Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-912/2021 01.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nın Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması, işlərin görülməsi xərcinin və dövlət rüsumunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 300 manat sığorta ödənişi məbləğinin, 1.700 manat işlərin görülməsi xərcinin və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2.030 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmiş, iddiaçı “xxxx” ASC isə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin işə onların nümayəndələrinin iştirakı olmadan baxılması barədə ərizəsini, habelə cavabdehin lazımi qaydada xəbərdar edilməsini nəzərə alıb, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “xxxx” ASC ilə X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli icbari sığorta müqaviləsinə əsasən onun mülkiyyətində olan “Daewoo BS 090” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 1 il müddətinə (xx.xx.2018-ci il – xx.xx.2019-cu il) sığortalanmışdır. Sonradan bu nəqliyyat vasitəsi X3 mülkiyyətinə keçmişdir. Yol vərəqəsi əsasında Cavabdeh həmin nəqliyyat vasitəsini xx.xx.2019-cu il tarixdə idarə edərkən, solda dayanmış vəziyyətdə olan “Mercedes Benz S 350” markalı, ** LA *** dövlət nömrə nişanlı avtomobillə tuqquşaraq yol-nəqliyyat hadisəsini törətmişdir. Bundan sonra hadisə yerindən yayınmışdir. Bununla əlaqədar cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz S 350” markalı, ** LA *** dövlət nömrə nişanlı avtomobilə zərər vurulmuşdur. Bununla bağlı aparılmış qiymətləndirmə və onun əsasında tərtib edilmiş qiymətləndirmə aktına əsasən qeyd edilən avtomobilin əvəz olunmalı ehtiyat hissələrinin (arxa sol işıq) və görüləcək təmir işlərinin (dəmirçi, rəngsaz və armatur işi) ümumi dəyəri 300 manat məbləğində müəyyən edilmiş və bu məbləğ sığorta ödənişi qismində iddiaçı tərəfindən həmin avtomobilin sahibi (zərərçəkən şəxs) X2 ödənilmişdir. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə geriyə tələb (subroqasiya) məktubu göndərilməklə ödənilmiş zərər məbləği barədə məlumat vermiş və həmin məbləğin ödənilməsini ondan tələb etmişdir. Lakin bu bir nəticə verməmişdir. Hazırda da iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, bu məbləğin, habelə işlərin görülməsinə çəkilmiş 1.700 manat məbləğində xərcin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin ondan tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir; 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir; 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur; 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə iddia tələbinin “Cavabdeh subroqasiya qaydasında pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin idarə etdiyi “Daewoo BS 090” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes Benz S 350” markalı, ** LA *** dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilə maddi zərər vurulması tamamilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə tədqiq olunan sübutlarla yanaşı qeyd olunan yol nəqliyyat hadisəsinin törədilməsində cavabdehin təqsirli olması və hadisə yerindən yayınması Bakı şəhəri Nərimanov Rayon Dövlət X9 əməkdaşı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul olunmuş qərarla da təsdiq olunur. Buna görə də, “Daewoo BS 090” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalı olmasına baxmayaraq, hadisə zamanı onu qanuni əsaslarla idarə edən cavabdeh hadisə yerindən yayındığından, sığorta ödənişi vermiş iddiaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Bununla belə məhkəmə hesab edir ki, “Daewoo BS 090” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsinin baş verməsi və bununla da mülki hüquq pozuntusunun (delikt) onun tərəfindən törədilməsi, cavabdehin hadisə yerindən yayınması və bunun nəticəsində iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının cavabdehə qarşı tələbi əsaslıdır və zərər məbləği cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin “cavabdehdən işlərin görülməsi xərcinin tutulması” hissəsində əsassız hesab edir (iddiaçı bu tələbin əsaslığı ilə bağlı hər hansı sübut təqdim etməmişdir) və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə, cavabdehdən tutulmalı olan zərərin məbləğini (cəmi 300 manat, yəni 500 manatdan az) nəzərə alıb, hesab edir ki, iddia tələbi “dövlət rüsumunun tutulması” hissəsində qismən təmin edilməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 10 manat hissəsi isə iddiaçıya aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh 300 manat sığorta ödənişi məbləği və 20 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat sığorta ödənişi məbləği və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-912/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-912/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver