Məhkəmə qərarları › İş №2(001)-7123/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7123/2021

07.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7123/2021 07.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunu katibliyi, İddiaçı Zeınalova(Zeynalova) Gıunaı(Günay) Elbrus qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Zeınalova(Zeynalova) Gıunaı(Günay) Elbrus qızının Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Zeınalova(Zeynalova) Gıunaı(Günay) Elbrus qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 25.06.2015-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana kimi 175 manat sabit pul məbləğinin Cavabdeh tutularaq iddiaçı Zeınalova(Zeynalova) Gıunaı(Günay) Elbrus qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31.07.2017-ci il tarixli, 2(001)-10928/2017 saylı qətnaməsi əsasında iddiaçı Zeınalova(Zeynalova) Gıunaı(Günay) Elbrus qızı ilə Cavabdeh arasında 25 mart 2014-cü il tarixində bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından olan 25.06.2015-ci il təvəllüdlü X3 iddiaçı Zeınalova(Zeynalova) Gıunaı(Günay) Elbrus qızının himayəsində saxlanılmışdır. Nikahın pozulması tələbi ilə məhkəməyə müraciət edərkən cavabdeh birgə nikahdan olan uşağın iddiaçının yanında saxlanmasına razı olduğu üçün aliment tələb etməmişdir. Lakin uşağın həm təlim-tərbiyəsi ilə məşğul olmaq, həmdə maddi tələbatını ödəmək iddiaçı üçün çox çətindir. Faktiki olaraq iddiaçı uşağın gündəlik xərclərini təmin edə bilmir. Nikah pozulduqdan sonra yəni, 31.07.2017-ci il tarixindən bu günə kimi cavabdeh uşağının saxlanması üçün heç bir maddi köməklik göstərməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil iddia tələbini müdafiə etdiyini və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh v məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 31.07.2017-ci il tarixli, 2(001)- 10928/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Zeınalova(Zeynalova) Gıunaı(Günay) Elbrus qızı ilə Cavabdeh arasında 25 mart 2014-cü il tarixində Ukraynanın Xarkov şəhər ədliyyə idarəsinin qeydiyyat xidməti tərəfindən bağlanmış və 279 № ilə qeydə alınmış nikahlarının pozulması, tərəflərin birgə nikahlarından olan 25.06.2015-ci il təvəllüdlü X2 iddiaçı Zeınalova(Zeynalova) Gıunaı(Günay) Elbrus qızının yanında qalması qət edilmişdir. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı 277609 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Zeınalova(Zeynalova) Gıunaı(Günay) arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 12.10.2017-ci il tarixində 423 № ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 25.06.2015-ci il tarixində Tovuz rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası Zeınalova(Zeynalova) Gıunaı(Günay) Elbrus qızıdır. № 2021-000942 saylı, 01.09.2021-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə mediator arayışının surətindən görünür ki, Zeınalova(Zeynalova) Gıunaı(Günay) Elbrus qızı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh isə 01.09.2021-ci il tarixində saat 11:00-da keçiriləcək mediasiya sessiyası barədə 10 gün əvvəlcədən xəbərdar edilməsinə baxmayaraq sessiyada iştirak etməmişdir. Mülki iş materialları əsasında məhkəmə tərəfindən müəyyən edilir ki, Zeınalova(Zeynalova) Gıunaı(Günay) Elbrus qızı ilə Cavabdeh arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31.07.2017-ci il tarixli, 2(001)-10928/2017 saylı qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahlarından olan övladları 25.06.2015-ci il təvəllüdlü X2 anasının yanında qalması müəyyən edilmiş və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment tutulmamışdır. Nikahın pozulması akt qeydləri kitabında 12.10.2017-ci il tarixində 423 № ilə qeyd edilmişdir.Tərəflər uzun müddətdir ki, ayrı yaşayırlar. İddiaçı nikah pozularkən aliment tələb etməsə də, hal-hazırda cavabdehdən sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu məhkəmə müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bundan əlavə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynin borcu olduğundan, cavabdeh valideyn olaraq faktiki olaraq uşağın saxlanılmasında iştirak etmədiyindən iddiaçı cavabdehdən aliment tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə yetkinlik yaşına çatmayan 25.06.2015-ci il təvəllüdlü X2 mənafeyini, uşağın əvvəlki təminatının səviyyəsini, uşaqlar haqqında yaşayış minimumumu haqqında tələbləri, iddiaçının sabit pul məbləğində aliment tələb etməsini nəzərə alaraq hesab edir ki, 25.06.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Buna görə də məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli 07.09.2021-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, 25.06.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı Zeınalova(Zeynalova) Gıunaı(Günay) Elbrus qızına ödənilməli, alimentin tutulmasının əvvəli 07.09.2021-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 25.06.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı Zeınalova(Zeynalova) Gıunaı(Günay) Elbrus qızına ödənilsin. Aliment məbləği 07 sentyabr 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar