Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7521/2021 19.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmək qabiliyyətinin itirilməsinə görə sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə hər ay 300 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş və iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, onunla iddiaçı arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş və birgə nikahlarından olan uşaqların ikisinin onun, ikisinin isə iddiaçının yanında qalması qət edilmişdir. Həmin icraat çərçivəsində iddiaçı uşaqların saxlanılması üçün aliment tələb etməsinə baxmayaraq, uşaqlardan ikisinin onun, İkisinin isə iddiaçının yanında saxlanılması səbəbindən onun bu tələbi təmin edilməmişdir. Həmin vaxt iddiaçı səhhətində olan hər hansı problemə istinad etməmiş, əksinə uşaqların azyaşlı olması səbəbindən işləyə bilməməsini bildirmişdir. Belə ki, 2-ci dərəcəli əlilliyi olan şəxslər əmək fəaliyyəti ilə məşğul ola bilər. O, isə 2 saylı Respublika idman məktəbində məşqçi-müəllim vəzifəsində işləməklə 450 manat məbləğində əmək haqqı alır. Həmin vəsait hesabına da özünü və iki uşağını saxlayır. İddiaçıya ödəmək üçün onun maddi imkanı yoxdur. İddiaçı isə ondan alimentin alınmasına nail ola bilmədiyindən, həmin məbləğin bu qaydada əldə edilməsini istəyir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 30.09.2010-cu il tarixə X4, 07.09.2011-ci il tarixə X5, 01.11.2014-cü il tarixdə X2 və 01.11.2014-cü il təvəllüdlü X3 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-325/2020 saylı, 16.03.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 30.09.2010-cu il tarixə X4 və 07.09.2011-ci il tarixə X5 cavabdehin, 01.11.2014-cü il tarixdə X2 və 01.11.2014-cü il təvəllüdlü X3 isə iddiaçının yanında saxlanılmışdır. Eyni zamanda, uşaqların yaşayış yerinin bu qaydada müəyyən edilməsi səbəbindən tərəflərin birindən digərinin xeyrinə alimentin tutulması zəruri hesab edilməmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, “myastenia gravis. Bulbar forma. Koordinasiya pozğunluğu. Hərəkətin və yerişin pozulması” xəstəliyindən əziyyət çəkdiyini, bununla bağlı ona əmək qabiliyyətinin olmamasına görə ikinci dərəcəli əlilliyin təyin edildiyini, birgə nikahdan olmuş iki uşağın onun öhdəsində olduğunu, yaşayış yerinin olmadığını, kirayə əsaslarla ev tutmaq imkanının olmaması səbəbindən valideynlərinin evində sığındığını, xəstəliyi ilə əlaqədar işləmək iqtidarında olmadığını, yalnız sosial müavinət aldığını, cavabdehin isə kifayət qədər gəlirə malik olmasını iddia edir və cavabdehdən onun xeyrinə hər ay 300 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. Cavabdeh iddianı qəbul etmir, 2 saylı Respublika idman məktəbində məşqçi-müəllim vəzifəsində işləməklə 450 manat məbləğində əmək haqqı aldığını, bu vəsait hesabına himayəsində olan iki uşağı saxladığını, iddiaçıya ödəmək üçün maddi vəsaitə malik olmadığını bildirir və iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən iddiaçıya “Myastenia gravis. Bulbar forma. Koordinasiya pozğunluğu. Hərəkətin və yerişin pozulması.” diaqnozu qoyulmuş və ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.2-ci maddəsinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 85.1-ci və 85.1.3-cü maddələrinə əsasən nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir; 85.2-ci maddəsinə əsasən alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər; 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, qanunverici bu maddə ilə nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş arvada keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququ versə də, bu hüququn reallaşmasını hüquqi nəticə etibarı ilə keçmiş ərin maddi imkanından, ödəniş qabiliyyətindən, başqa sözlə gəlirlərindən asılı etmişdir. Belə ki, maddədən də göründüyü kimi, bu aliment istisnasız və qeyri şərtsiz olaraq yalnız buna zəruri vəsaitə malik olan keçmiş ərdən tələb edilə bilər. Digər tərəfdən keçmiş arvadın belə bir hüququ iki hal eyni zamanda mövcud olanda yaranır. Başqa sözlə, aliment tələb etmə anına keçmiş arvad həm əmək qabiliyyətini itirməli, həm də maddi yardıma ehtiyacı olmalıdır. Bu baxımdan iddiaçı əmək qabiliyyətini itirməsini və maddi yardıma ehtiyacının olmasını, eyni zamanda cavabdehin bu alimenti ödəmək üçün zəruri vəsaitə malik olmasını sübut etməli idi. Lakin məhkəmə araşdırılması zamanı cavabdehin bu alimenti ödəmək üçün hər hansı məbləğdə vəsaitə malik olması barədə sübut məhkəməyə təqdim edilməmişdir. Mövcud vəziyyətdə himayəsində iki yetkinlik yaşına çatmayan uşaq olan cavabdehin aylıq gəliri 450 manat məbləğində əmək haqqıdan ibarətdir və bu məbləğlə məhdudlaşır. Məhkəmə o halı da nəzərə alır ki, iddiaçıya 23.11.2021-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti müayinənin nəticələri, yəni dərəcənin yenidən təyin edilibedilmədiyi məlum deyil. Bu halın hazırda mövcudluğu isə onun sağlamlıq imkanlarını məhdudlaşdırsa da, əmək qabiliyyətinin itirilməsi kimi qiymətləndirilməsi üçün əsas deyil. Hər bir halda, qüvvədə olan Əmək Məcəlləsinə əsasən 2-ci dərəcə əlilliyi olan şəxslər əmək münasibətlərinin iştirakçısı ola bilər. Digər tərəfdən nikahın pozulması üzrə icraat çərçivəsində iddiaçı səhhəti ilə bağlı deyil, uşaqların azyaşlı olması səbəbindən əmək fəaliyyəti ilə məşğul ola bilmədiyini bildirmişdir. Eyni zamanda, onun cavabdehə qarşı aliment tələbinin təmin edilməməsinə baxmayaraq, qeyd edilən qətnaməni mübahisələndirməmişdir. Bu da öz növbəsində bir növ onun maddi yardıma olan ehtiyacının səviyyəsinin göstəricisidir. Bundan əlavə tərəflər arasında bu məsələ ilə bağlı hər hansı saziş də bağlanmamışdır. Bununla belə, məhkəmə göstərilənləri, habelə tərəflərin maddi vəziyyətini və onların digər diqqətəlayiq olan maraqlarını nəzərə alıb, belə qənaətə gəlir ki, mövcud vəziyyətdə iddiaçı cavabdehdən bu alimentin tutulmasını tələb edə bilməz. Onun belə bir hüququnun yaranması qənaətinə gəlindiyi halda isə cavabdeh iddiaçının saxlanılması üçün hər hansı zəruri vəsaitə malik deyil. Bu da hüquqi nəticə etibarı ilə iddianın rədd edilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əmək qabiliyyətinin itirilməsinə görə sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əmək qabiliyyətinin itirilməsinə görə sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-7521/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7521/2021
19.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver