Məhkəmə qərarları › İş №2(001)-7716/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7716/2021

04.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7716/2021 04.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi X2 Addıxanovnanın iştirakı ilə İddiaçı Basti Kakhramanovanın Cavabdeh qarşı Cavabdeh razılığı olmadan 27.06.2008-ci il təvəllüdlü X8, 11.06.2011-ci il təvəllüdlü X3 və 31.07.2013-cü il təvəllüdlü X9 ümümvətəndaş pasportunun veriməsinə və uşaqlarının yetkinlik yaşına çatana kimi onunla birlikdə Azərbaycan Respublikasının hüdudlarından müvəqqəti kənara getməsinə icazə verilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Basti Kakhramanova Cavabdeh qarşı Cavabdeh razılığı olmadan 27.08.2008ci il təvəllüdlü X8, 11.06.2011-ci il təvəllüdlü X3 və 31.07.2013-cü il təvəllüdlü X9 ümümvətəndaş pasportunun veriməsinə və uşaqlarının yetkinlik yaşına çatana kimi onunla birlikdə Azərbaycan Respublikasının hüdudlarından müvəqqəti kənara getməsinə icazə verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Basti Kakhramanova iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 27.08.2007-ci il tarixdə Bakı Nikah evində Səadət Sarayında nikaha daxil olmuş, birgə nikahlarından 27.06.2008-ci il təvəllüdlü X13, 11.06.2011-ci il təvəllüdlü X12 və 31.07.2013-cü il təvəllüdlü X14 anadan olmuşdur. O, cavabdehlə sonuncunun işlədiyi Qazaxıstan Respublikasında yaşamaqla birgə təsərrüfat aparmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.09.2018-ci il tarixli 2(001)- 5205/2018 saylı qətnaməsinə əsasən nikahları pozulmuş, birgə nikahlarından olan övladları onun himayəsində saxlanmışdır. Həmin qətnamədən onun məlumatı olmamış, qətnamə qəbul edildikdən sonra da onlar birlikdə yaşayıb birgə təsərrüfat aparmışlar. Cavabdeh təsadüfən aralarında olan nikahın pozulmasını ona bildirmiş, xarici pasportunu verərək hara istəyirsə gedə biləcəyini demişdir. Sonuncu dəfə o, cavabdehlə Azərbaycan Respublikasına gələrkən Cavabdeh geri qayıdanda onu və övladlarını özü ilə aparmamışdır. Həmin vaxtdan cavabdeh onunla və övladları ilə heç bir əlaqə saxlamır. Onun valideynləri Gürcüstanda yaşayır. Anası ağır xərçəng xəstəsidir. Cavabdeh razılıq vermədiyindən o, övladlarına ümumvətəndaş pasportu ala, övladları ilə birlikdə valideynlərinin yanına gedə bilmir. Bununla da onun və övladlarının yaxın qohumları ilə ünsiyyətdə olmaq, istirahət etmək hüquqları pozulur. Ona görə də Cavabdeh razılığı olmadan 27.06.2008-ci il təvəllüdlü X8, 11.06.2011-ci il təvəllüdlü X3 və 31.07.2013-cü il təvəllüdlü X9 ümümvətəndaş pasportunun verilməsinə və uşaqlarının yetkinlik yaşına çatana kimi onunla birlikdə Azərbaycan Respublikasının hüdudlarından müvəqqəti kənara getməsinə icazə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı Basti Kakhramanovanın nümayəndəsi və vəkili Vəkil iddiaçı Basti Kakhramanovanın izahatını təsdiq etmişdir. Məhkəmə iclasında 27.06.2008-ci il təvəllüdlü X13, 11.06.2011-ci il təvəllüdlü X12 və 31.07.2013-cü il təvəllüdlü X14 anaları Basti Kakhramanovanın iddia ərizəsini müdafiə edib Gürcüstanda yaşayan baba və nənələri ilə görüşüb ünsiyyətdə olmaq istəmələrini, atalarının onlarla əlaqə saxlamamasını bildirib, onlara ümümvətəndaş pasportunun veriməsinə və anaları ilə birlikdə ölkədən müvəqqəti getmələrinə icazə verilməsini xahiş etmişlər. Cavabdeh məhkəməyə məlum ünvanı üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, Cavabdeh 25.08.2021-ci il tarixdə Azərbaycan Respublikasının sərhəddindən Tibilisi istiqamətində çıxmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin izahatını dinləyib, yetkinlik yaşına çatmayanların fikirlərini öyrənib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında konvensiyasının 3-cü maddəsinin tələblərinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Uşaq hüquqları bəyannaməsinin (BMT-nin Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə “Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır”. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin tələblərinə əsasən 18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə gedə bilər. Valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. 18 yaşına çatmamış vətəndaşın daimi yaşayış üçün ölkədən getməsinə yalnız onun valideynlərinin hər birinin və ya qanuni nümayəndəsinin yazılı şəkildə ifadə edilmiş və notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı olduqda yol verilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən ümumvətəndaş pasportunun verilməsi haqqında ərizəyə dövlət rüsumunun ödənilməsi barədə sənəd, 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı, bu Qanunun 9-cu maddəsinin birinci hissəsində nəzərdə tutulan ərizəyə təcili baxılmasını şərtləndirən hallar olduqda isə həmin halları təsdiqləyən sənədlər əlavə edilməlidir. Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş 27.08.2007-ci il tarixli AZ-İ № 344426 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə Bəsti Qəhramanova 27.08.2007-cu il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2541 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Şabanova soyadı verilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 25.07.2008-ci il tarixli AZ-İİ № 136249 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 27.06.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1941 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X7. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 24.06.2011-ci il tarixli AZ-İİ № 698203 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 24.06.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2257 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 16.08.2013-cü il tarixli AZ-İİİ № 150332 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 31.07.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1941 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəmsinin 21.09.2018-ci il tarixli 2(001)-5205\2018 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında Səadət Sarayında 27.08.2007-ci il tarixdə 2542 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 27.06.2008-ci il təvəllüdlü X4, 11.06.2011-ci il təvəllüdlü X1 və 31.07.2013-cü il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanması qət edilmişdir. X18 Məktəbinin 04.11.2021-ci il tarixli 172 saylı arayışından müəyyən olunur ki, X13 məktəbin 8-ci sinfində təhsil alır. X18 Məktəbinin 04.11.2021-ci il tarixli 173 saylı arayışından müəyyən olunur ki, X12 məktəbin 6-cı sinfində təhsil alır. X18 Məktəbinin 04.11.2021-ci il tarixli 174 saylı arayışından müəyyən olunur ki, X14 məktəbin 3-cü sinfində təhsil alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1.-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 6-cı maddəsinə əsasən bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Həmin Qanunun 25-ci maddəsinə əsasən hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdənkənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər (onları əvəz edən digər şəxslər) və müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarında mənfi təsirlərə məruz qalmasının qarşısını alan tədbirlər görməlidirlər. Dövlət uşaqların istirahət və asudə vaxtını səmərəli təşkil etmək, mədəni həyata və yaradıcılıq fəaliyyətinə qovuşmasını təmin etmək məqsədilə məktəbdənkənar müəssisələrin, uşaq və gənclər idman, mədəniyyət və sağlamlıq ocaqlarının və digər istirahət yerlərinin geniş şəbəkəsini yaradır və inkişaf etdirir, bu obyektlərdən pulsuz və güzəştli istifadə qaydalarını müəyyən edir. İstinad edilən maddi hüquq normasının tələblərindən müəyyən olunur ki, uşaqların hüquqlarının qorunmasına dövlət tərəfindən təminat verilir, uşaqlar hər hansı bir hala görə ayrı-seçkiliyə məruz qala bilməzlər, valideynlik hüquqlarından uşaqlarının mənafeyinə zidd istifadə edilməsi isə qanunla yol verilməzdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə əsasən dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. Birinci bəndə daxil edilmiş hüquqlar xüsusi ərazilərdə qanuna müvafiq olaraq və demokratik cəmiyyətdə ictimai maraqlarla əsaslandırılmış məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, 18 yaşına çatmamış vətəndaşın daimi yaşayış üçün ölkədən getməsinə yalnız onun valideynlərinin hər birinin yazılı şəkildə ifadə edilmiş və notarius tərəfindən təsdiq edilmiş razılığı olduqda yol verilir. Məhkəmə tərəfindən isə valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən, yalnız müvəqqəti getməsinə icazə verilə bilər. Məhkəmə araşdırması zamanı tərəflərin birgə nikahlarından olan uşaqların iddiaçı tərəfindən özünün və uşaqlarının istirahəti, qohumları ilə ünsiyyətdə olmaq məqsədi ilə ölkədən müvəqqəti aparmaq istəməsi müəyyən olunduğundan, bu halın yetkinlik yaşına çatmayanların mənafeyinə zidd olmasına dair hər hansı bir sübutlar məhkəməyə təqdim olunmadığından məhkəmə iddiaçıya himayəsində olan 27.06.2008-ci il təvəllüdlü X4, 11.06.2011-ci il təvəllüdlü X1 və 31.07.2013-cü il təvəllüdlü X5 cavabdehin razılığı alınmadan yetkinlik yaşına çatanadək olan dövr ərzində ölkədən müvəqqəti aparmasına və yetkinlik yaşına çatmayanlara ümumvətəndaş pasportunun verilməsinə icazənin verilməsini mümkün hesab edib iddia ərizəsini təmin edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. 27.06.2008-ci il təvəllüdlü X8, 11.06.2011-ci il təvəllüdlü X3 və 31.07.2013-cü il təvəllüdlü X9 ataları Cavabdeh razılığı alınmadan ümumvətəndaş pasportunun verilməsinə icazə verilsin. Basti Kakhramanovaya uşaqları 27.06.2008-ci il təvəllüdlü X10, 11.06.2011-ci il təvəllüdlü X6 və 31.07.2013-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək olan dövr ərzində Cavabdeh razılığı alınmadan, ölkə hüdudlarından kənara müvəqqəti aparmasına icazə verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar