Məhkəmə qərarları › İş №2(001)-773/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-773/2024

09.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-773/2024 09.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment və aliment borcunun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment və aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş və onların birgə nikahından iki uşaqları - xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 doğulmuşdur. Tərəflər arasındakı nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-3638/2018 saylı qətnaməsi əsasında pozulmuş, azyaşlı uşaqlar analarının himayəsində saxlanılmışdır. Tərəflərin nikahları pozulduqdan sonra Cavabdeh başqa bir şəxslə ailə qurmuş, 2021-ci ilin sentyabr ayında qızı Fatimə iddiaçıya zəng edərək anasının yeni həyat yoldaşı Kamran tərəfindən ona qarşı xoşagəlməz hərəkətlər edildiyini bildirmiş və iddiaçının dərhal DİN-nin 102 xidmətinə müraciəti əsasında Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə araşdırma aparılmış, eyni zamanda Cavabdeh da izahat vermək üçün şöbəyə dəvət edilmişdir. Qızı Fatimənin həyatı üçün təhlükə olduğuna görə o, xx.xx.2021-ci il tarixdən iddiaçı ilə birgə yaşamağa başlamış və anasının yaşadığı ünvana getmək istəməmişdir. Bundan sonra 2023-cü ildə iddiaçı faktiki olaraq onun yanında yaşayan qızı Fatimənin rəsmi olaraq onun himayəsinə verilməsi üçün müvafiq iddia ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmədə hərtərəfli araşdırma aparılmiş, o cümlədən uşağın fikri öyrənilmiş, uşaq birmənalı olaraq atası ilə birlikdə yaşamaq istədiyini və atasının yanında özünü rahat hiss etdiyini bildirmişdir. Eyni zamanda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2023-cü il tarixli rəyləri alınmışdır. Həmin rəylərdə də uşağın atasına bağlılığı, atasının yanında yaşamasının onun mənafeyinə uyğun olması təsdiq olunmuşdur. Məhkəmə mövcud mötəbər sübutlar əsasında və qızının fikrini, onun mənafeyini və verilmiş rəyləri nəzərə alaraq xx.xx.2010-cu il təvəllüdlü Fatimənin atasının himayəsinə verilməsi barədə qətnamə qəbul etmişdir (11 iyul 2023-cü il tarixli, 2(001)-433/2023 saylı qətnamə). Bundan qabaq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 5001/2022 saylı qətnaməsinə əsasən İddiaçı iki uşağa görə cəmi 320 manat alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən hazırkı iş üzrə iddiaçı hər iki uşağa görə Cavabdeh aliment ödəmiş, lakin qızı Fatimə xx.xx.2021-ci il tarixdən onun himayəsində yaşayır və həmin vaxtdan bu günə qədər bir valideyn kimi onun bütün maddi və mənəvi tələbatlarını hazırkı iş üzrə iddiaçı ödəmişdir. Buna baxmayaraq aliment təyin olunduğu vaxtdan bu günə qədər Fatiməyə görə də cavabdehin xeyrinə iddiaçının adına aliment borcu yığılır. Halbuki 2021-ci ilin sentyabr ayından bu günə qədər Fatimə atasının himayəsindədir və ona atası baxır. Uşağın bütün tələbatları sağlamlığı, qidalanması, geyimi, təhsili və normal yaşamasından ötrü digər bütün tələbatlarının ödənilməsi üçün əlavə maddi dəstəyə ehtiyac vardır. İddiaçı özü usta işləyir, kirayədə yaşayır, maddi vəziyyət yaxşı olmadığı üçün uşağın tələbatlarını ödəməkdə çətinlik çəkir. Uşağını saxlamaq bir valideyn kimi anasının da vəzifəsidir, lakin o, uşağının saxlanılmasına maddi cəhətdən kömək etmir. Cavabdehin gəlirləri dəyişən və qeyrimüntəzəmdir. Bundan başqa, cavabdeh bu günkü gündə də Fatiməni narahat edir, bir neçə dəfə uşağın oxuduğu məktəbə gəlib səs-küy salmış, buna görə də uşaq məktəbə getməyə də qorxur. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin mediasiya sessiyasında Cavabdeh tələblərlə razı olmamış, tərəflər arasında hər hansı formada barışıq baş tutmamışdır. Qeyd olunanlara əsasən iddiaçı xx.xx.2010-cu il tarixdə anadan olmuş övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 5001/2022 saylı qətnaməsinə əsasən ondan X3 görə tutulması nəzərdə tutulmuş və 25 iyul 2022-ci il tarixdən bu günədək hesablanmış aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş, “Elektron məhkəmə” informasiya sisteminə əlavə edilmiş, xx.xx.2022-ci il tarixdən elektron kabineti mövcud olan Cavabdeh həmin sənədlərlə tanış olmaq imkanı yaradılmış və xx.xx.2023-cü il tarixdə, saat 15:22-də Cavabdeh məxsus şəxsi elektron kabinetində yerləşdirilmiş bildirişdə ona aşağıdakılar izah edilmişdir: “ ... iddia ərizəsinin sürətini aldıqdan sonra 20 gün ərzində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 154-cü maddəsinin (bildirişə qoşmaya bax) tələblərinə cavab verən iddiaya etirazınızı, iddia tələbi ilə bağlı suallara (bildirişə qoşmaya bax) cavablarınızı və ərizəyə əlavə olunmuş sənədlərə münasibətinizi, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etməli, qarşılıqlı iddianı da həmin müddət ərzində verməlisiniz. MPM-də nəzərdə tutulmuş hallar istisna olmaqla aşağıdakı hüquqların həyata keçirilməsi işin məkəmədə baxılmağa hazırlanması yekunlaşanadək, yəni işin məhkəmə baxışına təyin olunmasınadək edilməlidir: sübutların təqdim edilməsi (“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər (MPM 78-ci maddəi); iddianın əsasının və ya predmetinindəyişdirilməsi, iddia tələbinin həcminin artırılması və ya azaldılması (MPM 53-cü maddə); başqa cavabdehin işə cəlb edilməsi (MPM 51-ci maddə); əsl olmayan tərəfin əvəz edilməsi (MPM 54-cü maddə); mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslərin işə qoşulması (MPM 55-ci maddə)”. xx.xx.2023-cü il tarixə, saat 11:10-a təyin edilmiş birinci hazırlıq iclasında hər iki tərəf iştirak etmiş, iddiaçı iddia ərizəsini müdafiə etmiş, cavabdeh isə məhkəməyə bildirmişdir ki, iddia tələbini qəbul etmir, aliment onun övladının haqqıdır, iddiaçının qeyd etdiyi qətnamə qüvvəyə minməyib, həmin qətnaməni yuxarı instansiya məhkəməsində mübahisələndirmişdir. Cavabdeh verdiyi məlumat məhkəmə tərəfindən yoxlanılmış və müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-433/2023 saylı qətnaməsi qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş və Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli İcraata başlamaq haqqında qərar qəbul edilmişdir. Eyni zamanda iddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında məhkəməyə bildirmişdir ki, əgər uşaqlardan biri onun, biri isə cavabdehin himayəsindədirsə bu halda ya hər ikisi alimentdən imtina etməlidir, ya da cavabdeh də ona aliment ödəməlidir. xx.xx.2023-cü il tarixdə Şəki Rayon İcra və probasiya Şöbəsinə müvafiq sorğu göndərilməsi və icra işinin tələb edilməsi ilə bağlı məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 14:20-ə təxirə salınmışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icraatında olan 236073/2022-20-21-001 saylı icra işinin surəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlı iclasında iddiaçı iştirak etməmiş, cavabdeh iştirak etmiş və məhkəməyə bildirmişdir ki, iddiaçı uşağını aldadıb öz yanında saxlayır. İddiaçının uşağı yanında saxlamasının əsas səbəbi aliment ödəməməkdir. Cavabdeh uşaq onun yanında olan dövr üçün alimentin ödənilməsini istəyir. Uşaq atasının yanında olan dövr üçün alimenti tələb etmir. Eyni zamanda onun əlində iddiaçının polis tərəfindən axtarışda olmasına dair sənədin olmasına baxmayaraq, məhkəmə onun məhkəmə iclaslarına gəlməsinə şərait yaradır və elə məhkəmə zalında tutulmasını təmin etmir. Bu da cavabdehin və uşaqlarının hüquqlarının pozulması ilə nəticələnir. Cavabdeh işin məhkəmə baxışına təyin edilməsinə etiraz etməmiş, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşmış və məhkəmə baxış iclası xx.xx.2023cü il tarixə, saat 16:30-a təyin edilmişdir. xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil ilə birlikdə iştirak etmiş və vəkil məhkəmədən iş materialları ilə tanış olmadığına görə məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən aliment tələbinə dair iddia ərizəsinin məhkəməyə xx.xx.2023cü il tarixdə daxil olması, mülki prosessual qanunvericiliklə bu tip işlərin baxılması və həll edilməsi üçün 2 aylıq müddətin müəyyən edilməsi, eyni zamanda elektron kabineti olan cavabdehin xx.xx.2023-cü il tarixdən iddia ərizəsi və ona əlavə eidlmiş sənədlərlə tanış olması, iki hazırlıq iclasında iştirak etməsi, ona Mülki Prosessual Məcəllənin 154 və 155-ci maddələrinin tələblərinin izah edilməsi və Mülki Prosessual Məcəllənin 188-ci maddəsi ilə baxış iclasının təxirə salınması əsaslarının konkret siyahı ilə məhdudlaşması nəzərə alınaraq, məhkəmə baxış iclasının təxirə salınması barədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil şifahi vəsatəti təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 188.1-ci maddəsinə əsasən, işə baxılmasının təxirə salınmasına məhkəmənin əsaslandırılmış qərardadı ilə, qabaqcadan nəzərdə tutula bilməyən aşağıdakı müstəsna hallarda yol verilir: işdə iştirak edən şəxslərdən hər hansı biri və ya tərcüməçi gəlmədikdə; iddianın əsasını və ya predmetini dəyişmək üçün ərizə verildikdə; qarşılıqlı iddia verildikdə; əlavə sübutlar təqdim və tələb etmək zərurəti yarandıqda; işdə iştirak etməyə digər şəxs cəlb edildiyinə görə məhkəmə həmin iclasda işə baxılmasını qeyri-mümkün hesab etdikdə; bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda. Bununla yanaşı məhkəmə tərəfindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil təklif edilmişdir ki, məhkəmə iclasına fasilə verilsin və ona iş materialları ilə tanış olmağa şərait yaradılsın, lakin vəkil bundan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və xx.xx.2021-ci il tarixdən xx.xx.2010-cu il təvəllüdlü X3 görə hesablanmış aliment borcundan azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia ərizəsinin təmin edilməsinə etiraz etdi və bununla yanaşı məhkəməyə bildirdi ki, Şəki rayon Polis Şöbəsinin əməkdaşları açılmış axtarış işi əsasında İddiaçı barəsində tədbir görmək üçün hal-hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə gəliblər. Aliment borcu tam olaraq iddiaçıdan tutulub ona ödənilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5001/2022 saylı qətnaməsində aşağıdakılar göstərilmişdir: “ ... Cavabdeh ilə İddiaçı 29 yanvar 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 04 fevral 2010-cu il təvəllüdlü X5 və 12 fevral 2012-ci il təvəllüdlü X6 adlı uşaqları vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(001)-3638/2018 saylı qətnaməsinə əsasən, tərəflər arasındakı nikah pozulmuş, uşaqların analarının yanında qalmaları müəyyən edilmişdir. Hazırda Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birdə nikahlarından olan uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, tərəflər arasında nikah 2018ci ildə pozulsa da, iddiaçı aliment tələb etməmişdir. Lakin, hazırki dövrdə uşaqların xərclərini təkbaşına qarşılamağa məcbur olduğundan, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Fatimə adlı uşağı ananın icazəsi olmadan özü ilə aparsa da, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, uşağın ananın yanında saxlanması qərara alınıb və iddiaçı cavabdehdən uşağının qaytarılmasını tələb edir. ... Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini, uşaqlardan birinin hazırda onun yanında olduğunu, anasına qayıtmaq istəmədiyini, buna görə məhkəmənin icraatında uşağın onun himayəsinə verilməsinə dair mülki iş olduğunu bildirib, iddianın təmin edilməməsini xahiş etdi”. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5001/2022 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, 04 fevral 2010-cu il təvəllüdlü X5 və 12 fevral 2012-ci il təvəllüdlü X4 18 yaşa çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşağa görə 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi və alimentin tutulmasının əvvəli 25 iyul 2022-ci il tarixdən hesablanması qət edilmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin 236073/2022-20-21-001 saylı icra işinin materiallarından aşağıdakılar müəyyən edilir: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5001/2022 saylı icra sənədi xx.xx.2023-cü il tarixdə icra edilməsi üçün Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə göndərilmiş və həmin icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlanılmış və borclu İddiaçı tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. - xx.xx.2022-ci il tarixdə Şəki rayonu üzrə İcra və probasiya şöbəsi tərəfindən boclunun axtarışı haqqında qərar qəbul edilmiş və Şəki Şəhər-Rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə 820755 nömrəli axtarış işi açılmışdır. - xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli İnzibati xəta haqqında protokola 1№-li əlavədə göstərilmişdir ki, “ ... Borclu izahatında Bakı şəhərində yaşadığını, işlədiyini, ayda 600 manat qazancının olduğunu, qazancının az olması səbəbindən alimenti ödəmədiyini bildirdi. Həmçinin borclu bildirdi ki, bu gün borcunun bir hissəsini, 500 manatını ödəyə bilər, qalan borcunu isə gələcəkdə hissə-hissə ödəyəcəyini bildirdi. Həmçinin borclu bildirdi ki, Fatimə adlı uşaq onun himayəsindədir, onun alimentdən azad olunması barədə məhkəməyə müraciət edib”. - Şəki rayonu üzrə İcra və probasiya şöbəsi tərəfindən Şəki Şəhər-Rayon Polis şöbəsinə xx.xx.2022-ci il tarixdə müraciət edilərək, zərurət aradan qalxdığından İddiaçı barəsində açılmış axtarış işinə xitam verilməsi xahiş edilmişdir. - xx.xx.2022-ci il tarixdə Şəki rayonu üzrə İcra və probasiya şöbəsi tərəfindən yenidən borclunun axtarılması barədə qərar qəbul edilmiş, borclunun xx.xx.2023-cü il tarixdə izahatı alınmış, borclu hazırda 1590 manat aliment borcundan 300 manat ödəyə bilməsini və uşaqlardan birinin – Fatimə Həşimovanın 2021-ci ilin sentyabr ayından onun yanında qalmasını bildirmişdir. Həmin tarixdə MN ******* nömrəli İnzibati xəta haqqında protokol və protokola 1№-li əlavə tərtib edilmişdir. - Şəki rayonu üzrə İcra və probasiya şöbəsi tərəfindən Şəki Şəhər-Rayon Polis şöbəsinə xx.xx.2023-cü il tarixdə müraciət edilərək, zərurət aradan qalxdığından İddiaçı barəsində axtarışın dayandırılması xahiş edilmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(075)-529/2023 saylı qərarında göstərilmişdir ki: “ ... Şəki Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(001)- 5001/2022 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul olunduğu vaxtdan hazırkı vaxtadək İddiaçı Əşrəf oğlunun mütəmadi olaraq tələbkarın himayəsində olan uşağa münasibətdə aliment borcunu mütəmadi ödəmişdir. Onun hazırda ödənilməmiş qalan borcu isə məhkəmə qətnaməsi ilə tələbkara verilsə də, onun himayəsində qalan uşağa münasibətdə yığılmış aliment borcudur. Aliment ödənilməsi müəyyən edilmiş uşaqlardan biri borclunun himayəsində olsa da, o, icra sənədi üzrə borcundan bu gün ümumilikdə 460 manatını ödəmişdir. Belə olan halda İddiaçı Əşrəf oğlunun icra sənədinin icrasından qəsdən yayınması, həmçinin icra məmurunun qanuni tələbini yerinə yetirməkdən qəsdən boyun qaçırmasından söhbət gedə bilməz. İddiaçı Əşrəf oğlunun icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Əşrəf oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur”. - xx.xx.2023-cü il tarixdə Şəki rayonu üzrə İcra və probasiya şöbəsi tərəfindən boclunun axtarışı haqqında qərar qəbul edilmiş və Şəki Şəhər-Rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə 821200 nömrəli axtarış işi açılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-433/2023 saylı qətnaməsində aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı Cavabdeh qarşı uşaq tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2020-cu il tarixdə nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından övladları xx.xx.2010-cu il tarixdə Fatimə və xx.xx.2012-ci il tarixdə isə Zəhra anadan olmuşdur. Tərəflərin nikahı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-3638/2018 saylı qətnaməsi əsasında pozulmuş, iki azyaşlı qızları analarının himayəsində saxlanmışdır. Nikahları pozulduqdan sonra Cavabdeh K.C.Həşimovla ailə qurmuşdur. İddiaçı hər həftə uşaqları ilə ünsiyyətdə olmuş, onların qayğılarına qalmışdır. 2021-ci ilin centyabr ayında qızı Fatimə iddiaçıya zəng edərək atalığı Kamran tərəfindən ona qarşı xoşagəlməz hərəkətlər edildiyini bildirdiyindən iddiaçı dərhal DİN-nin 102 xidmətinə müraciət etmiş, sonra iddiaçı izahat vermək üçün Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə dəvət edilmişdir. Daha sonra araşdırma aparılmış, K.C.Həşimovun əməlində Azərbaycan Respublikası CMnin 152-ci maddəsinin tərkib əlamətlərinin olmasından material aidiyyəti üzrə Binəqədi RPİ-nin istintaq şöbəsinə göndərilmişdir. Qızı Fatimə xx.xx.2021-ci il tarixdən iddiaçı ilə birgə yaşayır və anasının yaşadığı ünvana getmək istəmir. Fatimənin K.Həşimov kimi bir insanla yaşaması daim ona qarşı təhlükə ola bilər. Ona görə də xx.xx.2010-cu il təvəllüdlü X1 atası İddiaçı yanında qalmasına dair qətnamə çıxarılmasını xahiş edir. ... Məhkəmə iclasında xx.xx.2010-cu il təvəllüdlü X5 izahatında göstərmişdir ki, o, 2021-ci ildən atası ilə birlikdə yaşayır. Bacısı Zəhra ilə görüşmür. Qardaşı Turanın 9 yaşı var, qardaşı ilə mehriban münasibətləri var. Dərslərindən əsasən 4-5 qiymətlər alır, yalnız riyaziyyat fənnindən 3 qiymət alır, ibtidai sinif müəlliməsi olmaq istəyir. O, atası İddiaçı ilə birlikdə yaşamaq istəyir, çünki atasının yanında rahat olur. Anasının yanında olanda anası ona atası ilə görüşməyə icazə verməmişdir. ... Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 11709923 saylı xx.xx.2017-ci il tarixdə Səyyar-ASAN 4 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 xx.xx.2010-cu il tarixdə anadan olmuş, atası İddiaçı, anası Cavabdehdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 11/565 saylı rəyindən müəyyən olunur ki, xx.xx.2010-cu il təvəllüdlü X1 hal-hazırda atası İddiaçı bağlılığı müəyyən olunmaqla, anası Cavabdeh bağlılığı üzə çıxmır. Rəydən daha sonra müəyyən olunur ki, xx.xx.2010-cu il təvəllüdlü X5 psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdrmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmaqla, onun psixikasında və davranışlarında kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Rəydən daha sonra müəyyən olunur ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 80 manat təşkil edir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2023-cü il tarixli rəyindən müəyyən olunur ki, komissiya Fatimənin fikirlərini, hər bir valideyninə qarşı bağlılıq dərəcəsini, faktiki himayəsində yaşadığı valideyni - atasından alınması üçün əsasların olmamasını və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52, 58, 60-cı maddələrini nəzərə alaraq uşağın mənafeyinin üstünlüyü baxımından xx.xx.2010-cu il təvəllüdlü X1 İddiaçı himayəsində qalmasını məqsədəmüvafiq hesab etmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-in müstəntiqi R.Cəfərovun xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. ... Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X1 2021-ci ilin sentyabr ayından atası İddiaçı himayəsində yaşaması, valideynlərindən daha çox atasına bağlı olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, məhkəmə iclasında dinlənilən xx.xx.2010-cu il təvəllüdlü X5 bundan sonra da atasının himayəsində yaşamaq istəməsini bildirdiyindən iddia ərizəsi təmin edilməlidir”. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-433/2023 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X5 atası İddiaçı himayəsinə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2 xx.xx.2023-cü il tarixli İcraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-433/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.5-ci maddəsinə görə, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş bağlamaq hüququna malikdirlər, əks təqdirdə valideynlər uşağı saxlamadıqda aliment məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə müvafiq olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ... alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması ... tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarında olan sənədlərdən göründüyü kimi, hazırkı iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndində görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə müvafiq olaraq, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Beləliklə, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, xx.xx.2010-cu il təvəllüdlü X5 2021-ci ilin sentyabr ayından faktiki olaraq atası İddiaçı himayəsində yaşamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 433/2023 saylı qətnaməsi ilə bu xüsusat rəsmiləşdirilmiş və hal-hazırda Fatimə Həşimovanın atası İddiaçı himayəsinə verilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Məhkəmə iclasında İddiaçı tərəfindən hər iki tərəfin yanında bir uşaq olduğuna görə hər ikisinin aliment tələblərindən imtina edilməsi təklif edilsə də, Cavabdeh buna razılaşmamışdır. Eyni zamanda iddiaçı məhkəmə iclasında X3 görə xx.xx.2021-ci il tarixdən hesablanmış aliment borcunun silinməsini xahiş etsə də, iddia ərizəsinə mülki prosessual qanunvericiliyin nəzərdə tutduğu formada hər hansı dəyişiklik edilməmiş, məhkəməyə verilmiş tələbdə isə 25 iyul 2022-ci il tarixdən bu günədək hesablanmış aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli; İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5001/2022 saylı qətnaməsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2010-cu il təvəllüdlü X3 görə hesablanmış aliment borcu silinməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 5001/2022 saylı qətnaməsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2010-cu il təvəllüdlü X3 görə hesablanmış aliment borcu silinsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar