Məhkəmə qərarları › İş №2(001)-7524/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7524/2021

19.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7524/2021 19.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.01.2010-cu il təvəllüdlü X3 qızının yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, tərəflər 04.10.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və bu nikahdan Fatimə adlı övladları olmuşdur. Əvvəllər cavabdehlə bir yerdə yaşasalarda, daha sonra münasibətləri pozulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2516/2015 saylı 04 mart 2015-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, 24 yanvar 2010-cu il təvəllüdlü X3 qızının onun himayəsinə verilməklə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının va digər gəlirlərinin ¼ hissəsi rniqdarında ailment tutularaq ona ödənilməsi qət edilmişdir. Bildirmək istəyir ki, qətnamə qəbul edildikdən sonra yəni 2015-ci il tarixdən cavabdeh alimenti mütəmadi olaraq ödəməkdən boyun qaçırmaqdadır. Mütəmadi olaraq iş yerlərini dəyişməklə ailimentin ödənilməsindən yayınır. Ürəyi istəyən kimi kiçik məbləğlərdə aliment ödənişləri edir. Eyni zamanda 2018-ci ilin iyun ayından 2021-ci ilin iyun ayının sonunadək, yəni 3 il ərzində cəmi 1142 (bir min yüz qırx iki) manat aliment ödənişi etmişdir. Həmçinin 6 il bundan əvvəl qəbul edilmiş məhkəmə qətnaməsi ilə tutulan alimentin cavabdeh tərəfindən bu şəkildə icra edilməsi uşağın hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Onun məhkəmə qətnaməsinin icrasına bu şəkildə yanaşması məhkəməyə də hörmətsizlik kimi qiymətləndirilməlidir. Dəfələrlə icra orqanlarına tərəfindən edilmiş şikayət heç bir nəticəsini verməmişdir. Uşağın yaşının artaması ilə onun həm qida, həm də geyim əşyalarına olan tələbatlarına xərclənən məsrəflər üzrə vəsait də yetərincə artmışdır. Hesab edir ki, cavabdehdən gəlirləri müntəzəm olmadığı, alimentin tutulması onun gəlirlərindən asılı edildiyi üçün o bundan bu günə kimi kifayət qədər sui-istifadə etməklə alimentin ödənişini olduqca cuzi olaraq icra etməsi səbəbindən alimentin ödəmə üsulu dəyişdirilərək aliment sabit pul şəklində tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Ə.Hüseynli iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatınıizahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2516/2015 saylı 04 mart 2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh aralarında olan 04.10.2008-ci il tarixdə qeydə alınmış nikah pozulmuş, 24 yanvar 2010-cu il təvəllüdlü X3 qızının onun himayəsinə verilməklə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının va digər gəlirlərinin ¼ hissəsi rniqdarında ailment tutularaq ona ödənilməsi qət edilmişdir. - doğum haqqında şəhadətnamənin surətinə əsasən, 24.01.2010-cu il təvəllüdlü X3 qızının atası Cavabdeh, anası İddiaçıdır. - "xxxx" KB ASC tərəfindən verilmiş 26.04.2021-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh 2018-ci ilin iyun ayından 2021-ci ilin iyun ayının sonunadək cəmi 1142 (bir min yüz qırx iki) manat aliment ödənişi etmişdir. Məhkəmə AR Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq, alimentin məbləğinin artırılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Göründüyü kimi, qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, onun saxlanılması üçün cavabdehdən tutulacaq alimentin hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməsini uşağın mənafeyinə uyğun hesab edir. Belə ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin il üçün yaşayış minumumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 24.01.2010-cu il təvəllüdlü X3 qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2516/2015 saylı 04 mart 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh 24.01.2010-cu il təvəllüdlü X3 qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 112.1.3,119.2 və "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 24.01.2010-cu il təvəllüdlü X3 qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2516/2015 saylı 04 mart 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh 24.01.2010-cu il təvəllüdlü X3 qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılmış hissədə tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar