Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-899/2024 15.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X8 nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı QSC-nin cavabdeh “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X5rşı «24 iyun 2022-ci il tarixli Xidmətlər üzrə Satınalma müqaviləsindən irəli gələn pul vəsatinin tutulması » tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC cavabdeh “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X5rşı «24 iyun 2022-ci il tarixli Xidmətlər üzrə Satınalma müqaviləsindən irəli gələn pul vəsatinin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, hazırki mübahisə İddiaçı QSC (bundan sonra “İcraçı”) ilə “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X10 (bundan sonra “Sifarişçi”) arasında 24 iyun 2022-ci il tarixində bağlanılmış “Xidmətlər üzrə Satınalma müqaviləsi”ndən irəli gəlir. Qeyd olunan müqavilə Sifarişçinin 2021-ci il X1 audit standartlarına əsasən kənar auditinin aparılması və minaaxtaran itlərin qiymətləndirilməsi xidmətlərinin satın alınması üçün İcraçının 17198.50 manat məbləğində kotirovka təklifini qəbul etməsi barədə bağlanılmışdır. Müqavilə üzrə xidmətlərin icrası üçün Sifarişçi olaraq “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” PHŞ tərəfindən təqdim edilməsi tələb edilən sənədlərin onlara təqdim edilməsi mütəmadi gecikdirilmiş, tələb edilən məlumatlar və sənədlər barəsində Sifarişçiyə həm şifahi, həm keçirilən görüşlər zamanı, həm də şirkətə aid rəsmi e-mail adresləri üzərindən yazılı olaraq dəfələrlə müraciət edilmişdir. Bunlara cavab kimi gecikmə səbəbi olaraq bildirilmişdir ki, “hal-hazırda X2 yoxlaması aparıldığından biz X1 audit standartlarına əsasən kənar auditinin aparılması üçün gərəkli olan sənədləri təqdim edə bilmirik”. Eyni zamanda Hesablama Palatasının 2022-ci ilin iş planına uyğun olaraq həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” (ANAMA) X8 xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan hesabat dövrlərindəki fəaliyyəti əhatə olunaraq bir sıra pozuntular aşkarlanmışdır. xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-cı il və xx.xx.2022-ci il tarixlərdə verilmiş yazılı sorğularına xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində geri dönüş edilmiş və tələb edilən məlumatlar natamam təqdim edilmiş və ya ümumiyyətlə təmin edilməmişdir. Habelə, müqavilə üzrə ikinci xidmət olan minaaxtaran itlərin qiymətləndirilməsinin keçirilməsi üçün tələb edilən şəraitin yaradılması üçün şifahi və xx.xx.2022-ci il tarixli sonuncu yazılı sorğuları təmin edilməmişdir. Hər-hansı bir formada onlara geri dönüş edilməmişdir. Bütün bu gecikmələr audit şirkəti olaraq tərəflərindən bu layihə üzrə ayrılmış əməkdaşların layihə üzrə nəzərdə tutulandan artıq zaman sərf etməsinə, zaman itkisi yaşamalarına, layihənin vaxtında təhvil verilməsinin gecikməsinə səbəb olmuşdur. Tərəflər arasında imzalanmış Müqavilənin 5.6-cı maddəsinə əsasən “Sifarişçi müqavilənin icrası ilə bağlı bütün məlumatların dəqiqliyinə və İcraçıya vaxtında çatdırılmasına təminat verir”. Nəticə olaraq tələb edilən məlumatlar nəinki gecikdirilərək, həmçinin natamam şəkildə təqdim edilmişdir. Bütün bu gecikmələr və natamamlıqlar audit şirkəti olaraq daha artıq zaman itkisi və bunun nəticəsi olaraq maddi itkiyə məruz qalmaqlarına baxmayaraq audit yoxlaması keçirməkdən imtina etməmişlər və profesionallıqlarını qoruyaraq məlumatların təqdim edilmə ardıcıllığına uyğun olaraq xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixində ilkin və xx.xx.2022-ci il tarixində yekun “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin X1 standartlarına uyğun hazırlanmış maliyyə hesabatları və X4” adlı sənəd Sifarişçiyə təqdim edilmişdir. Həmin sənəddə xx.xx.1997-ci il tarixli 92 saylı Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən təsdiq edilmiş “Auditorun yekun sənədləri”nin İİ.7. maddəsinə əsasən audit rəyinin bir forması kimi rəy verilməsindən imtina edilmişdir. Buna cavab olaraq Sifarişçi heç bir əsas olmadan şifahi şəkildə öz etirazını bildirmiş və onlara təzyiq göstərərək müsbət rəy tələb etmişlər. Onlar öz tərəflərindən Sifarişçinin 2021-ci il maliyyə hesabatlarının vəziyyətinin “Audit xidməti haqqında” Qanun, beynəlxalq audit standartlarının tələbləri çərçivəsində müsbət rəyə uyğun olmadığını bildirmişlər. Tərəflərindən qeyd olunan əsassız və saxta rəyin verilməsindən imtina edildiyi üçün Sifarişçi müqavilə üzrə ödənişləri etməmişdir. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində yenidən ödənişlərlə əlaqədər sənədlərin (Hesab faktura, Təhvil-təslim aktı, Elekron qaimə) Sifarişçiyə göndərilməsinə baxmayaraq, ödəniş edilməsindən rəsmi imtina edilmişdir. Xüsusilə qeyd etmişlər ki, Müqavilənin 13-cü, 14-cü maddələrinin və Müqavilənin Xüsusi Şərtlərinin 2-ci maddəsinin tələblərinə əsasən Sifarişçi digər hüquqlara ziyan vurmadan xidmətdə hər hansı qüsurlar gördükdə İcraçıya dərhal yazılı bildiriş verməli və qüsurların aradan qaldırılması üçün 10 günlük müddət gözləməli idi. Lakin xidmətin bütün icra müddəti ərzindən Sifarişçi tərəfindən hər hansı irad bildirilməmişdir. Bu bir daha Sifarişçinin əsassız olaraq ödəniş etmək öhdəliyindən boyun qaçırdığını sübut etməkdədir. Əlavə olaraq, № YUB-XO-28.062022-001-li, xx.xx.2022-ci il tarixli Bank qarantiyasına əsasən İcraçıdan əsassız olaraq 413.49 manat (əsas məbləğ 343.79 manat və verilmiş qarantiya məbləği üzrə 70 manat məbləğində komissiya haqqı) pul məbləği tutulmuşdur. Bundan sonra, Sifarişçiyə xx.xx.2022-ci il tarixli “borc məbləğinin tələb edilməsi barədə” Pretenziya məktubunun göndərilməsinə və məktubun onlar tərəfindən rəsmi qaydada əldə edilməsinə baxmayaraq, bu günədək borc məbləği onlara ödənilməmişdir. Həmçinin, Xidmətlər üzrə Satınalma müqaviləsinin 20.2-ci bəndinə əsasən, Sifarişçiyə xx.xx.2022-ci il tarixində “Mediasiya prosesinin tətbiqi barədə” təklif göndərilmişdir. Həmin təklifə əsasən xx.xx.2022-ci il tarixində Bakı 9 saylı Mediasiya təşkilatına müraciət ərizəsi təqdim olunmuşdur. İlkin mediasiya sessiyasının xx.xx.2022-ci il, saat 15:30-da təyin edilməsinə baxmayaraq, Sifarişçi üzrsüz səbəbdən prosesdə iştirak etməmişdir. № 160-li, xx.xx.2022-ci il tarixli Ödəniş tapşırığına əsasən 9 saylı Mediasiya təşkilatına 200 manat məbləğində ödəniş edilmişdir. Yuxarıda qeyd olunduğu kimi Sifarişçi ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməmişdir. Bu səbəbdən, Mediasiya haqqında qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, 24 iyun 2022-ci il tarixli Xidmətlər üzrə Satınalma müqaviləsindən irəli gələn 17198.50 manat, bank təminatı üzrə tutulmuş 413.49 manat və mediasiya sessiya üçün ödənilmiş 200 manat pul məbləğinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən cavabdeh “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi” X8 nümayəndəsi Nümayəndə1 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, etiraz ərizəsi təqdim edərək etiraz ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi” X10 arasında bağlanmış 24 iyun 2022-ci il tarixli, 2022/EKS-08 nömrəli Xidmətlər üzrə satınalma müqaviləsindən görünür ki, tərəflər arasında Xidmətlər üzrə satınalma müqaviləsi bağlanmış və müqavilənin predmeti Sifarişçi “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” PHŞ-in 2021-ci il X1 audit standartlarına əsasən kənar auditinin aparılması və minaxataran itlərin qiymətləndirilməsi xidmətlərinin satın alınması üçün İcraçının 17198.50 manat məbləğində kotirovka təklifinin qəbul etməsi olmuşdur. İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” PHŞ-in 2021-ci il X1 audit standartlarına əsasən kənar auditinin aparılması və minaxataran itlərin qiymətləndirilməsi xidmətlərini yerinə yetirərək Sifarişçiyə təhvil verilməsini öhdəsinə götürmüşdür. Yerinə yetirilmiş xidmətlər İcraçının kotirovka təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat vermişdir. Həmin müqavilənin 11.2-ci bəndinə əsasən Müqavilə Sifarişçi və İcraçı tərəfindən imzalandığı andan qüvvəyə minir və 2022-ci ilin avqust ayının sonunadək qüvvədədir. İcraçı Müqavilə üzrə xidmətləri 2022-ci ilin avqust ayının 01-dək yerinə yetirib Sifarişçiyə təhvil verməlidir. Həmin müqavilənin 13.1-ci bəndinə əsasən Müqavilənin icrası müddətində Sifarişçi aşkar olunmuş qüsurlar haqqında İcraçıya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş 31 dekabr 2021-ci il tarixində bitən il üzrə “X1 Standartlarına uyğun hazırlanmış Maliyyə Hesabatları və X3 görünür ki, İddiaçı QSC tərəfindən X4 Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Təsisçisi və Rəhbərliyinə ünvanlanmış və həmin rəydə “RƏYDƏN İMTİNA” qrafasında – “Biz Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (Agentlik)” 31 dekabr 2021-ci il tarixinə ilkin maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixə bitən il üzrə ilkin mənfəət və ya zərər və digər məcmu gəlirlər, ilkin kapitalda dəyişikliklər və ilkin pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, habelə mühüm mühasibat uçotu prinsipləri və digər izahedici məlumatların icmalından ibarət olan maliyyə hesabatlarının auditini apardıq. Biz Agentliyin maliyyə hesabatları ilə bağlı rəy bildirmirik. Rəydən imtinaın əsasları haqqında paraqrafda qeyd olunmuş məsələnin əhəmiyyəti səbəbindən audit rəyi üzrə əsası təmin etmək üçün müvafiq sübutu əldə edə bilməmişik”. qeyd edilmişdir. Rəydən imtinanın əsasları kimi isə “Əmlak, tikili və avadanlıqların 31 dekabr 2021 və 1 yanvar 2021-ci il tarixlərinə qalıq dəyərləri müvafiq olaraq 21.476.817 AZN və 6.236.893 AZN olmuşdur. Agentlik “Aktivlərin Qiymətdən düşməsi” adlı36 saylı MUBS-un tələbinə görə 31 dekabr 2021-ci il tarixinə əmlak, tikili və avadanlıqların qiymətdən düşmə yoxlamasını həyata keçirməmişdir. Nəticədə, Agentliyin əmlak, tikili və avadanlıqları ilə əlaqədar hər hansı tənzimlənmənin lazım olub olmadığını müəyyən edə bilmədik”. Biz Agentliyin auditoru kimi hesabat tarixindən sonra təyin edilmişik və buna görə də 31 dekabr 2021-ci il tarixinə mal-material ehtiyatlarının fiziki inventarizasiyasını müşahidə edə bilmədik. Biz digər audit prosedurlarını tətbiq etməklə 31 dekabr 2021-ci il və 1 yanvar 2021-ci il tarixlərinə ilkin maliyyə vəziyyəti haqqında hesabatda müvafiq olaraq 3.422.255 AZN və 7.420.839 AZN məbləğlərində göstərilmiş mal-material ehtiyatlarının kəmiyyətinə dair əminlik əldə edə bilmədik.” Debitor borcları və digər alınacaq vəsaitlərin 31 dekabr 2021 və 1 yanvar 2021-ci il tarixlərinə qalıq dəyərləri müvafiq olaraq 23.712.783 AZN və 866.846 AZN olmuşdur. Biz debitor borcları və digər alınacaq vəsaitlərə dair kifayət qədər audit sübutu əldə edə bilmədik. Nəticədə, Agentliyin debitor borcları və digər alınacaq vəsaitləri ilə əlaqədar hər hansı tənzimlənmənin lazım olub olmadığını müəyyən edə bilmədik. İlkin mənfəət və ya zərər və digər məcmu gəlirlər haqqında hesabatda göstərilən 7,458,385 AZN məbləğində digər zərərə dair kifayət qədər audit sübutu əldə edə bilməmişik. Nəticədə, ilkin maliyyə hesabatlarına hər hansı düzəlişlərin olub olmadığını müəyyənləşdirə bilmədik.” göstərilmişdir. Bununla yanaşı, həmin rəyə əlavə edilmiş 8-25-ci səhifələrdə qeydlər verilmiş və həmin qeydlərin ilkin maliyyə hesabatlarının tərkib hissəsi olması qeyd edilmişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış Qiymətlərin razılaşdırılması protokolundan görünür ki, 24 iyun 2022-ci il tarixli, 2022/EKS-08 nömrəli müqavilə üzrə xidmətlərin qiyməti 17198.50 manat müəyyən edilmişdir. Həmin protokolun 19-cu qrafasında Minaaxtaran itlərin qiymətləndirilməsi xidmətinin məbləği 1575 manat müəyyən edilmişdir. İş materiallarında olan 09 sentyabr 2022-ci il tarixli, EBCC seriyalı, 153668 saylı elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 17198.50 manat dəyərində xidmətlərin göstərilməsinə dair elektron qaimə təqdim edilmişdir. İş materiallarında olan E-mail yazışmalarından görünür ki, İddiaçı QSC tərəfindən audit hesabatının təqdim edilməsi məqsədilə müxtəlif tarixlərdə cavabdeh tərəfə E-maillar ünvanlanaraq, zəruri sənədlərin təqdim edilməsini cavabdeh tərəfdən xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən cavabdehə ünvanlanmış 1520LG220628 saylı Bank qarantiyası məktubundan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə hüquqi şəxs olan "NEXİA EA” QSC (bundan sonra «Prinsipal» adlandırılacaq) ilə Azərbaycan Respublikasının qanunvericiliyinə görə hüquqi şəxsi olan AR Minatəmizləmə Agentliyi PHŞ (bundan sonra «Benefisiar») arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/EKS 08 saylı xidmətlər üzrə satınalma Müqaviləsinə əsasən Prinsipal qeyd edilmiş Müqavilə üzrə 2021-ci il X1 audit standartlarına əsasən auditinin aparılması və minaaxtaran itlərin qiymətləndirilməsi xidmətlərinin satınalınması üçün Benefisiar qarşısında təmin etmək məqsədilə Benefisiara bank qarantiyasını təqdim etməyi öz öhdəsinə götürmüşdür. ASC «Xalq» Bankı (bundan sonra «Qarant» adlandırılacaq) təsdiq edir ki, Prinsipalın Müqavilə üzrə Benefisiar qarşısında olan öhdəliklərinin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə ümumi məbləği 343.79 manat olan Qarantiya məktubunu təqdim etmişdir. İş materiallarında olan cavabdeh “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi” X10 tərəfindən verilmiş Etiraz ərizəsindən görünür ki, cavabdeh ilə iddiaçı arasında bağlanılmış Agentliyin 2021-ci il X1 audit standartlarına əsasən kənar auditinin aparılması və minəaxtaran itlərin qiymətləndirilməsi xidmətlərinin satın alınması məqsədilə 2022-ci il 24 iyun tarixli 2022/EKS-08 nömrəli satınalma müqaviləsinin 11.2-ci maddəsinə əsasən icraçı müqavilə üzrə xidmətləri 2022-ci ilin avqust ayının 01-dək yerinə yetirib sifarişçiyə təhvil verməli idi. Müqavilə üzrə işlərin icrası üçün Cavadeh tərəfindən İddiaçıya, müqavilə imzalandığı gün, Agentliyin inzibati binasında lazımi şərait yaradılmış və maliyyə hesabatlarının kənar auditinin keçirilməsi üçün bütün lazımi sənədlər təqdim edilmişdir. İddiaçı tərəfindən «Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin” X1 standartlara uyğun hazırlanmış maliyyə hesabatları və X4» adlı xx.xx.2022-ci il tarixli sənəd təqdim edilmiş və sənəddə əsassız olaraq rəy verilməsindən imtina edilmişdir. Rəydən imtinanın səbəbləri kimi iddiaçı tərəfindən göstərilmişdir ki, əmlak, tikili və avadanlıqların 31 dekabr 2021 və 1 yanvar 2021-ci il tarixlərinə qalıq dəyərləri müvafiq olaraq 21.476.817 AZN və 6.236.893 AZN olmuşdur. Agentlik "Aktivlərin Qiymətdən düşməsi” adlı 36 saylı MUBS-un tələbinə görə 31 dekabr 2021-ci il tarixinə əmlak, tikili və avadanlıqların qiymətdən düşmə yoxlamasını həyata keçirməmişdir. Nəticədə Agentliyin əmlak, tikili və avadanlıqları ilə əlaqədar hər hansı tənzimlənmənin lazım olub-olmadığını müəyyən edə bilməmişdir. Cavabdeh isə bildirmişdir ki, "Azərbaycan Respublikasının Minatəməziləmə Agentliyi” Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2021 -ci il tarixli 1251 nömrəli Fərmanı ilə yaradılmış və 2021-ci ilin may ayına kimi olan dövr üçün qiymətləndirici şirkət cəlb edilməklə Agentliyin Əmlak, tikili və avadanlıqlarının qiymətləndirilməsi həyata keçirilmişdir. Məhz ötən ilin may ayınadək olan dövr üçün əmlak, tikili və avadanlıqların qiymətləndirilməsinin həyata keçirilməsi, 2021-ci ilin may-dekabr ayları ərzində alınmış əmlak, tikili və avadanlıqların isə yeni olması səbəbindən izafi xərclərin yaranmaması üçün 2021-ci ilin sonuna qiymətdən düşmə yoxlamasının keçirilməsinə ehtiyac duyulmamışdır. Agentliyin əsas fondlarının qiymətləndirilməsinə dair hesabat, həmçinin may-dekabr ayları ərzində yeni alınmış əmlak, tikili və avadanlıqlar barədə mühasibat uçotuna dair bütün təsdiqedici sənədlər audit qrupuna təqdim edilmişdir. Bu da onu deməyə əsas verir ki, kənar audit qrupu tərəfindən təqdim edilmiş müvafiq sənədlərə baxılmamış və ya düzgün nəzərdən keçirilməmişdir. İddiaçı göstərmişdir ki, onlar Agentliyin auditoru kimi hesabat tarixindən sonra təyin edilmişdir və buna görə də 31 dekabr 2021-ci il tarixinə mal-material ehtiyatlarının fiziki inventarizasiyasını müşahidə edə bilməmişlər. Onlar digər audit prosedurlarını tətbiq etməklə 31 dekabr 2021-ci il və 1 yanvar 2021-ci il tarixlərinə ilkin maliyyə vəziyyəti haqqında hesabatda müvafiq olaraq, 3.422.255 AZN və 7.420.839 AZN məbləğlərində göstərilmiş mal-material ehtiyatlarının kəmiyyətlərinə dair əminlik əldə edə bilməmişlər. Cavabdeh isə bildirmişdir ki, iddiaçının hesabat tarixindən sonra Agentliyin kənar auditoru təyin edilməsi hüquqi baxımdan heç bir ziddiyyət yaratmır. Məhz hesabat dövrü bitdiyi üçün maliyyə hesabatlarının kənar auditinin həyata keçirilməsi üçün şirkətlərini dəvət etmişlər. İddiaçıya da məlumdur ki, audit və qiymətləndirmə xidmətlərinin satın alınması üçün Agentlik tərəfindən satınalma proseduru həyata keçirilmiş və iddiaçıya da məlum olan səbəblərə görə satınalma prosedurunun yekunlaşdırılması müəyyən vaxt almışdır. Şirkət tərəfindən satınalma müqaviləsi üzrə kənar audit xidmətlərinin göstərilməsinə hesabat dövrünün bitməsinin aidiyyəti yoxdur. Nəticə olaraq sifarişçi və icraçı arasında ikitərəfli müqavilə imzalanmışdır və icraçı sifarişçi qarşısında öhdəliklər götürmüşdür. Maliyyə hesabatlarının təqdim edilmə müddətinin bitməsinə görə məsuliyyəti sifarişçi daşıyır. İddiaçı tərəfindən işlərin vaxtında və lazımi qaydada görülməməsi bu müddətin daha da uzanmasına səbəb olmuşdur. Agentlik tərəfindən mal-material ehtiyatlarının inventarizasiyası 2021-ci ildə həyata keçirilmiş və müvafiq sənədlər audit qrupuna təqdim edilmişdir. İnventarizasiya 2021-ci ildə həyata keçirilmiş, satınalma müqaviləsi isə xx.xx.2022-ci ildə bağlanılmışdır. Nə İddiaçı QSC, nə də hər hansı başqa auditor təşkilatının fiziki cəhətdən inventarizasiya prosedurunda iştirakı əlbəttə ki, mümkün deyildir. İddiaçı QSC tərəfindən Agentliyin maliyyə-təsərrüfat fəaliyyətinin auditi yox, maliyyə hesabatlarının kənar auditinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Agentliklə İddiaçı QSC arasında imzalanmış 2021-ci il 24 iyun tarixli 2022/EKS-08 nömrəli satınalma müqaviləsinin 2.1 və 2.2-ci bəndlərinə əsasən audit keçirilən zaman fiziki inventarizasivanın keçirilməsinin müşahidə edilməsi barədə cavabdehin heç bir tələbi olmamışdır. İddiaçı göstərmişdir ki, debitor borcları və digər alınacaq vəsaitlərin 31 dekabr 2021 və 1 yanvar 2021-ci il tarixlərinə qalıq dəyərləri müvafiq olaraq 23.712.783 AZN və 866.846 AZN olmuşdur. Debitor borcları və digər alınacaq vəsaitlərə dair kifayət qədər audit sübutu əldə edə bilməmişdir. Nəticədə, Agentliyin debitor borcları və digər alınacaq vəsaitləri ilə əlaqədar hər hansı tənzimlənmənin lazım olub olmadığını müəyyən edə bilməmişdir. Cavabdeh isə bildirmişdir ki, Agentliyin debitor və kreditor borcları barədə təsdiqedici sənədlər audit qrupuna təqdim edilmişdir. Audit qrupu tərəfindən yoxlama keçirilən dövr ərzində hesabat dövrü üçün Agentliyin aidiyyəti struktur bölməsi tərəfindən təqdim edilmiş sənədlərin yetərli olub-olmadığı barədə hər hansı irad bildirilməmişdir. Bundan başqa, debitor borclar və digər alınacaq vəsaitlər ilə bağlı audit sübutunun əldə edilməməsi halı olduğu təqdirdə, audit qrupunun tam səlahiyyəti var ki, debitor və kreditorlara müvafiq sorğular ünvanlasın və lazımi məlumatları əldə etsin. İddiaçı tərəfindən bu barədə də heç bir tədbir görülməmişdir. İddiaçı göstərmişdir ki, ilkin mənfəət və ya zərər və digər məcmu gəlirlər haqqında hesabatda göstərilən 7.458.385 AZN məbləğində digər zərərə dair kifayət qədər audit sübutu əldə edə bilməmişlər. Nəticədə, ilkin maliyyə hesabatlarına hər hansı düzəlişlərin olub-olmadığını müəyyənləşdirə bilməmişdir. Cavabdeh isə bildirmişdir ki, Agentliyin aidiyyəti struktur bölməsi tərəfindən 2021-ci il üzrə bütün mühasibatlıq sənədləri auditor qrupuna təqdim edilmişdir. Yoxlama zamanı audit qrupu tərəfindən təqdim edilən sənədlərə dair hər hansı irad bildirilməmişdir. 2021-ci il üçün mənfəət və zərər hesabatı Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinə təqdim edilmiş və Xidmət tərəfindən hər hansı irad bildirilməmişdir. Agentliklə İddiaçı QSC arasında imzalanmış 2022-ci il 24 iyun tarixli 2022/EKS-08 nömrəli satınalma müqaviləsinin 11.2-ci bəndinə əsasən iddiaçı tərəfindən maliyyə hesabatlarının auditinin aparılması xx.xx.2022-ci il tarixində yekunlaşdırılmalı idi. Dəfələrlə iddiaçıya müqavilə üzrə öhdəliklərinin tam icra edilməsi barədə şifahi xəbərdarlıq (telefon vasitəsilə) edilmişdir. Şirkətin rəhbərliyi tərəfindən işlərin xx.xx.2022-ci il tarixində yekunlaşdırılacağı bildirilsə də, auditi aparan əməkdaş Fərid Rzayev xx.xx.2022-ci il tarixindən Agentliyə gəlməmişdir. Elə həmin gün Agentliyin Mühasibatlıq və əsas vəsaitlərlə iş şöbəsinin baş mütəxəssisi Sevinc Əliverdiyeva tərəfindən Fərid Rzayevə zəng edilmiş və işlərin icra vəziyyəti barədə məlumat istənilmişdir. Fərid Rzayev əməkdaşa işdən çıxdığını və xaricə getdiyini bildirərək, auditin yekunları ilə bağlı heç bir məlumat verməmişdir. X6 mühasibatlıq sənədlərini və onun üçün ayrılmış otağın açarını təhvil verməmiş, sonradan isə iddiaçı tərəfindən otağın açarı xx.xx.2022-ci il tarixində kuryer vasitəsi ilə möhürlənməmiş konvertdə Agentliyə göndərilmiş və bu günə kimi təqdim olunmuş mühasibatlıq sənədləri Agentliyin Mühasibatlıq və əsas vəsaitlərlə iş şöbəsinə təhvil verilməmişdir. Xüsusi olaraq vurğulanmışdır ki, iddiaçı tərəfindən cavabdehə təqdim olunan audit aparacaq qrupun tərkibi barədə sənədlərin içərisində audit menecerlər Cəmil Qarayev, Rəşad Sultanov, audit üzrə mütəxəssis İsa Alıyev, auditorlar Sona Zərbəliyeva, Gövhər Haqverdiyevə qeyd edilməsinə baxmayaraq, adı çəkilən əməkdaşların heç biri auditin aparılması prosesində iştirak etməmiş, Agentliyə bu siyahıda adı qeyd olunmayan Fərid Rzayev göndərilmişdir. Qeyd olunan əsassız səbəblərə görə maliyyə hesabatlarına rəy verilməsindən imtina edilmişdir ki, bu da iddiaçı tərəfindən işlərin tamamlanmamasından irəli gəlir. "Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinə əsasən Auditorlar və auditor təşkilatları öz vəzifələrini lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikası qanunvericiliyinə və sifarişçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq əmlak məsuliyyətinə cəlb edilə bilərlər. İddiaçı tərəfindən minaaxtaran itlərin qiymətləndirilməsi xidməti ümumiyyətlə icra olunmamışdır. xx.xx.2022-ci il tarixində iddiaçı tərəfindən "işlərin görülməsi” barədə elektron qaimə təqdim edilmiş, lakin işlər icra olunmadığı üçün cavabdeh tərəfindən qaimə-faktura geri qaytarılmışdır. Elə həmin tarixdə iddiaçı tərəfindən əməkdaşın rəsmi mail adresi ilə minaaxtaran itlərin qiymətləndirilməsi üçün itlərin siyahısı və yerləşmə məkanlarının bildirilməsi barədə sorğu göndərilmişdir. Beləliklə, iddiaçı tərəfindən yerinə yetirilməyən işə görə elektron qaimə təqdim edilmişdir. Halbuki müvafiq xidmətlər avqust ayının birinədək icra edilməli idi. Bu isə müqavilə üzrə öhdəliklərin nədən ibarət olmasından xəbərdar olmadıqlarını və ya müqavilənin icrası üçün lazımi tədbirlər görülmədiyini deməyə əsas verir. Satınalma müqaviləsinin 11.2-ci maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin 2022-ci ilin avqust ayının sonunda başa çatması, həmçinin müqavilənin 18-ci bəndinə əsasən icraçı tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməməsi səbəbindən Agentlik tərəfindən müqavilə ləğv edilmişdir. Göstərilməmiş xidmətlərə görə rəsmiləşdirmənin həyata keçirilməsi əmtəəsiz əməliyyatın aparılmasını şərtləndirir ki, bu hal ciddi qanun pozuntusudur və yolverilməzdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi səbəbindən cavabdehin 2021-ci il üzrə maliyyə hesabatları üzrə kənar auditor rəyi alınmamış, aidiyyəti qurumlara (Maliyyə Nazirliyi və Hesablama Palatası) hesabatların təqdim edilməsi gecikdirilmişdir. Göstərilənləri nəzərə alaraq, etiraz ərizəsində iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra Mülki Məcəllənin maddələrinə istinad ediləcək) müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.( 389.1-ci maddəsi) Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. (390-cı maddə). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (390.5-ci maddə). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.(405-ci maddə) Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. (385.1-ci maddə) Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsi) Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini təfsir edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsinin əlamətlərini ehtiva edən müqavilə olduğu üçün hazırki iddianın həlli üçün mülki qanunvericiliyin podratla bağlı normaları tətbiq edilməlidir. Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (752.1-ci maddə) Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (752.2-ci maddə) Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur (756.1ci maddə) Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (762.1-ci maddə) Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. (762.2-ci maddə) Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur (762.3-cü maddə) Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. (762.4-cü maddə) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə). Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə) Qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. (478-ci maddə) Qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. Qarantiya verilməsinə görə prinsipial qaranta şərtləşdirilmiş muzd ödəyir. (maddə 479) “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Auditor rəyinin vahid formasını və onun tərtib edilməsində irəli sürülən tələbləri Auditorlar Palatası Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq tələblərini nəzərə almaqla müəyyən edir. Azərbaycan Respublikası Auditorlar Palatasının 22 dekabr 1997-ci il tarixli 63A nömrəli əmr ilə təsdiq edilmiş "Auditorun yekun sənədləri”nin 1-ci bəndinə əsasən bu standartın məqsədi - auditin rəsmiləşdirilməsi üçün lazım olan yekun sənədlərin mahiyyətini, məzmununu və formasını, onların tərtib və tətbiq olunması, saxlanılması qaydalarını müəyyən etməkdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 24 iyun 2022-ci il tarixli 2022/EKS-08 nömrəli Xidmətlər üzrə satınalma müqaviləsi bağlanmış və müqaviləyə əsasən Sifarişçi “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” PHŞ-in 2021-ci il X1 audit standartlarına əsasən kənar auditinin aparılması və minaaxtaran itlərin qiymətləndirilməsi xidmətlərinin satın alınması üçün icraçının 17198.50 manat məbləğində kotirovka təklifini qəbul etmişdir. İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” PHŞ-in 2021-ci il X1 audit standartlarına əsasən kənar auditinin aparılması və minaaxtaran itlərin qiymətləndirilməsi xidmətlərini yerinə yetirərək Sifarişçiyə təhvil verilməsini, Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında xidmətlərin icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdələrinə götürmüşlər. Müqavilə üzrə xidmətlərin qiyməti 17198.50 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən audit rəyi cavabdehə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında 24 iyun 2022-ci il tarixli 2022/EKS-08 nömrəli Xidmətlər üzrə satınalma müqaviləsi bağlanılmış və qeyd olunan müqaviləyə əsasən iddiaçı tərəfindən audit rəyi cavabdehə təqdim edilmişdir. Audit rəyinin cavabdehə təqdim edildiyi sübut qismində təqdim edilmiş e-mail yazışmaları ilə təsdiq edilir. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etirazda da iddiaçı tərəfindən “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin X1 standartlara uyğun hazırlanmış maliyyə hesabatları və X4” adlı sənəd təqdim edildiyi göstərilmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən verilmiş etiraz ərizəsində “iddiaçı tərəfindən “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin” X1 standartlara uyğun hazırlanmış maliyyə hesabatları və X4” adlı sənəd təqdim edilməklə rəy verilməsindən imtina olunmuşdur” qeyd edilmişdir. Məhkəmə bu hissəyə münasibətdə onu qeyd etməyi zəruri hesab edir ki, rəy verilməkdən imtina olunması audit rəyinin bir növüdür və iş materiallarına əlavə edilmiş tərəflər arasında E-mail yazışmalarından da görünür ki, iddiaçı tərəf müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi, yəni audit rəyinin verilməsi öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə qarşı tərəfə təqdim edilməsinin təmin edilməsi üçün müxtəlif tarixlərdə cavabdeh tərəfə əlavə zəruri sənədlərin təqdim edilməsi barədə e-mail göndərsə də, cavabdeh tərəfindən E-mailda göstərilən sənədlər iddiaçı tərəfə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Auditorlar Palatasının 22 dekabr 1997-ci il tarixli 63A nömrəli əmr ilə təsdiq edilmiş “Auditorun yekun sənədləri”nin “Auditor rəyləri” bölməsinin İİ. “Auditor rəyinin növləri” hissəsinin 7-ci bəndinə əsasən rəy şərtsiz müsbət, şərti müsbət, mənfi ola bilər və ya auditor maliyyə hesabatı haqqında rəy verməkdən imtina edir və özünün nəticələrini başqa hesabat formasında rəsmiləşdirir. Şərtsiz müsbət rəy təkmilləşdirilmiş və ya tamamlanmış da ola bilər. Auditor maliyyə hesabatı haqqında rəy verməkdən o halda imtina edir ki, auditin sübutlarının çatışmazlığı ilə əlaqədar olaraq bu aspektlərdə başqa audit prosedurları ilə aradan qaldıra bilmədiyi qeyri-müəyyənliklər mövcud olur və göstərilən hallar ümumilikdə işin vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir və maliyyə vəziyyətini təhrif edir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya təqdim olunmuş sənədlər əsasında iddiaçı tərəfindən auditor yoxlaması aparılmış və nəticədə maliyyə hesabatı haqqında rəy verməkdən imtina barədə rəy verilmişdir ki, bu da Azərbaycan Respublikası Auditorlar Palatasının 22 dekabr 1997-ci il tarixli 63A nömrəli əmr ilə təsdiq edilmiş “Auditorun yekun sənədləri”nin tələblərinə uyğun olmuşdur. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci və “Müqavilənin xüsusi şərtləri”nin 2-ci bəndlərinin tələblərinə əsasən iddiaçı tərəfindən yerinə yetirilmiş xidmətlər müqavilədə göstərilmiş şərtlərə uyğun olmadığı halda, cavabdehin aşkar olunan qüsurların iddiaçı tərəfindən aradan qaldırılmasını tələb etmək hüququ olduğu halda bu hüququndan da istifadə etməsi iş materialları ilə müəyyən olunmur. Cavabdehin audit rəyinin verilməməsi ilə bağlı iddiaçıya pretenziya irəli sürməməsi və müqavilənin ona verdiyi hüquqlardan istifadə etməməsi belə qənaətə gəlməyə əsas verir ki, müqaviləyə əsasən sifariş verilmiş audit rəyi iddiaçı tərəfindən cavabdehə təqdim edilməklə audit rəyinin verilməsi xidmətləri göstərilmişdir. Digər tələbə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı QSC minaaxtaran itlərin qiymətləndirilməsi xidmətinin dəyərinin də ödənilməsini tələb etsə də, göstərilən xidmətin yerinə yetirilməsi sübutlarla təsdiq edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməli, göstərilən xidmət haqqının məbləği, yəni 1858.5 manat ümumi məbləğdən, yəni 17198.50 manat məbləğindən çıxılmalıdır. Bundan başqa, iddiaçı iddia tələbində bank təminatı üzrə tutulmuş 413.49 manatın ödənilməsini tələb etsə də, iş materiallarında olan 1520LG220628 saylı Bank qarantiyası məktubundan göründüyü kimi cavabdehin xeyrinə bank təminatı üzrə 343.79 manat tutulmuşdur. Həmçinin məhkəmə 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də, onu qeyd etməyi zəruri hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği 142.84 manat təşkil etmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə xərcləri iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan və iddia tələbinin qismən, yəni 8905 faiz hissəsinin təmin edilməsini nəzərə alaraq, mediasiya xərcinə görə 60.27 manat (200 manat (mediasiya xərci) -15.64 manat (dövlət rüsumunun iddiaçı tərəfə aid edilməli olan hissəsi) = 184.36 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəf iddiaçı tərəflə bağladığı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi qismən təmin edilməli, 24 iyun 2022-ci il tarixli Xidmətlər üzrə Satınalma müqaviləsinə əsasən 15340 manat, bank təminatı üzrə tutulmuş 343.79 manat və mediasiya xərcinə görə 184.36 manat məbləğində pul vəsaiti cavabdeh “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi” X7 tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. 24 iyun 2022-ci il tarixli Xidmətlər üzrə Satınalma müqaviləsinə əsasən 15340 manat, bank təminatı üzrə tutulmuş 343.79 manat və mediasiya xərcinə görə 184.36 manat məbləğində pul vəsaiti cavabdeh “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi” X7 tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-899/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-899/2024
15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver