Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-870/2022 16.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X7, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X8 və "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) “evin və hasarın bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X8 və "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2/3 hissəsi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 2B saylı evin və həmin ünvanda yerləşən 2C və 2B saylı evlərin arasındakı hasarın cavabdeh tərəfindən bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi, məhəllə 3023, ev 2C ünvanında yerləşən ev torpaq sahəsi ilə birlikdə 01 avqust 2014-cü il tarixli, ********** reyestr nömrəli, RX ******* nömrəli daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış əsasında ona məxsusdur. Həmçinin, həmin fərdi yaşayış sahəsi ilə qonşuluqda olan - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 2B saylı ev isə 1/3 hissədə X2, 2/3 hissədə onun mülkiyyətindədir. O, həmin əmlakın 2/3 hissəsinin özünə məxsus olmasına baxmayaraq həmin tikili ilə 2C ünvanında ona məxsus olan tikili arasında 11 daşdan ibarət ortaq hasarın tikilməsinə etiraz etməmişdir. Onun mülkiyyətində olan əmlak Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 07 noyabr 2013-cü il tarixli, S-258 saylı razılaşma məktubu və “Azərmemarlayihə” tərəfindən tərtib olunmuş layihəyəyə uyğun tikilərək başa çatdırılmışdır. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi, 3023-cü məhəllədə yerləşən 2C və 2B saylı evlərin arasındakı hasarın və 2/3 hissəsi mülkiyyət hüququ ilə ona məxsus olan həmin ünvanda yerləşən 2B saylı ev X2 qardaşı Cavabdeh tərəfindən sökülmüşdür. Cavabdeh söküntü işlərini bacısının göstərişi ilə həyata keçirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(102)-4309/2021 saylı qərarı ilə söküntünün X2 deyil, hazırki iş üzrə cavabdeh tərəfindən həyata keçirildiyi bir daha təsdiq olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat verdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, cavabdeh 2/3 hissəsi ona məxsus olan evə hücum etmişdir. Bu barədə 7-ci Polis Bölməsində cavabdehin izahatı alınmış, cavabdeh evi və hasarı sökdüyünü bildirmişdir. Polis Bölməsində bu barədə qərar da qəbul edilmişdir. Cavabdeh tərəf evi sökəndən sonra onun yerində iri karkazlarla tikinti aparmağa başlamışdır. Onun şikayətlərindən sonra cavabdeh tikintini dayandırmışdır. O, dəfələrlə razılıq əldə edilməsi üçün cavabdehə müraciət etsə də, heç bir razılıq əldə edilməmişdir. Ona deyirlər ki, “sənə məxsus evin altındakı torpaq bizimdir”. O, təklif etmişdir ki, “ya siz mənə evin pulunu verin mən evdən çıxım, ya da mən sizə torpağın pulunu verim”. Heç bir halda razılıq əldə edə bilməmişdir. O, evi tikməmişdən əvvəl şəxsən cavabdehi çağırıb ev tikmək barədə fikrini, evin layihəsini göstərmişdir. Cavabdehin buna heç bir etirazı olmamışdır. Ev tikiləndən sonra isə problemlər yaranmağa başladı. Evinin cavabdeh tərəfindən sökülməsi hər kəsin gözləri qarşısında olmuşdur. Bağçaya gəlib gedən uşaqların valideynləri də bunun şahidi olmuşdur. Cavabdeh bildirsə ki, ev onun tərəfindən sökülüb, bu tam əsassızdır. Belə ki, ev söküləndən sonra o, hər yerə şikayət etdiyi halda cavabdeh bunu etməmişdir. O, yalnız evinin bərpa edilməsini istəyir, başqa heç nə. Eyni zamanda ona verilmiş suallara cavab olaraq bildirdi ki, sökülmüş evin yerində heç nə tikilməmişdir. Halbuki, onun tərəfindən mübahisəsi gedən evin 2/3 hissəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətində ipoteka ilə yüklü edilmişdir, hazırda həmin banka 33.000 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, Cəfər Xəndan küçəsində iddiaçıya məxsus 2C nömrəli villa və X4 məxus 2A nömrəli villa mövcuddur. Hazırda mübahisəsi gedən əmlak isə həmin iki villanın arasında yerləşir. Həmin əmlakın 2/3 hissəsi iddiaçının, 1/3 hissəsi isə X4 məxsusdur. Cavabdehdə iki villa arasında yerləşən evi və hasarı sökmüşdür. Bununla bağlı Binəqədi rayonun Polis İdarəsinin 7-ci Polis Bölməsində cavabdehin izahatları vardır. İddiaçı əvvəl hazırki tələblə bağlı X4 qarşı iddia qaldırmış, iddia birinci instansiya məhkəməsində təmin edilsə də, yuxarı instansiya məhkəmələri tərəfindən həmin qətnamə ləğv edilmiş, iddia təmin edilməmişdir. İşə birinci instansiya məhkəməsində baxılan zaman şahidlər dindirilmiş və evin cavabdeh tərəfindən sökülməsi öz təsdiqini tapmışdır. Eyni zamanda qeyd edir ki, iddiaçıya məxsus 2C nömrəli villa hazırda uşaq bağçası kimi fəaliyyət göstərir. Onun öz övladı da həmin bağçaya getmişdir. O, şahid kimi ifadə verə bilməsə də, şəxsən cavabdeh tərəfindən iddiaçının evinin sökülməsinin şahidi olmuşdur. Ona verilmiş suala cavab olaraq bildirdi ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin baş təhqiqatçısı İlkin Əsgərov tərəfindən qəbul edilmiş 13 iyun 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan şikayət verilməmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 iddianın təmin edilməsini məhkəmədən xahiş edərək izahatında bildirdi ki, 2013-cü ildə iddiaçı ilə bank arasında kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin təminatı qismində isə mübahisəsi gedən ev banka ipotekaya qoyulmuşdur. Həmin evin sökülməsi bankın mənafeyinə də ziyan vurmuşdur. Mübahisəsi gedən evin qiyməti 31.500 manat məbləğində müəyyən edilmişdir. Əgər əmlak əvvəlki vəziyyətinə bərpa olunmarsa bank iddiaçıdan pulu tələb edəcəkdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının mübahisələndirdiyi 2B nömrəli evin 1/3 hissəsi onun bacısı X4 məxsusdur. O, evin söküntüsündə iştirak etməmişdir. Heç kim deyə bilməz ki, onu evi sökərkən orada görüblər və ya ev onun tapşırığı ilə sökülmüşdür. Mübahisəsi gedən ərazidə zibilliyi iddiaçının özü yaratmışdır. Onun Polis bölməsində iddiaçı tərəfin ifadə etdikləri məzmunda hər hansı bir izahatı olmamışdır. Bundan əlavə, iddiaçı ona təkliflər etdiyini bildirsə də, o, iddiaçı ilə necə razılaşa bilər? Axı o, mülkiyyətçi deyil. Onun sözügedən evə hər hansı bir aidiyyəti yoxdur. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi X12 iddianın rədd edilməsini xahiş edərək izahatında bildirdi ki, mübahisəsi gedən evin 1/3 hissəsi onun həyat yoldaşı X4 məxsusdur. Həmin evin söküntüsündə cavabdehin iştirakı olmamışdır. İddiaçı əvvəl onun həyat yoldaşına qarşı məhkəmədə iddia qaldırmış iddiası təmin edilməmişdir, hazırda isə onun qaynına qarşı iddia qaldırmışdır. Halbuki, mübahisəli ev onun qaynı Oktay tərəfindən sökülməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş QYM seriyalı, 000433 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3023-cü məhəllə, 2A saylı ev X3 xüsusi mülkiyyəti kimi 27 dekabr 1999-cu il tarixdə hüquqi qeydiyyatdan keçmişdir. Hazırki mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 2b saylı ev 1/3 hissədə X2, 2/3 hissədə İddiaçı mülkiyyətindədir. 18 aprel 2018-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru polis kapitanı X9 tərəfindən tərtib edilmiş aktın surətində göstərilmişdir ki, “ünvan 2 ünvanında yerləşən 3 mərtəbəli yaşayış evinin sol tərəfində hündürlüyü 10 daş və uzunluğu 12.5 metr ölçülərində olan ortaq hasarı X1 Ziyafət Müseyib qızına demədən uçurtmuşdur. Lakin bu günə kimi uçurdulmuş hasarı bərpa etməmişdir. Hazırda İddiaçı evinin yan hissəsində gedən kommunikasiya xətti, kanalizasiya borusu zədələnmiş və sonuncuya maddi ziyan vurulmuşdur. Əlavə olaraq kürsülü birmərtəbəli 2/3 hissəsi İddiaçı məxsus ev də uçurdulmuş və ziyan dəymişdir N.Zeynalova tərəfindən”. İş materiallarından aydın olur ki, İddiaçı eyni faktiki hallara əsaslanan iddia ərizəsi ilə X4 qarşı da Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 17 yanvar 2019-cu il tarixli, 2(001)-392/2019 saylı qətnaməsi ilə İddiaçı X4 qarşı sökülmüş hasar və fərdi yaşayış evinin bərpa edilməsi tələbinə dair iddiasının təmin edilməsi, "xxxx" ASC-nin X4 qarşı sökülmüş fərdi yaşayış evinin bərpa edilməsi və ya vurulmuş maddi zərərin N.Zeynalovadan bankın xeyrinə tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 2c və 2b saylı evlərin arasındakı sökülmüş hasar və 2/3 hissəsi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 2b saylı sökülmüş evin X8 tərəfindən bərpa edilməsi, "xxxx" ASC-nin iddiasının qalan hissələrdə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli, 2(103)-1919/2020 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X2 apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(001)392/2019 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X4 qarşı sökülmüş hasar və fərdi yaşayış evinin bərpa edilməsi, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" ASC-nin X4 qarşı sökülmüş evin bərpa edilməsi və ya söküntü nəticəsində dəymiş zərərin bankın xeyrinə tutuması tələbi barədə iddiası təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, təkrar apellyasiya zamanı əldə edilmiş Bakı şəhəri Binəqədi RİH Başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 16 oktyabr 2020-ci il tarixli, 1418/149 saylı məktubunda qeyd edilmişdir ki, X8 və onun qardaşı Cavabdeh Umud oğlunun Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsində yerləşən 2 B saylı evin X4 məxsus olan 1/3 hissəsində yaşamadıqları müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(102)- 4309/2021 saylı qərarının surətindən görünür ki, İddiaçı və üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1919/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfin vəsatəti ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 392/2019 saylı mülki iş materiallarından götürülmüş Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin baş təhqiqatçısı İlkin Əsgərov tərəfindən qəbul edilmiş 13 iyun 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş İddiaçı 03 iyun 2018-ci il tarixdə saat 16:57-də DİN-nin "102" Xidməti-Zəng mərkəzi sisteminə zəng vuraraq, Cəfər Xəndan küçəsi 2 "B"-də hal-hazırda qanunsuz tikinti işlərinin aparılması barədə məlumat vermişdir. İddiaçı həmiçinin paylı mülkiyyətçisi olduğu mübahisəli evin üçdə bir hissəsinin mülkiyyətçisi X2 qardaşı Cavabdeh ona məxsus evi və hasarı sökdüyünü bildirmişdir. İzahatı alınmış Cavabdeh bildirmişdir ki, Cəfər Xəndan küçəsi 2 “B”-də yerləşən özlərinə məxsus torpaq sahəsində heç bir qanunsuz tikinti işləri aparmamışdır. Həmin tikilən divarla bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin məlumatının olması lakin orada 10 daşdan yuxarı hasar çəkilməsinə icazə verilmədiyini bildirmişdir. Qeyd edilənlərlə bağlı araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş, həmin qərardan şikayət verilməmişdir. Hazırda isə, iddiaçı 2B saylı evin və həmin evlə 2C saylı evin arasında olan hasarın məhz Cavabdeh tərəfindən söküldüyünü iddia edərək, həmin evin və hasarın həmin cavabdeh tərəfindən bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh isə mübahisəli evin və hasarın onun tərəfindən sökülmədiyini bildirərək, iddianı qəbul etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1096.1-ci maddəsinin təşkil edə bilər. Həmin maddəyə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki qanunvericiliyin qeyd edilən müddəasının mənasına görə, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması üçün üç əsas ünsürün məcmu halda mövcud olması lazımdır – zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Bu o deməkdir ki, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi kimi 2B saylı evin və həmin evlə 2C saylı evin arasında olan hasarın məhz Cavabdeh tərəfindən söküldüyünü sübuta yetirməlidir. Həmçinin nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı, hazırkı məhkəmə baxışının predmetini təşkil edən iddia tələblərini irəli sürməkdə haqlı olmamışdır. Çünkü o (iddiaçı), iddia etdiyi kimi 2B saylı evin və həmin evlə 2C saylı evin arasında olan hasarın məhz Cavabdeh tərəfindən söküldüyünü təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir; iddiaçı tərəf Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində özünün (iddiaçının) şikayəti əsasında evin və hasarın sökülməsinin araşdırıldığını və həmin söküntülərin cavabdehin tərəfindən aparılması barədə cavabdehin özünün izahatının olduğunu bildirsə də, cavabdeh bunu təkzib etmiş, belə bir izahat vermədiyini bildirmişdir. İddiaçının vəsatəti əsasında əldə edilmiş Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin baş təhqiqatçısı İlkin Əsgərov tərəfindən qəbul edilmiş 13 iyun 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən edilmişdir ki, cavabdeh izahatında Cəfər Xəndan küçəsi 2 “B”-də yerləşən özlərinə məxsus torpaq sahəsində heç bir qanunsuz tikinti işlərini aparılmadığını bildimişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Təsvir edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X8 və "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) “evin və hasarın bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X8 və "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) “evin və hasarın bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-870/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-870/2022
16.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver