Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7028/2023 27.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2011-ci il təvəllüdlü Cavabdeh2 Vüqar qızının, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ayda hər uşağa 220 manat olmaqla 660 manat sabit pul məbləğində alimentin və mediasiya xidmətinə görə ödənilmiş 50 manat xidmət haqqının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X8 ilə Rusiya Federasiyasında rəsmi ailə qurmuş və onunla 2020-ci il tarixədək Rusiya Federasiyasının Kaluqa şəhərində yaşamış, onunla birgə ailə münasibətlərindən xx.xx.2011-ci il tarixdə Safura, xx.xx.2012-ci il tarixdə Ağaşirin və xx.xx.2014-cü il tarixdə Balaşirin adlı uşaqları dünyaya göz açmışdır. Sonradan onun X8 ilə ailə münasibətləri sonuncunun spirtli içkilərə qurşanması, ailənin minimum xərclərini təmin etməməsi, bütün qazancının spirtli içkilərə sərf etməsi səbəbindən pozulmuş, ailələri faktiki olaraq dağılmış və o, buna görə 2020-ci ildə Azərbaycan Respublikasına qayıtmalı olmuşdur. Azərbaycana gələrkən X8 ona və uşaqlarına məxsus bütün sənədlərini, qızıl-zinət əşyalarını əlindən alaraq onu Bakı şəhərinə yola salmışdır. Hal-hazırda Qardağ rayonu, Ələt qəsəbəsi, M,Ə.Sabir küçəsi, ev 6 ünvanında yerləşən valideynlərinə məxsus evdə yaşayır. Uşaqlarının bütün xərcləri valideynlərinin və qardaşının maddi hesabına təmin edilir. Belə ki, uşaqlarının atası X8 uşaqların saxlanmasında ona heç bir maddi köməklik göstərmir. Buna görə də o, alimentin tutulmasına dair X6 qarşı Rusiya Federasiyası Kaluqa şəhərində iddia tələbi qaldırmışdır və Kaluqa vilayətinin Kaluqa Məhkəmə Rayonunun 12-ci məhkəmə sahəsinin 2-2127/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə əmri ilə aliment tələbi təmin edilmişdir. İcra məmuru tərəfindən qeyd olunan məhkəmə əmri borclunun iş yerinə göndərilmiş və bir müddət borclu X5 əmək haqqında alimentin tutulması təmin edilsə də, borclu sonradan qəsdən işdən çıxmış və buna görə də alimentin ödənilməsi dayandırılmışdır. Artıq 1 ilə yaxındır ki, alimenti ala bilmir. Məhkəmə qərarının icra olunmaması ilə əlaqədar o, Rusiya Federasiyası Prokurorluq orqanlarına şikayət etsə də hazıradək müsbət nəticəsi olmamış və nəticə etibarı ilə alimentini ala bilməmişdir. Hazırda onun və uşaqlarının maddi durumu çox ağır vəziyyətdədir, heç yerdə işləmir, ona yardım göstərən anası isə ağır yataq xəstəsidir, artıq o da ona yardım göstərə bilmir və nəticə etibari ilə o, 3 uşaq ilə pis durumda qalmışdır. Həmçinin nəvələri ilə istədikləri vaxt ünsiyyətdə olmalarına baxmayaraq cavabdehlər uşaqların nənəsi və babası olaraq onların saxlanılmalarında ona yardım etmirlər. Baxmayaraq ki, onların hər ikisi ayrı-ayrılıqda yüksək məbləğdə pensiya alırlar. Buna görə də hazırki iddia tələbi ilə cavabdehlərə qarşı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə mediasiya yolu ilə mülki-ailə mübahisəsinin həllinə çalışsa da, cavabdehlər mediasiya sessiyasına qatılmaqdan boyun qaçıraraq qəsdən gəlməmişlər. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək bildirdilər ki, onlar iddianı qəbul etmirlər. Belə ki, onlar yaşlı adamlardır, xəstədirlər, pensiya ilə dolanırlar. İddiaçı uşaqların atasından aliment tələb etsin. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehlər iddianı qəbul etməyərək, rədd edilməsini xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: İ-HK 703276 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 Vüqar qızı xx.xx.2011-ci il tarixdə Kaluqa şəhərində anadan olmuş, atası X8, anası İddiaçıdır. İ-HK 729358 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2012-ci il tarixdə Kaluqa şəhərində anadan olmuş, atası X8, anası İddiaçıdır. İ-HK 757531 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə Kaluqa şəhərində anadan olmuş, atası X8, anası İddiaçıdır. Etiraf Eyyubov adına 273 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, Cavabdeh2 Vüqar qızı 2023/2024 tədris ilində Vİ sinfində, X9 V sinfində, X7 isə İİ sinfində oxuyur. xx.xx.2022-ci il tarixli icra sənədinin surətinin borclunun iş yerinə icra üçün gödərilməsi haqqında qərarın tərcümə edilmiş surətindən görünür ki, borclu X5 "xxxx" MMC-də işləməsi müəyyən edildiyindən xx.xx.2021-ci il tarixli, 2-2127/2021 saylı məhkəmə əmri əsasında pul vəsaitlərinin tutulması üçün icra sənədinin surəti "xxxx" MMCyə göndərilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli icra icraatına xitam verilməsi haqqında qərarın tərcümə edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, 2-2127/2021 saylı məhkəmə əmri üzrə başlanılmış 1083xx/xx/40021-İP saylı icra icraatına xitam verilməsi qərara alınmışdır. Belə ki, borclu X8 işləyir və dövri ödənişlərin tutulması üçün icra sənədinin surəti borclunun gəlir aldığı yerə göndərilməlidir. Kaluqa Şəhər Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun tərcümə edilmiş surətindən görünür ki, sonuncunun şikayəti əsasında araşdırma aparılmış və bildirilmişdir ki, sonuncunun aliment tələbi ilə bağlı xx.xx.2022-ci il tarixli, 1083xx/xx/40021-İP saylı icra sənədi icra edilməsi üçün borclu X5 iş yerinə - "xxxx" MMCyə göndərilmişdir. Həmçinin araşdırma zamanı Kaluqa şəhərinin Leninsikiy rayonu üzrə Məhkəmə İcraçıları Şobəsinin vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin tələblərinin pozularaq, borclunun iş yeri üzrə aylıq qazanc və digər gəlirlərindən icra sənədi üzrə aliment məbləğinin vaxtlı-vaxtında tutulmasının və köçürülməsinin təmin edilmədiyi müəyyən edilmişdir. Bu pozuntuların aradan qaldırılmasına dair Kaluqa vilayəti üzrə Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin rəhbərliyinə təqdimat göndərilmişdir. Bu yoxlamanın nəticələri barədə qanunla müəyyən edilmiş müddətdə sonuncuya məlumat veriləcəkdir. Bakı 18 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı aliment tələbi ilə bağlı mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin qarşı tərəf sessiyada iştirak etməmiş, 50 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, xx.xx.1947-ci il təvəllüdlü Cavabdeh1 543,81 manat, xx.xx.1952-ci il təvəllüdlü Cavabdeh2 isə 327.22 manat məbləğində pensiya alır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, X8 ilə İddiaçı birgə nikahlarından Safura, Ağaşirin və Balaşirin adında 3 uşaqları var. Hazırki cavabdehlər isə uşaqların ata tərəfindən nənəsi və babasıdır. Hazırda iddiaçı uşaqların atalarının aliment ödəmədiyini, maddi vəziyyətinin ağır olduğunu bildirərək uşaqların nənə-babasından aliment tələb edir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki tələbin qanuni əsası isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsidir. Həmin maddəyə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Göründüyü kimi, cavabdehlərdən aliment tutulması üçün 2 əsas şərt var.
1. yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilməməsi.
2. baba və nənənin aliment ödəmək üçün zəruri vəsaitə malik olması. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş materiallarından müəyyən olunur ki, iddiaçı uşaqların saxlanması üçün aliment tələbi ilə bağlı Kaluqa şəhərində məhkəməyə müraciət etmiş və məhkəmə qərarı ilə X3 onun xeyrinə aliment tutulmuş, həmin qərar icraya yönəldilmişdir. X1 aliment ödəməkdən boyun qaçırması halı nənə və babadan aliment tələb edilməsi üçün əsas olmamalıdır. Çünki, icra tədbirləri nəticəsində X5 alimenti yenidən əvvəlki kimi ödəməsi istisna edilmir. Başqa sözlə, X8 aliment ödəmək iqtdarındadır, yəni iş materiallarından və proses iştirakçılarının izahatlarından müəyyən edilir ki, həmin şəxs azadlıqdan məhrum edilməmiş və ya gəlir əldə etmək qabiliyyətindən məhrum olmamışdır, sadəcə olaraq alimenti ödəməkdən boyun qaçırır. Bu hal isə icra məmurlarının tədbirləri nəticəsində aradan qaldırıla bilər. Eyni zamanda, hazırkı mübahisə üzrə cavabdehlər olan nənə və babanın zəruri vəsaitə malik olmasına dair rəsmi və təsdiqedici sənəd məhkəməyə təqdim edilməmişdir. Əksinə iş elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlarla təsdiq edilir ki, cavabdehlər heç bir yerdə işləmirlər, Cavabdeh1 76 yaşı var və o, 543,81 manat, Cavabdeh2 isə 72 yaşı var və o, 327.22 manat məbləğində pensiya alır. Belə olan halda cavabdehlərin etirazlarında göstərdikləri dəlillər real və ağlabatan olduğundan məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən tələb edilən mediasiya xərci də iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment” tələbinə dair iddiası rədd edilsin. Tələb olunan mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Hətəmzadə