Məhkəmə qərarları › İş №2(001)-970/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-970/2025

15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-970/2025 15.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, xx xxxxxx 1958-ci il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonunda anadan olmuşdur. 1980-cı ildə Zülfü Muradovla ailə həyatı qurmuşdur. Qanuni nikah qeydiyyatları var idi və həmin nikahdan üç övladları– X4, Cavabdeh və X6 doğulmuşdur. Həyat yoldaşı X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Özünün 65 yaşı var. Təqaüdçüdür. İş qabiliyyəti yoxdur və xəstədir. Çətinliklə dolanır. Həyat yoldaşı vəfat edəndən sonra oğlu Cavabdeh və onun həyat yoldaşı Təravət onunla yola getmirlər, onu çox incidirlər və işgəncə verirlər. Onların ona qarşı bu yaramaz hərəkətləri nəticəsində o, şəkər xəstəliyinə tutulmuşdur. Şəkər xəstəliyi və qan təyziqi xəstəliyindən əziyyət çəkir. Elə vaxtlar olur ki, təcili tibbi yardım hər gün yardıma gəlir. Elə vaxt olur ki, iki gündən bir gəlir. Aldığı təqaüdü dərmana verir. Bacıları, qardaşları olmasa o acından ölər. Onun bu vəziyyətə düşməsinin səbəbi oğlu Muraddır. Oğlu Cavabdeh və arvadı X1 onu incitmələrini, əzab-əziyyət verib döymələrini Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin baş təhqiqatçısı polis mayoru X3 30 iyul 2022-ci il tarixli qərarı və həmin şöbənin xx.xx.2024-cü il tarixli 46-1/2-M-26196 nömrəli məktubu təsdiq edir. Yuxarıda qeyd etdiyi kimi o, aldığı təqaüdü dərmana verir. İşıq pulunu, su pulunu Murad ödəməlidir. Ancaq ona ödətdirməyə çalışır. O, da bu işə görə onu Binəqədi Rayon Məhkəməsinə vermişdir. İşıq pulu 550 (beş yüz əlli) manat, su pulu 270 (iki yüz yetmiş) manatdır. Bu pulu Cavabdeh ödəməlidir. 02 aprel 2024-cü il tarixdə işığı və suyu kəsilmişdir. Murad ailə, uşağını həmin günü götürüb Zabrat qəsəbəsinə, qaynanasının evinə getmiş, o, da evdə şam işığında qalmışdır. Suyu da qonşular onun yaşamağsına görə ona verirlər. Murad 16 sentyabr 2024-cü il tarixdə qayınanasının evindən gəlmiş, yenə işıq pulu ilə su pulunu ödəməmişdir. Murad qonşudan bir xətt işıq almış, o, isə şam işığına qalmışdır. Pulu yoxdur ki, işıq pulunu ödəsin. Əslində Murad ödəməlidir. Maddi cəhətdən çox korluq çəkir. Dolanışığı çox pisidr. Cavabdeh qanunla ona verilən vəzifəni nəinki, icra etmir, hətta onu həddindən artıq incidir. Ona işgəncə verir, onun qayğısına qalmır. Onu döyüb evdən çıxarır. Onun dolanışığı çox çətindir. Aldığı təqaüdü də dərmana verir. Ona görə də o, indi Cavabdeh aliment tələb edir. 2024-cü il üçün Respublika üzrə yaşayışın minumum məbləği yaşlı adamlar üçün 300 (üç yüz) manat müəyyən edilmişdir və bu səbəbdəndə, o, Cavabdeh hər ay 300 (üç yüz) manat məbləğində aliment tələb edir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh hər ay 300 (üç yüz) manat məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, oğlu Cavabdeh tərəfindən ona əziyyət verildiyini əsas gətirərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Kirov rayonu VVAQ şöbəsi tərəfindən verilmiş Xİİİ ЖГ seriyalı, 411471 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx xxxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X7, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 16-1/2-M-28196 nömrəli, xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı müraciətinə baxılmış və onun ərizəsi əsasında toplanmış material üzrə cinayət və ya inzibati xəta hadisəsi qeydə alınmadığından material üzrə mülki qaydada məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı yaşa görə 648.01 manat məbləğində pensiya alır. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də “gözətçi” vəzifəsində işləyir və 442 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Həmin Məcəllənin 82.5-ci maddəsinə əsasən valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. Beləliklə, iş materiallarında olan sübutlarla təsdiq edilir ki, İddiaçı 1980-cı ildə Zülfü Muradovla nikaha daxil olmuşdur və həmin nikahdan X4, Cavabdeh və X6 adlı üç övladları doğulmuşdur. X2 dünyasını dəyişmiş, digər övladı isə Vəfa Muradova ailəlidir, iki övladı vardır və hazırda işləmir. Həyat yoldaşı X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Hazırki iş üzrə Cavabdeh xx xxxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X7, anası isə İddiaçıdır. “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışla təsdiq edilmişdir ki, İddiaçı yaşa görə 648.01 manat məbləğində pensiya alır, Cavabdeh isə "xxxx" MMC-də “gözətçi” vəzifəsində işləyir və 442 manat məbləğində əmək haqqı alır. İddiaçı isə yalnız bir övladından, hazırki iş üzrə cavabdehdən aliment tələb edir, digər övladına münasibətdə aliment tələbi yoxdur, hazırki iddia tələbinin irəli sürülməsinə əsas kimi isə su, işiq və qaz təchizatından istifadə nəticəsində yaranmış borcun cavabdeh tərəfindən ödənilməməsi ilə əlaqələndirir. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı 648.01 manat məbləğində pensiya aldığından və onun gəliri 2025-ci il üçün ölkə üzrə pensiyaçılar üçün müəyyən olunmuş yaşayış minimumundan artıq olduğundan, iddiaçının maddi yardıma ehtiyacının olması mötəbər sübutlarla təsdiq edilmədiyindən, cavabdehin gəliri iddiaçının gəlirindən aşağı olduğundan, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82-ci maddəsini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar