Məhkəmə qərarları › İş №2(001)-8321/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8321/2025

16.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(001)-8321/2025 16.03.2026 BAKI ŞƏHƏRI BINƏQƏDI RAYON MƏHKƏMƏSI Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Hüseynzadə Nərmin Yaşar qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh nümayəndəsi (anası) X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə əvvəlki ailə münasibətlərindən irəli gələrək övladının saxlanılması üçün aliment ödəyən tərəfdir və hazırda qüvvədə olan məhkəmə qərarı əsasında müəyyən edilmiş aliment öhdəliyini indiyədək vicdanla və imkanları daxilində yerinə yetirmişdir. Lakin son dövrlərdə maddi, sosial ve ailə vəziyyətində baş vermiş obyektiv dəyişikliklər, gəlir imkanlarının əvvəlki dövrlərlə müqayisədə azalması, artan yaşayış xərcləri və mövcud iqtisadi şərait alimentin əvvəlki həcmdə saxlanılmasını onun üçün əhəmiyyətli dərəcədə çətinləşdirmişdir və bu səbəbdən aliment məbləğinin yenidən müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, hazırda rəsmi ailəlidir və ailə xərclərini təkcə təmin edir. Qeyd olunanları nəzərə alaraq, tərəflər arasında mövcud məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləğinin 220 AZN manat həddinədək azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini müdafiə etdi, hazırda təyin edilən alimenti verməyə maddi imkanı olmadığını bildirdi. Cavabdehin nmüayəndəsi iddiaya etiraz etdi, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi, izahatında bildirdi ki, iddiaçı indiyədək uşağa heç bir diqqət və qayğı göstərməmişdir. Cavabdeh özü işləmir, nənə kimi hazırda şəkə xəstəsidir, nəvəsinin xərclərini tam qarşılaya bilmir. Təyin edilmiş aliment minimum məbləğdir və onun azaldılmasına razı deyil. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Bakı Şəhəri Binəqədi rayon məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı Şəhəri Binəqədi rayon məhkəməsinin ##.##.2022ci il tarixli, 2(001)- ****/**** saylı qətnaməsi ilə ##.##.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu İddiaçı tələbkar Cavabdeh ödənilməli olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. AZEMİS elektron sistem məlumatlarına əsasən İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində Mühafizəçi olaraq işləyir və aylıq qazancı 550 manat təşkil edir. AZEMİS elektron sistem məlumatlarına əsasən Cavabdeh “xxxx” MMC-də Satıcı olaraq işləyir və aylıq qazancı 442 manat təşkil edir. Bakı ** saylı Mediasiya Təşkilatından ##.##.2025-ci il tarixli, MŞB/**/****-***** saylı İMS iştirak edilməməsi barədə arayış əldə olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin III və IV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. "Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Uşaq hüquqları haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində də uşaqlara münasibətdə valideynlərin hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bronda İtaliyaya qarşı” iş üzrə qərarında göstərmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat, uşaqların saxlanılması üçün minimum məbləğ isə 246 manat müəyyən edilmiş, 2026-cı il üçün isə həmin məbləğ 260 manat müəyyən edilmişdir. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Konstitusiya və beynəlxalq-hüquqi aktlar ilə dövlətin üzərinə uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək kimi pozitiv öhdəliyin qoyulması uşaqlıq dövrünün şəxsiyyətin formalaşmasının mühüm mərhələsi olmasından, məhz bu ərəfədə insanın mənəviyyatının, dünya görüşünün inkişaf etməsi, psixi və fiziki sağlamlığının bünövrəsinin qoyulmasından irəli gəlir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin əvvəlki nikahından anadan olan ##.##.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu İddiaçı tələbkar Cavabdeh ödənilməli olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksləşdirilmiş, hazırda bu məbləğ ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı ilə hesaba alınanda aylıq 256 manat alimentin ödənilməli olması müəyyən edilir. Belə olan halda isə məhkəmə iddiaçı atanı uşağın saxlanılması üçün hazırda ölkə üzrə nəzərdə tutulmuş aliment məbləğindən də az miqdarın yenidən hesablanaraq müəyyən edilməsinin heç bir qanuni və faktiki əsaslarının aşkar edilməməsini və alimentin azaldılmasının yetkinlik yaşına çatmayan uşağın mənafeyinə zidd hesab edərək iddianın rədd edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğdən ibarətdir. Məhkəmə işin diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə QƏT ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar