Məhkəmə qərarları › İş №2(001)-8387/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8387/2021

03.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8387/2021 03.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18 may 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının ¼ hissəsi miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və tərəfindən təqdim edilmiş sübutlara əsaslanaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək və iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, o, hazırda “X4 Services” şirkətində çalışır və əmək haqqısı 1.000 manatdan artıqdır. Həmin vəsait hesabına öz xərcləri ilə yanaşı, eyni zamanda himayəsində olan xəstə anasının da ehtiyaclarını qarşılayır. Onun əmək münasibətlərində olduğu şirkətin müqavilə üzrə fəaliyyət müddəti 2021-ci ilin sonunda bitir və nəticədə 2022-ci ildən onun əmək müqaviləsinə xitam verilə bilər. Lakin bütün xərclərinin və əmək münasibətlərində olub-olmamasından asılı olmayaraq, uşağın saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Həmçinin, uşağın bu məbləğdən kənar yarana biləcək digər ehtiyaclarını da maddi baxımdan qarşılamağa hazırdır. Belə ki, ötən dövr ərzində aliment tələbi olmadan da hər bir cəhətdən, o cümlədən maddi baxımdan o, uşağı təmin etmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın qismən təmin edilərək, uşağın saxlanılması üçün ondan hər ay 150 manat sabit pul məbləğində alimentin cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, cavabdehin iddiaya qarşı etirazını nəzərə alıb, iş materiallarını araşdırıb, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verib, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 18 may 2007-ci il tarixdə X3 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, uşaq iddiaçının yanında saxlanılmışdır. Uşaq hazırda da iddiaçının himayəsindədir və onun yanında qalır. İddiaçı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının ¼ hissəsi məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh iddianı qismən qəbul edir, uşağın saxlanılması üçün ondan hər ay 150 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. Cavabdeh əmək fəaliyyəti ilə məşğul olur, aylıq müntəzəm gəlirə malikdir. İddiaçı ilə cavabdeh arasında yetkinlik yaşına çatmayan uşağa alimentin ödənilməsi barədə sazişin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, iddia tələbini, habelə cavabdehin müntəzəm gəlirə malik olmasını nəzərə alıb, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, uşağın mənafeyinin ən yüksək səviyyədə təmin edilməsi və qanunun uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddi ilə bağlı tələblərinin gözlənilməsi baxımından aliment məbləği cavabdehin qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilməlidir. Məhkəmə, o halı da qeyd edir ki, alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mümkün olmaması, çətinlik törətməsi və ya onun marağının əhəmiyyətli dərəcədə pozması halı müəyyən edilməmişdir. Cavabdehin əmək münasibətlərində olduğu şirkətin müqavilə üzrə fəaliyyət müddətinin 2021-ci ilin sonunda bitməsi və bu müddətdən sonra cavabdehlə əmək münasibətlərinə xitam verilməsi ehtimalının olması hazırki iddianın rədd edilməsi üçün əsas ola bilməz. Digər tərəfdən bu halı təsdiq edən mötəbər sübut da mövcud deyil. Cavabdeh himayəsində xəstə anasının olmasını bildirsə də, bu halı, habelə ona çəkilən xərclər barədə hər hansı məlumat məhkəməyə təqdim edilməmişdir. Hər bir halda, yaşayış minimumlarının miqdarı nəzərə alındığı təqdirdə, cavabdehin əmək haqqısının miqdarı (etirafına əsasən 1.000 manatdan artıq) həm uşağın, həm də onun anasının maddi baxımdan saxlanılması üçün kifayət edən məbləğdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 18 may 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh hər ay onun qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulmalı, aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi, yəni 25 oktyabr 2021-ci il tarixdən hesablanmalı, qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, 18 may 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh hər ay onun qazancının ¼ hissəsi miqdarında aliment tutulmalı, aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi, yəni 25 oktyabr 2021-ci il tarixdən hesablanmalı, qətnamə dərhal icra edilməlidir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 50 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 18 may 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh hər ay onun qazancının ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutulsun. Aliment məbləği 25 oktyabr 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddiaçı ödəməkdən azad edildiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar