Məhkəmə qərarları › İş №2(001)-815/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-815/2025

08.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-815/2025 08.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muxtarova Lamiyə Hüseyn qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, cavabdehlə rəsmi qaydada nikaha daxil olmaqla ailə qurmuşdur. Sonradan nikahları pozulmuşdur. Birgə nikahlarından xx.xx.2010cu il təvəllüdlü X5 anadan olmuşdur. Əvvəllər cavabdehlə mehriban yaşasalar da, sonradan xasiyyətlərinin uyğun gəlmədiyini anlamışlar və hazırda ayrı yaşamaqla ayrıca təsərrüfat aparırlar. Cavabdehlə xx.xx.2023-cü il tarixdə aralarında bağlanmış “Barışıq Sazişi”nə əsasən sonuncu birgə nikahlarından olan X1 üçün 2024-cü ilin yanvar ayınadək hər ay 700 manat aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh alimenti çətinliklə ödəyir. O və övladı bunun üçün ona zəng vurmaq və danışmaq məcburiyyətində olurlar. Bu hal onun və övladının psixologiyasını korlayır. Eyni zamanda cavabdehin qənaətbəxş əmək haqqısı mövcuddur. Bu səbəbdən də, o, alimentin məhkəmə qaydasında və əmək haqqına münasibətdə təyin olunmasını məqsədəmüvafiq hesab edir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, onun, yəni İddiaçı yanında saxlanılmış övladı xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddia ərizəsində cavabdehin övladının saxlanılması üçün qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 654533 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan MŞB/18/2023-01172 nömrəli, xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, İddiaçı, Cavabdeh və mediator X2 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər sazişi imzalamaqla “1. Tərəflər razılığa gəlirlər ki, avqust ayından başlayaraq İl Tərəf İ Tərəfə onların birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 üçün 2024-cü ilin yanvar ayınadək hər ay 700 (yeddi yüz) manat məbləğində, 2024-cü il yanvar ayından etibarən isə 1000 (bir min) manat məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. 2. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə etdikləri əmlakların bölgüsü aşağıdakı qaydada müəyyən olunsun: 2.1. Ankara, Çankaya, Lodumu (Me), ada 26053, parsel 2 X6 F1 kat 1; Nərimanov rayonu, Yəhya Bakuvi küçəsi 838-839-cu məhəllə, ev 12, mənzil 41 (yeni qaydalarla Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi 38, M3, m2) İddiaçı mülkiyyətində qalır. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3068 məhəlləsi, ev 2, mənzil 37 isə Cavabdeh mülkiyyətində qalır. 2.3. İ Tərəf öhdəliyə götürür ki, İİ Tərəfin mülkiyyətində olan daşınmaz əmlakla bağlı heç bir iddia və tələbi yoxdur və onun razılığı olmadan özgəninkiləşdirilməsinə etiraz etmir. Eyni zamanda, İİ Tərəf öhdəliyə götürür ki, İ Tərəfin mülkiyyətində olan daşınmaz əmlakla bağlı heç bir iddia və tələbi yoxdur və onun razılığı olmadan özgəninkiləşdirilməsinə etiraz etmir. 3. İlkin mediasiya xərcini (50 manat) və tam mediasiya xərcini (50 manat) l Tərəf ödəyir.” barədə razılığa gəlmişlər. İş materiallarında olan ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/6-01874 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 16:00-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı nümayəndəsi Nümayəndə iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini və 10 manat kargüzarlıq xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında “dövlət qulluqçusu – Baş məsləhətçi” vəzifəsində işləyir və 6841.25 manat məbləğində əmək haqqı alır. İlk növbədə qeyd edilməlidir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 16.10 2024-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78-ci maddəsini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar