Məhkəmə qərarları › İş №2(001)-738/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-738/2022

24.02.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-738/2022 24.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əmək haqqı borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əmək haqqı borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum X3 "xxxx" Açıq Səhmdar Cəmiyyətində uzun illər mühasib işləmiş, 25.04.2019-cu il tarixdə vəfat etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar vəfat edən işçisi X2 01.04.2019-cu il tarixə 17693,79 manat miqdarında əmək haqqı borcu olmuşdur. Cavabdeh borcunu hər zaman etriaf etməsinə baxmayaraq müxtəlif bəhanələrlə indiyə kimi ödənişdən yayınmış, hər dəfə yaxın vaxtlarda əmək haqqı borclarının tam ödəniləcəyini bəyan etmişdir. Cavabdeh şirkətin qanuni təmsilçisi, həmçinin həmin şirkətin nümayəndələri müəssisənin fəaliyyəti dayandığından əmək haqqı borclarını ödəmək imkanlarının olmadığını bildirmiş, hər dəfə möhlət verilməsini xahiş etmiş, müəssisəyə əlavə investisiyalar qoyuduğunu və yaxında yenidən fəaliyyətə başlayacaqlarını, əmək haqqı borclarının da ilk növbədə ödəniləcəyini bəyan etmişlər. İddiaçının mərhum həyat yoldaşı X3 25.04.2019-cu il tarixdə vəfat etmişdir. O, vəfat etdiyi tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləmiş, vəfat edən günədək qalan əmək haqqı borcunun ödəniləcəyinə ümid etmişdir. X6 ikinci işi olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləmiş, buna görə də, əmək haqqı az olmuş, əsas iş yeri başqa müəssisə olmuşdur. Əmək kitabçası əsas iş yerində yazılmışdır. X6 sağ olan vaxtlarda ona hər dəfə narahat olmamasını, yaxın vaxtlarda borclarını ödəycəklərini bildirirdilər, iddiaçının yoldaşı da onlara inanırdı. Lakin ödəniş həyata keçirilməmişdir. Firuddin Ömərov vəfat etdikdən sonra cavabdeh şirkət yaxın vaxtlarda ödəniş olunacağını, mərhumun həyat yoldaşı və birinci dərəcədən vərəsəsi kimi ödənişi mənə ödəyəcəklərin vəd etməyə davam etmişlər. Bu minvalla onlar vəd verir, söz verir, öhdəlik götürür, möhlət, vaxt verilməsini xahiş edir, lakin heç bir iş görmürdülər. Beləliklə indiyə kimi qalıq borcdan heç bir ödəniş olmamışdır. Cavabdeh şirkət hazırda da eyni qaydada vədlər verməyə, möhlət istəməyə davam edir. Lakin son ayda cavabdeh şirkətlə əlaqə tamam kəsilmiş, iddiaçının telefon zənglərinə cavab vermirlər, şirkətin ünvanında da qapıları bağlayıblar, içəri buraxmırlar, ərizə, müraciət və məktubları qəbul etmirlər. Buna görə də, iddiaçı şübhələnməyə başladı. İddiaçı məsələnin məhkəmədənkənar həllinə nail olmaq üçün çox çalışdı. Mediasya təşkilatları, mediatorlar da cavabdehlə əlaqə yaradıb məsələni həll etmək üçün səy göstərdilər, lakin olmadı, cavabdeh şirkət və onun nümayəndələri son zamanlar sadəcə olaraq gizlənirlər, üzə çıxmırlar. İddiaçının şikayətinə baxılması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Sumqayıt regional ərazi şöbəsi tərəfindən 24 sentyabr 2021-ci il tarixli cavab məktubunda yoxlamaların dayandırılması ilə əlaqədar məsələnin yerində araşdırılması mümkün olmadığından məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Cavabdehin bir sıra başqa işçilərə də əmək haqqı borcu olduğu müəyyən olunmuşdur. Cavabdehin fəaliyyəti rəsmi olaraq dayanmış olsa da, xeyli həcmdə əmlakı, aktivləri, torpaq sahəsi, daşınar və daşınmaz əmlakı, həmçinin əmlak icarəsindən əldə etdiyi gəlirlər mövcuddur. Lakin şirkət bunları gizlədərək işçilərinə olan əmək haqqı borclarını ödəməkdən yayınmaqdadır. İddiaçının tələbkar həyat yoldaşı F.Ömərov vəfat etdiyindən ona olan 17693,79 manat miqdarında hesablanmış, lakin ödənilməmiş əmək haqqı borcunu iddiaçı tələb edə bilər və qanunla sözügedən borc məbləği cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməlidir. Belə ki, qanunla əmək haqqı borclarını tələb hüququ vərəsələrə aid edilir. Sözügedən əmək haqqı borcu onların birgə nikahları dövründə yarandığından həmin vəsait birgə mülkiyyət sayılır. Bununla yanaşı mərhumun birinci dərəcəli vərəsəsi olaraq da iddiaçı onun adından onun borclarını tələb etməkdə tam ixtiyarlıdır. Cavabdeh şirkət qəsdən və qərəzli olaraq əmək haqqı borclarını ödəməkdən yayınır. Halbuki müəssisənin milyonlarla dəyərində əmlakı, əsas vəsaitləri mövcuddur, son zamanlarda əlavə külli miqdarda investisiya qoyulmuş, müəssisənin nizamnamə kapitalının artırılaraq ******* manata çatdırılması qərara alınmışdır. Cavabdeh "Bakı Yüngül Metal Konstryksiyaları” ASC-nin səhmdarlarının 25 may 2019- cıı il tarixli Ümumi Yığıncağında qəbul edilmiş qərarlardan da göründüyü kimi müəssisə kifayət qədər imkanlara sahibdir və əmək haqqı borclarının ödənilməsini həyata keçirə bilər. Belə ki. həmin Ümumi Yığıncağın qərarlarına görə Cəmiyyətin illik hesabatı təsdiq və qəbul edilmiş, müəssisənin yenidən qurulmasına, yeni maşın və avadanlıqların alınmasına qoyulan investisiyanın ümumi həcmi ******* manat olaraq, Cəmiyyətin nizamnamə kapitalı isə ******* manat olaraq təsdiq edilmiş. Cəmiyyətin əsas vəsaitlərinə bir il ərzində əlavə olaraq ******* manat vəsait qoyulması, Cəmiyyətin nizamnamə kapitalının ******* manat olaraq formalaşması qəbul edilmişdir. Həmin ümumi yığıncaqda Cəmiyyətə yeni direktor Şahid2 seçilmişdir. Cəmiyyətin əvvəlki direktoru Şahid1 da, yeni direktor Şahid2 da işçilərə əmək haqqı borclarının mövcud olduğunu hər zaman təsdiq etmiş, o cümlədən mərhum X2 17693,79 manat miqdarında hesablanmış lakin ödənilməmiş əmək haqqı borcunun olduğunu etiraf etmişlər. Lakin müəssisənin gəliri və bank hesablarında vəsait olmadığından, müvəqqəti olaraq ödənişlərin həyata keçirilmədiyini, əmək haqqı borclarının mütləq öəniləcəyini hər zaman qeyd etmişlər. Yuxarıda da qeyd olunanlardan aydın olur ki, müəssisənin əmək haqqı borclarını ödəmək üçün kifayət qədər resursları və imkanları vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X3 ilə İddiaçı 02.04.1976-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X3 25.04.2019cu il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 40 saylı Notariat Ofisinin 18.02.2021-ci il tarixli cavab məktubundan görünür ki, 25.04.2019-cu il tarixdə vəfat etmiş X1 vərəsəlik işi ilə əlaqədar İddiaçı tərəfindən müraciət edilmiş, o, miras qoyanın vərəsəsi kimi tanınmış və hal-hazırda vərəsəlik işi ilə əlaqədar notariat ofisinə heç bir müraciət daxil olmamışdır. İş materiallarında olan 25.05.2019-cu il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti illik ümumi yığıncağının protokolunun surətindən görünür ki, həmin yığıncağı direktor olaraq Şahid1 açmış və yığıncaqda digər məsələlərlə bərabər Cəmiyyətə yeni direktorun təyin edilməsi məsələsi səsə qoyuldu və Şahid2 direktor təyin edilməsi 98,27% səslə qəbul edildi. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet səhifəsindən çıxarışdan görünür ki, "X7 Konstruksiyalari" Açıq Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi hal-hazırda da Şahid1dur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində məhkəməyə bildirdi ki, faktiki olaraq 25.05.2019-cu il tarixədək "X7 Konstruksiyalari" Açıq Səhmdar Cəmiyyətinin direktoru olmuş, 25.05.2019-cu il tarixdə keçirilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti illik ümumi yığıncağında direktor olaraq Şahid2 təyin edilmiş, lakin yeni direktorun təyin edilməsi rəsmiləşdirilməmiş və o, bu günədək Cəmiyyətin direktoru kimi qalıb. X3 "X7 Konstruksiyalari" Açıq Səhmdar Cəmiyyətində mühasib işləmiş, ona illərlə əmək haqqı ödənilməmiş, lakin bu iş onun ikinci işi olduğuna görə, vədlərə inanıb səbr edib gözləyirdi. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X2 17693,79 manat əmək haqqı borcunun olması eyni zamanda Cəmiyyətdən onun şəxsi elektron ünvanına göndərilmiş Cəmiyyətin daxili sistemindən çıxarışlarla da təsdiq olunur. Cəmiyyətin onun özünə də əmək haqqı borcu var, lakin o, səhhəti ilə bağlı hal-hazırda bu məsələlərlə məşğul ola bilmir. Ümumiyyətlə pandemiya başlanan vaxtdan bağda yaşayır və şəhərə gəlmir. Belə ki, yaşlı adamdır və ürəyindən ciddi əməliyyat olunub. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçilərin 01.04.2019-cu il tarixə qalan əmək haqqı borclarına dair cədvəldən görünür ki, Cəmiyyətin baş mühasib vəzifəsində işləyən X2 cəmi 17693,70 əmək haqqı borcu mövcuddur və həmin borc 01.01.2017-ci il tarixdən 01.04.2019-cu il tarixədək yığılıb. Məhkəmənin sorğusuna əsasən 07.01.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondundan sığortaedən "xxxx" ASC (SUN: **********0) tərəfindən 2006-2009-cu illər, 2011- 2013-cü illər, 2015-2016-cı illər, 2017-ci ilin l-İV rübləri, 2018-ci ilin İV rübləri üzrə təqdim edilmiş rüblük "Məcburi dövlət sosial sığortası üzrə hesabat'larda və “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3) mərhum X1 (FİN: 18CSEVF) **********918 nömrəli fərdi şəxsi hesabında əks olunmuş məcburi dövlət sosial sığortasına cəlb olunan gətirəri, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, İddiaçı Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Vəkil xidmətlərinin ödənilməsi üçün 251 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan 487904 nömrəli qəbzdən görünür ki, İddiaçı mediasiya xərci olaraq 50 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 173-cü maddəsinə əsasən, işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: hesablanmış əmək haqqının ümumi məbləği; əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği; faktik ödənilən məbləğ; tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir. Bu maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər. Əmək Məcəlləsinin 178-ci maddəsinə görə, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, bu Məcəllənin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir. Əgər bu maddənin ikinci hissəsində göstərilmiş hallarda ödəncləri ödəməyə işəgötürənin maddi-maliyyə imkanı yoxdursa, onda işçilərə həmin ödənclər müəssisənin əmlakı satılmaqla və ya müvafiq normativ hüquqi aktlarla müəyyən edilən qaydada dövlət tərəfindən yaradılmış təminat sistemi ilə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki Prosessual Məcəllinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, 17693,79 manat məbləğində əmək haqqı borcu, 250 manat vəkilin göstərdiyi yardıma görə xərc və 50 manat məbləğində mediasiya xərci cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241, 244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. 17693,79 (on yeddi min altı yüz doxsan üç manat yetmiş doqquz qəpik) manat məbləğində əmək haqqı borcu, 250 (iki yüz əlli) manat vəkilin göstərdiyi yardıma görə xərc və 50 (əlli) manat məbləğində mediasiya xərci cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə verə bilər. Qiyabi qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar