Məhkəmə qərarları › İş №2(001)-7085/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7085/2023

16.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7085/2023 16.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “uşaqlardan birinin atanın yanında saxlanılması və alimentin azaldılması” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 mart 2014-cü il təvəllüdlü X1 onun yanında saxlanması və Binəqədi Rayon Məhkəməsinin 2(001)-1167/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. İddia ərizəsindən görünür ki, iddia nə alimentin tutulması, nə də nikahın pozulmasından ibarətdir. Bu səbəbdən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli idi. İddiaçı cavabdehin rəsmi qeydiyyat ünvanının Binəqədi rayonu ərasizində yerləşdiyinə istinad edərək(eyniləşdirmə məlumatlarını göstərmədən) Binəqədi Rayon Məhkəməsinə müraciət etsə də, elektron məhkəmə informasiya sistemindən sorğulanmış məlumatlardan cavabdeh kimi qeyd edilən şəxsin aktiv şəxsiyyət vəsiqəsinin olmadığı aşkar edilmişdir. Bununla belə onun əvvəlki ünvanının Suraxanı rayonunda yerləşdiyi müəyyən edilir. Odur ki, hazırki halda iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına görə Bakı şəhəri Binəqədi Rayonu Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, iddia iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə, o cümlədən ödənilmiş 50 manat məbləğindəki dövlət rüsumu iddiaçıya geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “uşaqlardan birinin atanın yanında saxlanılması və alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə, o cümlədən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya nöqsanlar aradan qaldırılmaqla müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar