Məhkəmə qərarları › İş №2(001)-7693/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7693/2025

26.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7693/2025 26.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, 12 iyun 2015-ci il tarixdə Cavabdeh ilə nikahlarını rəsmiləşdirirək evlənmişdir. Cavabdehlə rəsmi nikahlarından 31 mart 2016-cı təvəllüdlü Səmayə və 22 iyul 2019-cu təvəllüdlü Renat adlı iki uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulmuşdur. Bu səbəbdən də, o, 14 iyun 2025-ci il tarixdən azyaşlı uşaqları ilə birlikdə cavabdehdən ayrılmış və valideynlərinin himayəsində yaşayır. Ayrıldığı müddətdən bu günə kimi Şəhram onlara maddi köməklik etməmiş və onlarla maraqlanmamış, uşaqlarının və onun bütün xərcləri valideynlərinin üzərindədir. Uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəhrama qarşı ailə münasibətlərinin tənzimlənməsi tələbi ilə Qobustan 1 saylı Mediasiya Təşkilatına müraciət etsə də, Şəhramla aralarında razılığa gəlməmişlər. Bu səbəbdən də, o, aliment tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh birgə nikahlarından anadan olmuş 31 mart 2016-cı il təvəllüdlü X1 və 22 iyul 2019-cu il X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə minimum əmək haqqının 0.70 misli miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, 556 manat məbləğində əmək haqqı almasını əsas gətirərək, tələb olunan məbləğdə alimenti ödəyə bilməyəcəyini, hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində alimentin ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, hər bir uşağın saxlanılması üçün 280 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 noyabr 2025-ci il tarixli, 3-16-5/8-69-168/2025 nömrəli arayışdan görünür ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən Cavabdeh ilə Rəncbərli (Soltanova) Nərmin Xalid qızı arasında 12 iyun 2015-ci il tarixdə nikah bağlanmış və 1578 nömrəli akt qeydi tərtib edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞQ/MT051-2025-00141 nömrəli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 16:00-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh iştirak etmişlər və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini və 10 manat poçt xərcini ödəmişdir. Lakin tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 169964 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan "xxxx" klinikası tərəfindən verilmiş 24 dekabr 2025-ci il tarixli, 12 saylı arayışdan görünür ki, Cavabdeh həqiqətən xx.xx.2022-ci il tarixdən bu günədək "xxxx" Azərbaycan-Almaniya MMC-də sürücü vəzifəsində işləyir. Vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq 556 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X6 Şirvan Regional Təhsil İdarəsi tərəfindən verilmiş 30 dekabr 2025-ci il tarixli, 3-29-37/2-1931/2025 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2025-ci il tarixdən Qobustan rayon Cəyirli kənd ümumi orta ümumtəhsil məktəbində müəllim işləyir və onun orta aylıq əmək haqqı 337.22 manat təşkil edir. İlk növbədə qeyd edilməlidir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən minimum aylıq əmək haqqı 01 yanvar 2025-ci il tarixindən 400 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15№-li qərarında Plenum alimentin hesablanmasının yeni qaydasını tövsiyyə edərək, müəyyən etmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Beləliklə, məhkəmə araşdırması zamanı sübutlarla təsdiq edilmişdir ki, tərəflər 12 iyun 2015-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər, tərəflərin birgə nikahlarından 31 mart 2016-cı il təvəllüdlü X3 və 22 iyul 2019-cu il X4 adlı övladları dünyaya gəlmişlər. "xxxx" klinikası tərəfindən verilmiş 24 dekabr 2025-ci il tarixli, 12 saylı arayışla təsdiq edilmişdir ki, hazırki iş üzrə Cavabdeh "xxxx" Azərbaycan-Almaniya MMC-də sürücü vəzifəsində işləyir və onun vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq 556 manat təşkil edir. Hazırki iş üzrə iddiaçı isə Qobustan rayon Cəyirli kənd ümumi orta ümumtəhsil məktəbində müəllim işləyir və onun orta aylıq əmək haqqı 337.22 manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin hazırki vəziyyətinin tələb olunan alimenti ödəməyə imkanının olmaması özü-özlüyündə cavabdehin bir ata kimi aliment ödənilməsi, uşaqlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri daşımaqları prinsipinə əsaslanmaqla hesab edir ki, iddia tələbi cavabdehin mübahisələndirilməyən vəzifəsinin icrası ilə bağlı olsa da, qismən əsaslı olduğu, cavabdehin iddiaçı tərəfindən tələb etdiyi miqdarda alimentin ödənilməsi üçün kifayət qədər qazancı ilə bağlı sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi üçün, həmçinin tərəflərin hazırki (real) maddi imkanları nəzərə alınmaqla, iddia tələbi qismən təmin edilməli, alimentin hesablanması ilə bağlı Ali Məhkəmənin tövsiyyə etdiyi yeni qayda əsas götürülməklə alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməli, 31 mart 2016-cı il təvəllüdlü X1 və 22 iyul 2019-cu il X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində (400 x 0.5= 200 manat) sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 25 noyabr 2025-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78-ci maddəsini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. 25 noyabr 2025-ci il tarixdən başlayaraq 31 mart 2016-cı il təvəllüdlü X1 və 22 iyul 2019-cu il X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci və 50 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar