Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-87/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abiyeva Fidan Əfqan qızının katibliyi, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə2, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Işin halları:
1. Sifarişçi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə icraçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## ##### 2024-cü il tarixli AQSZX **/*** nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən sifarişçi tərəfindən verilmiş sifariş(lər) əsasında icraçı bu müqavilənin tərkib hissəsi olan əlavə(lər)də göstərilən İddiaçı MMC-nin ərazisində çiller sisteminin təmir edilməsi və digər işləri yerinə yetirməyi, başa çatdırmağı və sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi sifarişçi isə bu xidmətin müqabilində hər sifariş üzrə icraçıya qaimə-fakturalarda/hesab-fakturalarda/və ya əlavələrdə razılaşdırılmış məbləğdə xidmət haqqını ödəməyi öhdəsinə götürür.
2. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə icraçı tərəfindən yerinə yetirilən işlərin həcmi, dəyəri və ödəniş qaydası bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavə(lər) (və ya qiymət razılaşma protokolları) ilə müəyyən edilə bilər. - 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlər, əlavələrdə müəyyən olunmuş qaydada nağdsız, bank köçürmə yolu ilə icraçıya ödənilir. - 4.2-ci bəndinə işlərin təhvil verilməsi hər iki tərəfdən səlahiyyətli şəxs(lər)in imzası ilə və tərəflərin möhürləri ilə təsdiq edilən təhvil-təslim aktına (həmçinin Forma 2) əsasən həyata keçirilir. - 4.4-cü bəndinə əsasən təhvil təslim aktı (və ya Forma 2) hər iki tərəfdən imzalandıqdan/möhürləndikdən sonra icraçının sifarişçidən ödəniş tələb etməsi üçün əsas sənəddir.
3. ## ### 2024-cü il tarixli ******-** nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabına 4000 manat məbləğində avans ödənişi edilmişdir.
4. ## #### 2024-cü il tarixli ***INTL********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabına 3000 manat məbləğində avans ödənişi edilmişdir.
5. ## #### 2024-cü il tarixli ***INTL********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabına 5000 manat məbləğində avans ödənişi edilmişdir.
6. ## #### 2024-cü il tarixli ***INTL********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabına 5000 manat məbləğində avans ödənişi edilmişdir.
7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzlanmış ## ##### 2024-cü il tarixli AQSZX **/**** nömrəli müqavilənin * nömrəli əlavəsi olan ## ##### 2024-cü il tarixli qiymət razılaşdırma protokoluna əsasən tərəflər 5900 manat dəyərində olan işləri görülməsini razılaşdırmışlar. Bu əlavə üzrə ödəniləcək məbləğin 3000 manatının avans qismində əvvəlcədən, qalan hissəsinin isə işlər yekunlaşıb təhvil verildikdən sonra ödənilməsi nəzərdə tutulmuşdur.
8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzlanmış ## ##### 2024-cü il tarixli AQSZX **/**** nömrəli müqavilənin * nömrəli əlavəsi olan ## #### 2024-cü il tarixli qiymət razılaşdırma protokoluna əsasən tərəflər 12000 manat dəyərində olan işləri görülməsini razılaşdırmışlar. Bu əlavə üzrə ödənişin 100% avans olaraq icraçı tərəfindən təqdim edilmiş hesab faktura əsasında (nağdsız qaydada) bank köçürmə yolu ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
9. Iddiaçı cavabdehə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən vurulmuş zərərin əvəzi kimi 17000 (on yeddi min) manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 141 (yüz qırx bir) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 17141 (on yeddi min yüz qırx bir) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında ## ##### 2024-cü il tarixli AQSZX **/**** nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı tərəfindən verilmiş sifariş(lər) əsasında cavabdeh müqavilənin tərkib hissəsi olan əlavə(lər)də göstərilən iddiaçıya məxus ərazidə çiller sisteminin təmir edilməsi və digər işləri yerinə yetirməyi, başa çatdırmağı və iddiaçıya tam hazır vəziyyətdə təhvil verməyi, iddiaçı isə bu xidmətin müqabilində hər sifariş üzrə cavabdehə qaimə-fakturalarda/hesabfakturalarda/və ya əlavələrdə razılaşdırılmış məbləğdə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşür. Iddiaçı müqaviləyə uyğun olaraq ümumilikdə 17000 (on yeddi min) manat məbləğində pulu avans şəklində cavabdehə ödəmişdir. Lakin cavabdeh müqavilə ilə razılaşdırılmış işləri tam şəkildə icra etməli olduğu halda həmin işlərin icrasından boyun qaçırmaqla müqavilə şərtlərini pozmuşdur. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə müraciət edilərək müqavilə üzrə işlərin 1 (bir) həftə ərzində icra olunub təhvil verilməsi tələb edilsə də, cavabdeh tərəfindən bu tələb icra olunmamış və nəticədə öhdəliyin icra edilməməsi nəticəsində iddiaçıya maddi zərər vurulmuşdur.
11. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı tələbinin sübutu kimi məhkəməyə yalnız sonuncu vərəqi cavabdeh tərəfindən imzalanıb möhürlənmiş xidmət müqaviləsini, ödəniş tapşırığını və qiymət razılaşma protokolunu təqdim etmişdir. Müqavilə tərəflərin iradə ifadəsidir və müqavilədə qeyd olunan şərtlər əsasında tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Belə olan halda xidmət müqaviləsinin tam və ya hissəvi etibarsızlığı barədə qarşılıqlı iddia üzrə əsaslar yarana bilər. Iddiaçının təqdim etdiyi sənədlər iddianın əsaslı olması üçün kifayət deyil. Çünki cavabdehin müqavilə öhdəliklərini icra etməməsi sübuta yetirilmir. Bu fakt müqavilənin bağlanma tarixindən və müqavilə şərtlərinin yerinə yetirilməməsi barədə iddiaçının cavabdehə ilk müraciət tarixindən görünür. Belə ki, ##.##.2024-cü il tarixli AQSZX **/**** nömrəli xidmət müqaviləsindən göründüyü kimi cavabdeh iddiaçının sifarişi əsasında İddiaçı MMC-nin ərazisində çiller sisteminin təmir edilməsi və digər işləri yerinə yetirmək üçün iddiaçının müəyən etdiyi gün ərzində həyata keçirməlidir. Müqavilənin bu şərtindən müəyyən edilir ki, müqavilə üzrə icraçıya həvalə edilmiş işlərin yerinə yetirilməsi iddiaçının müəyyən etdiyi gündə icra edilməlidir. Yəni müqavilə üzrə işlərin görülməsində gecikmələrin yaradılması və bu səbəbdən də cavabdehdən ödənilmiş pulların geri tələb edilməsi imkanı iddiaçının əlindədir. Eyni zamanda xidmət müqaviləsi üzrə cavabdeh tərəfindən işlərin hansı tarxidə icra edilməsi qeyri-müəyyəndir. Qeyd olunanlarla yanaşı o da qeyd edilməlidir ki, tərəflər arasında xidmət müqaviləsinin olması və müqavilə üzrə ödənişlərin həyata keçirilməsi işin mübahisəsiz halı olduğu kimi cavabdeh tərəfindən müqavilə öhdəliklərini yerinə yetirilməsi işin mübahisəli halıdır. Belə ki, iddiaçı cavabdehin gördüyü işləri təhvil almaqdan imtina edərək ödənişini tam şəkildə geri tələb edir. Halbuki o, müqavilə şərtlərinə uyğun olaraq işləri təhvil-təslim aktı əsasında təhvil almalı və bundan sonra işlərin tam və ya qismən icra edilməməsi barədə iddia qaldırmalı idi. Buna görə də məhkəmə iddiaçıdan sübutetmə kimi prossesual vəzifəsini icra etməyi tələb edərək cavabdehin müqavilə öhdəliklərini icra etməməsinin sübutunu tələb etməlidir. Əks halda iş üzrə müvafiq ekspertiza təyin edərək müqavilə öhdəliklərinin cavabdeh tərəfindən yerinə yetirilib-yetirilməməsini və çəkilmiş xərcləri müəyyən etməlidir. Sonda qeyd olunanların nəzərə alınıb iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
12. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh MMC-dən 17000 (on yeddi min) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 141 (yüz qırx bir) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 17141 (on yeddi min yüz qırx bir) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir.
13. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
14. Iddiaçı apellyasiya şikayətində AR Konstitusiyasının 25, 26, 60-cı maddələrinə istinad etməklə bildirmişdir ki, əsassız iddia tələbi üzrə qəbul edilmiş, sübutlara deyil, formal mülahizələrə söykənmiş və əsaslandırılmamış qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə yenidən araşdırma aparılmaqla iddia rədd edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı tələbinin sübutu kimi yalnız sonuncu vərəqi cavabdeh tərəfindən imzalanıb möhürlənmiş xidmət müqaviləsi, ödəniş tapşırığı və qiymət razılaşma protokolu təqdim etmişdir. Iddiaçı məhkəmə iclaslarında iştirak etməmişdir. Hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər iddianın əsaslı olması üçün kifayət deyil. Hesab edirlər ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Çünki iddiaçı cavabdehin müqavilə öhdəliklərini icra etməməyini sübut edə bilmir. Bu fakt müqavilənin bağlanma tarixindən və müqavilə şərtlərinin yerinə yetirilməməsi barədə iddiaçının cavabdehə ilk müraciət tarixindən açıq-aşkar görünür. Belə ki, ##.##.2024cü il tarixli, AQSZX **/** nömrəli xidmət müqaviləsindən göründüyü kimi cavabdeh iddiaçının sifarişi əsasında X2 Zavodu ərazisində çiller sisteminin təmir edilməsini və digər işləri yerinə yetirmək üçün iddiaçının müəyən etdiyi gün ərzində həyata keçirməli idi. Müqavilənin bu şərtindən müəyyən edilir ki, müqavilə üzrə icraçıya həvalə edilmiş işlərin yerinə yetirilməsi iddiaçının müəyyən etdiyi gündə icra edilməlidir. Yəni, işlərin görülməsində gecikmələrin yaradılması və bu səbəbdən də cavabdehdən ödənilmiş pulların geri tələb edilməsi imkanı iddiaçının əlindədir. Eyni zamanda cavabdeh tərəfindən icra ediləcək işlərin hansı tarixdə icra etməsi qeyri-müəyyəndir. Müqavilənin olması və ödənişlərin həyata keçirilməsi işin mübahisəsiz halı olduğu kimi cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi işin mübahisəli halıdır. Belə ki, iddiaçı cavabdehin gördüyü işləri təhvil almaqdan imtina edərək ödənişini geri tələb edir. Halbuki o müqavilə şərtlərinə uyğun olaraq işləri təhvil-təslim aktı əsasında təhvil almalı və bundan sonra işlərin tam və ya qismən icra edilməməsi barədə iddia qaldırmalı idi. Cavabdeh eləcə də, MPM-in 9.1, 9.3, 77.1, 88, 217.1-ci maddələrinə istinad etməklə bildirir ki, məhkəmə qərəzli şəkildə əsaslı yerli baxışla bağlı və təkrar ekspertiza ilə bağlı vəsatətləri qəbul etməmiş və işə formal yanaşaraq əsassız və qanunsuz nəticəyə gəlmişdir.
Işdə iştirak edən şəxslərin izahatları:
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı MMC-nin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” # #### 2026-cı il tarixli Qərarı
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və öz qətnaməsini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış ## ##### 2024-cü il tarixli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı iddiaçının ərazisində çiller sisteminin təmir edilməsi və digər işləri yerinə yetirməyi, başa çatdırmağı və sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə bu xidmətin müqabilində hər sifariş üzrə icraçıya qaimə-fakturalarda və ya Əlavələrdə razılaşdırılmış məbləğdə xidmət haqqını ödəməyi öhdəsinə götürmüş, iddiaçı tərəfindən cavabdehin bank hesabına ümumilikdə cəmi 17000 manat məbləğində avans ödənişi edilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliklərini yerinə yetirməmişdir.
22. Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il ## #### tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
23. Ilk növbədə qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış ## ##### 2024-cü il tarixli müqavilə “xidmət müqaviləsi” adlandırılmaqla onun məzmunu məhz iddiaçıya məxsus çiller sisteminin təmir edilməsi və digər işləri yerinə yetirmək və sifarişçiyə tam hazır vəziyyətdə təhvil vermək olduğundan birinci instansiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin podrat münasibətlərini tənzimləyən maddi hüquq normalarını tətbiq etməkdə haqlı olmuşdur.
24. Cavabdehin apellyasiya şikayətinin əsas dəlilləri iddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübuta yetirilməməsi, cavabdeh tərəfindən işlər görülməsinə baxmayaraq iddiaçının həmin işləri müqavilədə nəzərdə tutulmuş qaydada təhvil almaması və iddia tələbinin əsassız olmasından ibarətdir.
25. Kollegiya cavabdehin apellyasiya şikayətinin iddia tələbinin əsaslılığının sübuta yetirilməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən tərəflər arasında bağlanmış ## ##### 2024-cü il tarixli xidmət müqaviləsi və avans ödənişlərini təsdiq edən ödəniş tapşırıqları birinci instansiya məhkəməsinə təqdim olunmuş, iddiaçı xidmət müqaviləsinin 1.1-ci bəndində öz üzərinə düşən öhdəliyini yerinə yetirərək icraçıya Əlavələrdə razılaşdırılmış məbləğdə xidmət haqqını (avansları) ödəmişdir. Birinci instansiya məhkəməsi həmin sübutları iş materialları ilə əlaqəli şəkildə qiymətləndirərək haqlı olaraq iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” # #### 2026-cı il tarixli Qərarının 5.4 bəndinə əsasən sifarişçinin təşəbbüsü ilə podrat münasibətlərinə vaxtından əvvəl xitam verilməsinin ikinci əsası bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə əlaqəli olan səbəblərlə bağlıdır. Podratçının belə hərəkətlərə (hərəkətsizliyə) yol verib-verməməsinə Mülki Məcəllənin 442-ci maddəsinə əsasən qiymət verilməlidir.
27. X5 yuxarıda qeyd olunan bəndinə əsasən qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından və tərəflərin izahatından bəlli olur ki, hazırkı işdə podratçının (cavabdehin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində öhdəlik lazımınca icra edilməmiş (vaxtında icra edilməmə, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilmə), bu səbəbdən də sifarişçi (iddiaçı) öz təşəbbüsü ilə podrat münasibətlərinə vaxtından əvvəl xitam vermişdir. Mülki Məcəllənin 762.1 və 762.2-ci maddələrinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Lakin işin hallarından görünür ki, çiller sistemi təmir edilməmişdir.
28. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur və bu qaydalara əsasən işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
29. Apellyasiya baxışı zamanı sonuncu məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi X3 öz izahatında iddiaçının “zavodda cavabdeh tərəfindən ümumiyyətlə heç bir işin görülməməsi”nə dair iddiasının tamamilə əsassız olduğunu, ödənilmiş 12000 manat avansın qarşılığında bütün işlərin görüldüyünü və görülməyən işlərin qarşılığında 5000 manat məbləğin iddiaçıya ödənilməsinə etiraz etmədiyini bildirmişdir.
30. Yuxarıda istinad edilən Plenum Qərarının 7.2-ci bəndinə əsasən işin qəbul edilməsi dedikdə, onun faktiki sahiblik və istifadəyə qəbul edilməsi, bu zaman işlərin müqavilənin şərtlərinə, şərtləşdirildiyi halda keyfiyyətə, şərtləşdirilmədiyi halda isə müqaviləyə uyğun istifadəyə və ya adi istifadəyə yararlı olub-olmamasının yoxlanılması başa düşülür. Tərəflərin razılaşması ilə işlərin qəbulu müəyyən formada (yazılı akt, forma 2 arayışı və s.) və ya faktiki hərəkətlərlə həyata keçirilə bilər. Qeyd edilən Plenum qərarında ifadə olunmuş hüquqi mövqe baxımından kommersiya subyektləri arasında olan münasibətlərdə işlərin təhvil və qəbul edilməsi yazılı sübutlarla təsdiq edilməlidir. Cavabdehin qanuni təmsilçisi və işlərin bilavəsitə icraçısı olduğunu bildirən X3 sifarişçi tərəfindən ödənilmiş 12000 manat qarşılığında işlərin görüldüyünü bildirsə də, bunu sübut edən hər hansı dəlili nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir. Halbuki, tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 4.2-ci bəndinə əsasən işlərin təhvil verilməsi hər iki tərəfdən səlahiyyətli şəxslərin imzası ilə və tərəflərin möhürləri ilə təsdiq edilən təhvil-təslim aktına əsasən həyata keçirilir. Tərəflər arasında, həçinin cavabdehin qanuni təmsilçisinin fiziki şəxs olaraq iddiaçı ilə bağladığı əvvəlki müqavilələr üzrə təhvil-təslim aktlarından görünür ki, tərəflər işlərin təhvil verilməsini hər iki tərəfdən səlahiyyətli şəxslərin imzası və möhürü ilə təsdiqlənmiş aktlarla rəsmiləşdirmişlər. Belə olan halda ödənilmiş məbləğ müqabilində işlərin görülməsini sübut etmə yükü üzərinə düşən cavabdehin qanuni təmsilçisinin və nümayəndəsinin “tərəflər arasında qarşılıqlı inam və etibar olması səbəbindən” sonuncu müqavilə üzrə təhvil-təslim aktının tərtib edilməməsi barədə izahat və etirazları əsaslı hesab edilə, habelə cavabdehin vəsatəti əsasında birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 şəxsi sürücüsü olan Şahid işlərin görülməsi və təhvil verilməsinə dair ifadəsi öz-özlüyündə bu halı təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz .
31. Beləliklə, Plenum Qərarının qeyd olunan bəndlərinə və müqavilənin müvafiq şərtinə əsasən kollegiya qeyd edir ki, hazırki işdə sifarişçi tərəfindən işin təhvil alınması sübutlarla təsdiq edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
32. Işə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə dair vəsatət daxil olmuş, məhkəmə kollegiyası həmin vəsatətə münasibətdə qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzi birinci instansiya məhkəməsi tərəfindən cavabdehin vəsatəti əsasında təyin edilmiş müvafiq ekspertizanın aparılmasından imtina etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası həmin vəsatəti, habelə apellyasiya baxışı zamanı görülmüş işlərlə bağlı elektrotexnika mühəndisinin mütəxəssis qismində cəlb edilməsi barədə vəsatəti təmin etməmişdir. Belə ki, cavabdehin nümayəndəsi cəlb edilməli olan mütəxəssisin şəxsiyyəti, təhsili və qeyd olunan halın müəyyən edilməsinə dair xüsusi biliyinin olmasını təsdiq edən hər hansı məlumat təqdim etməmişdir.
33. Beləliklə, kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.