Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-815/2022 18.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehin birgə nikahından olan 27 may 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində tutulmuş alimentin miqdarının dəyişdirilərək, cavabdehin qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdehin birgə nikahından 27 may 2017-ci ildə X6 anadan olmuşdur. 24 noyabr 2017-ci il tarixində 2(001)-15487/2017 nömrəli qətanamə ilə Binəqədi Rayon Məhkəməsində övladlarının saxlanılması üçün cavabdehin qazancının və ya digər gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulmuşdur. 10 oktyabr 2018-ci il tarixində 2(001)-5858/2018 nömrəli qətnamə ilə Binəqədi Rayon Məhkəməsində nikahları pozulmuş, birgə nikahdan olan övaldları onun yanında saxlanılmışdır. 08 noyabr 2019-cu il tarixində 2(001)-8055/2019 nömrəli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsində övladlarının saxlanılması üçün cavabdehin qazancının və ya digər gəlirlərinin 1/4 hissəsi miqdarında tutulmuş aliment dəyişdirilərək cavabdehdən hər ay 160 manat, onun üçün isə övladının 3 yaşına çatana qədər 40 manat sabit pul məbləğində aliment tutulmuşdur. O övladı ilə cavabdehdən ayrı yaşayır. Belə qərara gəlmişdir ki, alimentin dəyişdirilməsi üçün məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİİ seriyalı, 981242 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 27 may 2017-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası isə X2r. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2(001)- 15487/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh tərəflərin birgə nikahından olan övladları 27 may 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2(001)- 5858/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X4 arasında 15 iyul 2016-cı il tarixdə bağlanmış 3 saylı Bakı Asan Xidmət Mərkəzində 2625 saylı qeydlə qeydə alınmış nikahlarının pozulması, tərəflərin birgə nikahlarından olan 27 may 2017-ci il təvəllüdlü X5 anası X1 himayəsində saxlanması qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(001)- 8055/2019 saylı qətnaməsindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2(001)-15487/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, 27 may 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, 27 may 2017-ci il təvəllüdlü X5 3 yaşına çatanadək Cavabdeh hər ay 40 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatda görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluqçusu kimi sektor müdiri vəzifəsində çalışır, əmək haqqı məbləği 1020 manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(001)-8055/2019 saylı qətnaməsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2(001)-15487/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, 27 may 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur. Həmçinin müəyyən edildi ki, cavabdeh hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluqçusu kimi sektor müdiri vəzifəsində çalışır və onun əmək haqqı məbləği 1020 manat təşkil edir. Hazırda da iddiaçı alimentin məbləğinin dəyişdirilərək cavabdehin qazancının (gəlirlərinin) ¼ hissəsi miqdarında müəyyən edilməsini xahiş edir, cavabdeh isə iddianı qəbul edir. Belə olan halda, məhkəmə, cavabdehin gəlirinin müntəzəm olduğunu, tərəflərin birgə nikahından olan uşağın ananın himayəsində olmasını, uşaq üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, 27 may 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(001)-8085/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. 27 may 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(001)-8055/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-815/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-815/2022
18.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver