Məhkəmə qərarları › İş №2(001)-811/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-811/2023

28.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-811/2023 28.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 qarşı xx.xx.2018-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsinə, müqavilənin dəyərini təşkil edən 34000 manatın, dövlət rüsumuna görə 192 manatın ona geri qaytarılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 qarşı xx.xx.2018-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsinə, müqavilənin dəyərini təşkil edən 34000 manatın, dövlət rüsumuna görə 192 manatın ona geri qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onunla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin predmetinə görə cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70,9 m2, yaşayış sahəsi 53,3 m2, yardımçı sahəsi 17,6 m2 olan 4 otaqlı fərdi yaşayış evi 34000 manat qarşılığında ona satılmışdır. Lakin, cavabdehlər evin pulunu almalarına rəğmən daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 352/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən həmin puldan 11130 manat qalmış, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikləri üçün müqavilənin ləğvi və ödənilmiş pulun geri qaytarılması zərurəti meydana gəlmişdir. Belə ki, müqavilənin 13-cü bəndinə görə, cavabdehlər xx.xx.2018-ci il tarixinədək mənzildən qeydiyyatdan öz xoşları ilə çıxmalı idilər. Lakin 4 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, cavabdehlər qeydiyyatdan çıxmayaraq öz üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan da göründüyü kimi cavabdehlər hələ də mənzildə qeydiyyatda qalmaqda davam edirlər. Bundan əlavə mənzildə onunla əlaqəsi olmayan daha 15 nəfər də qeydiyyatdadır. Bu da ona əlavə xərclər yaradır. Belə ki, kommunal ödənişlər evdə qeydiyyatda olanların sayına görə gəldiyi üçün o, həmin xərcləri ödəmək məcburiyyətində qalmışdır. Bundan əlavə, müqavilənin 10-cu bəndinə görə cavabdehlər mənzili alıcının sahibliyinə verilənədək əmlak vergisini, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcları ödəməli idilər. Lakin cavabdehlər bu borcları ödəməməklə kifayətlənməmiş, hətta gedərkən evin sayğaclarını da özləri ilə götürüb aparmışlar. Nəticədə ev ona düzgün təhvil verməmişdir. Cavabdehlər 1 illik müddət üçün bələdiyyəyə ödənilməli olan əmlak vergisini də ödəməmişlər. İlkin olaraq bağladıqları müqavilə onun tələbi ilə düzgün bağlanılmadığı üçün ləğv edilmişdir. Nizami ona əvvəll sənədsiz ev təklif etmiş lakin o, sənədsiz ev almaq istəmədiyini bildirmişdir. Müqavilənin bağlanması üçün ilk müraciət etdikləri notarius evdə qeydiyyatda olan bütün şəxslərin notariat kontoruna gəlmələrini tələb etmişdir. Bundan sonra Nizami ikinci notariusa müraciət etmişdir. O, aldığı evin pulundan 20000 manat ödəmiş, razılığa əsasən 14000 manatı ev Nizami tərəfindən təmir edildikdən sonra ödəməli idi. Lakin Nizami ona satdığı evi təmir etməmişdir. Cavabdehlər müqavilə üzrə öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədikləri üçün bu alqı-satqı müqaviləsi onu qane etmir və həmin müqavilənin məhkəmə qaydasında ləğv edilməsi və evin dəyəri üçün ödənilməsi şərtləndirilmiş 34000 manat pulun geri qaytarılması zərurəti formalaşmışdır. Ona görə də, onunla cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsinə, müqavilənin dəyərini təşkil edən 34000 manatın, dövlət rüsumu qismində ödənilmiş 192 manatın ona geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı arqument kimi mənzildə pasport qeydiyyatda şəxslərin qaldığını iddia edir və bunu öhdəliyin yerinə yetirilməməsi hesab edib alqı-satqı müqaviləsinin ləğv edilməsi səbəbi kimi ərizəsində göstərmişdir. Satılan mənzildə qeydiyyatda qalmaq alqısatqı müqaviləsinin ləğvi üçün əsas ola bilməz. Mənzilə qeydiyyatda olan digər şəxslərin qeydiyyatdan çıxıb-çıxmamalarında onun mülki məsuliyyəti yoxdur. Özünün qeydiyyatda qalmasına gəlincə, müqavilədən də göründüyü kimi iddiaçı özü aralarındakı müqavilənin şərtlərinə əməl etməmiş, yəni əmlakın dəyərini hissə-hissə olmaqla ödəmək şərtini yerinə yetirmədiyi üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdıraraq, o nəticəyə gəlmişdir ki, satdığı mənzilin ödənilməmiş qalıq pulu hazırkı İddiaçı onun xeyrinə tutulmalıdır. İddiaçı bu günə qədər də məhkəmə qətnaməsini yerinə yetirməmiş və icra icraatını yubatmaq və məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu iddianı formal olaraq məhkəməyə vermişdir. Hələ işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən hakim özü də İddiaçı onun iddiasına qarşı, yaxud ayrıca qaydada alqı-satqı müqaviləsini mübahisələndirmək hüququnu izah etmişdir. Hazırkı iddia icradan yayınmaq məqsədi daşıyır. İddiaçının daha bir arqumenti ondan ibarətdir ki, guya evi satarkən kommunal xidmətlərə görə borc qalmış, bu azmış kimi hətta sayğacları da söküb özü ilə aparmışdır. Bələdiyyə borcunu da bir il müddətində ödəməmişdir. Bununla da satdığı mənzili guya düzgün təhvil verməmişdir. Bu xüsusatlar da yalandır və iddia ərizəsi üçün formal əsas yaratmaq məqsədilə yazılmışdır. Hətta bu nahaq yazılanlar olmuş olsa belə bu hallar alqı-satqı müqaviləsinin ləğvi üçün əsas ola bilməz. Onun kommunal xidmətlərə görə hər hansı məbləğdə borcu qalmamış və hər hansı bir sayğac da onun tərəfindən götürülməmişdir. Satılan ev alıcının istifadəsinə və sahibliyinə verilmiş və bu arqumentlər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində və yuxarı instansiyada baxılarkən İddiaçı tərəfindən səsləndirilməmişdir. Belə bir hal qətiyyən yoxdur və iddiaçı icra vərəqəsinin verilməsinə əsas olmuş məhkəmə qətnəməsi ilə artıq həll edilmiş məsələni yenidən başqa əsasla mübahisələndirməyi və bununla da pul öhdəliyini yerinə yetirməkdən yayınmağı düşünür. İddia ərizəsində iddiaçı alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün başqa hər hansı bir əsas gətirməmişdir. Bu hallar isə iddia ərizəsinin açıq-aşkar əsassız olduğunu təsdiq edir. Aralarındakı müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi olmuş və düzgün formalaşmışdır. O, müqavilə üzrə öhdəliyini yerinə yetirərək satdığı evi iddiaçıya təhvil vermişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, qardaşı Cavabdeh3 izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, İddiaçı onun qardaşının borcunu qaytardıqdan sonra o, mənzildən qeydiyyatdan çıxacaqdır. Mülki iş üzrə xx.xx.2023-cü il tarixinə təyin olunan hazırlıq məhkəmə iclasında Cavabdeh4 iddia ərizəsini qəbul etmədiyini göstərmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin MH seriyalı № ******* saylı xx.xx.2008-ci il tarixli çıxarışının surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci Mədən küçəsi korpus 93-də istifadədə olan 0,01094 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 4 otaqlı, 53,3 m2 yaşayış, 17,6 m2 köməkçi sahədən ibarət 63 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh4 1 otaq-y/s 7,4 m2, X1 1 otaq, Cavabdeh2, X4 və Cavabdeh1 2 otaq adlarına daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 2585 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin RX seriyalı № ******* saylı xx.xx.2008-ci il tarixli çıxarışının dublikatından müəyyən olunur ki, ünvan 1 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh4 1 otaq y/s 7.4 m2, X1 1 otaq, Cavabdeh2, X4 və Cavabdeh1 2 otaq adlarına daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 2585 nömrəli vərəqində qeydiyyata alınmışdır. Satıcılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ilə alıcı İddiaçı arasında bağlanmaqla Bakı şəhəri 43 saylı notariat kontorunun xüsusi notariusu E.B.Qurbanov tərəfindən təsdiq olunmuş AN-İ № ******* saylı xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcılar ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70,9 m2, yaşayış sahəsi 53.3 m2, yardımçı sahəsi 17,6 m2 olan 4 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə onlara məxsus hissəsindən Cavabdeh3 2 otaqdan bir hissəsini, Cavabdeh2 2 otaqdan bir hissəsini, Cavabdeh1 2 otaqdan bir hissəsini, Cavabdeh4 7,4 kv/m 1 otaq hissəsini alıcıya 20000 manata satmışlar. Müqavilənin 10-cu bəndindən müəyyən olunur ki, alıcının sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcun ödənilməsi satıcının üzərinə düşür. Müqavilənin 13-cü bəndindən müəyyən olunur ki, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 xx.xx.2018-ci il tarixədək evdən qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Müqavilənin 18-ci bəndindən müəyyən olunur ki, bu müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Muğanbank ASC-nin xx.xx.2018-ci il tarixli xəzinə mədaxil orderlərinin surətindən müəyyən olunur ki, İddiaçı xüsusi notarius X2 depozit hesabına xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsinə əsasən cəmi 20000 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin RX seriyalı № ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışının surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci Mədən küçəsi korpus 93, 63 saylı evin 1 otağına X1, 3 otağına İddiaçı paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 26 saylı reyestr kitabının 2585 nömrəli vərəqində ********** reyestr nömrəsi ilə qeydə alınmışdır. Borcverən Cavabdeh3 ilə borcalan İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 43 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş kredit müqaviləsinin surətindən müəyyən olunur ki, borcverən borcalana 14000 manat məbləğində borc pul vermiş, borcalan xx.xx.2021-ci il tarixədək hər ay 300 manat olmaqla aldığı borcu borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-352/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi qismən təmin edilərək 11100 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh3 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-352/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən daha sona müəyyən olunur ki, məhkəmə iclasında cavabdeh X3 izahatında həqiqətən evi 34000 manata almağa razılaşdıqlarını, evin pulunun 20000 manatını ödəməsini, qalan 14000 manatı sonra ödəyəcəyinə vəd verdiyini, lakin iddiaçı ilə həmin evdə təmir işləri aparacağı, videomüşahidə kamerası quraşdıracağı və sair işləri yerinə yetirəcəyi barədə razılıqları olmuş, iddiaçı vədinə əməl etməmişdir. Bu səbəbdən, o, qalan borcu ödəməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8639/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-352/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8639/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən daha sonra müəyyən olunur ki, kollegiya hər iki əqddən irəli gələn öhdəliklərin müstəqil xarakterli olmaqla fərqli məsuliyyət nəzərdə tutmasını, eləcə də borc müqaviləsinin hər hansı səbəbdən etibarsız əqd olması nəticəsinə gəlmək üçün əsasların müəyyən olunmadığından alqı-satqı müqavilələri üzrə aparılmış ödənişlər borcdan irəli gələn öhdəliklərin icrasına təsir etmədiyi, borcun ödənilməsi cədvəlindən cavabdeh İddiaçıdan aldığı 14000 manat borcdan müxtəlif tarixlərdə, sonuncu dəfə xx.xx.2018-ci il tarixdə 300 manat olmaqla cəmi 2900 manat ödəniş etməsi, iddiaçıya 11100 manat borcunun qalmasını müəyyən etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-153/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 352/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin hər ay 150 manat olmaqla hissə-hissə icra olunması ilə bağlı borclu İddiaçı ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddə 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Maddə 422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. Maddə 422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Maddə 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı AN-İ № ******* saylı xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin cavabdehlər tərəfindən öhdəliklərin icra edilməməsi səbəbindən ləğv edilməsini və həmin müqavilə üzrə 34000 manatın ona qaytarılmasını tələb etsə də, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv olunmasına əsas ola biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci Mədən küçəsi korpus 93, 63 saylı evin paylı mülkiyyətlərində olan hissəsini AN-İ № ******* saylı xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı 20000 manata satmışlar. Məhkəmə araşdırması daha sonra müəyyən olunmuşdur ki, AN-İ № ******* saylı xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcılar öz öhdəliklərini icra edərək satdıqları daşınmaz əmlakı alıcıya təhvil vermiş, alqı-satqı müqaviləsinin predmeti olan evə dair alıcının mülkiyyət hüququ DƏDR-də qeydə alınaraq sonuncuya mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmiş, alıcı da həmin müqavilədə nəzərdə tutulan 20000 manatı satıcılara ödəmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, borcverən Cavabdeh3 ilə borcalan İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borcalanın öhdəliklərini icra etməməsi nəticəsində borcverənə 11100 manat borcun qalmasını müəyyən edən qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur. Məhkəmə qeyd edir ki, müqavilənin ləğv edilməsinin əsası tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin elə əhəmiyyətli dərəcədə dəyişməsi ola bilər ki, tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Bağlandığı və mühüm şərtləri icra olunduğu vaxtdan 4 ilə yaxın vaxt keçdikdən sonra iddiaçını qane etməməsi səbəbi ilə, və ya cavabdehlərin satdıqları evdən qeydiyyatdan çıxmamaları, həmin ünvanda kənar şəxslərin qeydiyyatda olması, göstərilmiş kommunal xidmətlərə görə borcun olması, vergi bocunun olması, sayğacın çıxarılması halları mövcud olduğu halda belə bu hallar tərəflər arasında bağlanan daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də məhkəmə iddiaçının iddia tələblərini əsassız hesab edib təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 qarşı xx.xx.2018-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsinə, müqavilənin dəyərini təşkil edən 34000 manatın, dövlət rüsumuna görə 192 manatın ona geri qaytarılmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar