izahına görə bu əsasla ərizənin baxılmamış saxlanılması ərizə icraata qəbul ediləndən sonra işə mahiyyəti üzrə baxılana kimi mümkündür. İddiaçı tərəfindən ərizənin geri götürülməsi mülki prosesin sərbəstlik prinsipinə uyğun olsa da cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etməyə haqlıdır. İddia ərizəsinin qaytarılması barədə ərizə verilsə də cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etdikdə ərizə baxılmamış saxlanıla bilməz və mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin qaytarılması barədə iddiaçının ərizəsi hələ özü-özlüyündə həmin iddia ərizəsinin baxılmamış saxlanılmasına səbəb olmur. Bu halda iddia ərizəsinin baxılmamış saxlanılması cavabdehin ona münasibətindən asılıdır. Belə ki, yalnız cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi onun davranışının passiv formasıdır və mülki işin materiallarında onun belə tələbinin olduğunu təsdiq edən sübutun (işə mahiyyətcə baxılması tələbini ifadə edən ərizənin, vəsatətin, məhkəmə iclası protokoluna imzasının və s.) olmaması vəziyyəti cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirmək üçün kifayətdir. Beləliklə, məhkəmə, iddiaçı tərəfin iddia ərizəsinin qaytarılmasına dair müraciətini, habelə cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmaqla baxılmamış saxlanılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260-cı, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmaqla baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar