Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7067/2025 25.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 17 sentyabr 2003-cü il tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahlarından dörd uşaqları anadan olmuşdur. xx.xx.2008-ci il tarixdə X9, xx.xx.2010-cu il tarixdə X4, xx.xx.2012-ci il tarixdə X7 və xx.xx.2018-ci il tarixdə X13 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5032/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş və uşaqların onun yanında saxlanılması qət edilmişdir. xx.xx.2023-cü il tarixdə nikaha xitam verilməklə xx.xx.2023-cü il tarixdə nikahın pozulması haqqında akt qeydləri kitabında 711 nömrə ilə qeyd edilmiş və xx.xx.2023-cü il tarixdə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdeh uşaqların saxlanılmaları üçün heç bir maddi yardım göstərmir, uşaqlarla maraqlanmır, uşaqların sağlamlıqlarının qayğısına qalmır. Uşaqların maddi tələbatlarının ödənilməsi, sağlamlıqlarının qayğısına qalınması və normal inkişafı üçün xeyli vəsait tələb olunur. Cavabdeh öz valideynlik borclarını yerinə yetirməkdən yayınır, halbuki uşaqların sağlam və normal böyüməsi üçün maddi yardım göstərmək onun da borcudur və ilk növbədə uşaqların hüquqları nəzərə alınmalıdır. Alimentin ödənilməsi uşaqların maddi tələbatlarının ödənilməsi üçün vacibdir. O, mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı onun tərəfindən 50 manat ödəniş edilmişdir. Ona xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 100 manat, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 100 manat, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 100 manat və xx.xx.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 100 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Lakin məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, məhkəməyə ərizə təqdim edərək növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh də, öz növbəsində məhkəməyə ərizə təqdim edərək, ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/3/2025-00564 saylı arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 12:00-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini və 10 manat kargüzarlıq xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 468684 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5032/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarında olan Moskva VVAQ İdarəsinin Perovo VVAQ şöbəsi tərəfindən verilmiş İV – МЮ seriyalı, 545057 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2008-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə X2r. İş materiallarında olan Ağsu rayonu Ərəbuşağı kənd ərazi dairəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 423743 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə X2r. İş materiallarında olan Ağsu rayonu Ərəbuşağı kənd ərazi dairəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 899313 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə X2r. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 205095 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə X2r. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Cavabdeh ərizəsində iddia tələbinə etiraz etmədiyini, hər ay hər uşağa 100 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində alimentin tutulmasına etiraz etmədiyini qeyd etmişdir. İlk növbədə qeyd edilməlidir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15№-li qərarında Plenum alimentin hesablanmasının yeni qaydasını tövsiyyə edərək, müəyyən etmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Beləliklə, məhkəmə araşdırması zamanı sübutlarla təsdiq edilmişdir ki, tərəflər xx.xx.2003-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X13 dünyaya gəlmişdir. Tərəflər arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, aliment tələbi cavabdehin mübahisələndirilməyən vəzifəsinin icrası ilə bağlı olduğundan, eyni zamanda cavabdeh alimentin tutulmasına etiraz etmədiyindən iddia tələbi təmin edilməli, alimentin hesablanması ilə bağlı Ali Məhkəmənin tövsiyyə etdiyi yeni qayda əsas götürülməklə alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməli, xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli həddində (400 x 0.25 = 100 manat) sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 22 oktyabr 2025-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78-ci maddəsini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. 22 oktyabr 2025-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. Cavabdeh 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-7067/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7067/2025
25.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver