Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-976/2025 13.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından olan övladları xx.xx.2021-ci il təvəllüdlü X1 üçün 05 sentyabr 2024-cü il tarixdən hər ay 235 manat məbləğində alimentin və uşağın müalicə xərclərinin qarşılanması üçün 400 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X8 doğulmuşdur. Cavabdeh 05 sentyabr 2024-cü il tarixdən evdən çıxıb getmiş və halhazırda ayrı yaşayırlar. Bu müddət ərzində o, nə övladı ilə, nə də ailəsi ilə maraqlanmışdır. Qeyd edir ki, bu hal daha öncə də baş vermiş və Cavabdeh xəbərsiz şəkildə evdən çıxıb getmiş və aylar sonra geri qayıtmışdır. Cavabdeh ümumiyyətlə ailə məsuliyyətini dərk etmir, bu kimi hallar 2023-cü ildən bəri davamlı olaraq təkrarlanır. Bildirir ki, cavabdeh uşağa baxmaqda, onların heç bir xərcinin qarşılanmasında köməklik göstərmir. Uşağın maddi və mənəvi qayğılarını tək çəkmək çox çətindir. Habelə övladı psixi və nitq ləngiməsi olan uşaqdır. May ayından başlayaraq həm psixologiya mərkəzində, həm də həkim müalicəsi alır. Müalicə üçün aylıq ödəniş təqribən 800 manatdır (mərkəzdən alınmış müvafiq arayış iddia ərizəsinə əlavə olunur). Bundan əlavə, övladının qəbul etdiyi dərmanlar Almaniya və Rusiyadan sifarişlə gətirilir, olduqca bahalıdır. 1 dərmanın qiyməti təqribən 150 manatdır. Bu barədə sübutları da məhkəməyə təqdim edə bilər. Cavabdeh hava limanında təhlükəsizlik xidmətində çalışır və onda olan məlumata əsasən 800-850 manat aralığında əmək haqqı alır. Qeyd etdiyi kimi, cavabdeh 05 sentyabr 2024-cü il tarixdən övladın maddi və mənəvi heç bir qayğısı ilə maraqlanmır. O, da müailəcə xərclərini tək qarşılamaq məcburiyyətində qalmış və bu səbəblərdən onun üçün xeyli miqdarda borcu yaranmışdır. Bu səbəbləri əsas tutaraq, 05 sentyabr 2024-cü il tarixdən birgə nikahdan olan övladının saxlanması üçün 235 manat alimentin və uşağın müalicə xərclərinin qarşılanması üçün 400 manat məbləğində pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edir. xx.xx.2024-cü il tarixdə mediasiya prosesi baş tutmuş və qarşı tərəflə mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə 2019-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Bigə nikahdan doğulmuş uşağın psixi və nitq ləngiməsi olduğundan onu “Psixologiya” mərkəzində müalicə etdirir və bu məqsədlə aylıq 750 manat xərci çıxır. Cavabdeh 4 aydır anası ilə yaşayır, onu anası idarə edir. Cavabdehin qeyri rəsmi işi də var. Aylıq gəliri 1600 manatdır, lakin buna dair onda sübut yoxdur. Hazırda cavabdehlər aralarında olan nikah pozulmayıb. Onun xahişi odur ki, uşağın nitq qüsuru düzəlib danışana kimi heç olmasa cavabdeh hər ay 300-400 manat məbləğində pul ödəsin. Çünki uşaq X3 müalicə alır və onun hər ay 800 manat xərci çıxır. Göstərdiklərini nəzərə alaraq 235 manat sabit pul məbləğində aliment və uşağın müalicəsi üçün hər ay 400 manat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, 235 manat sabit pul məbləğində alimentin təyin olunmasına etiraz etmir, əlavə 400 manatın tutulmasına isə razı deyil. Belə ki, uşağın 4 yaşı var, heç bir psixiki problemi yoxdur, sadəcə gec danışıb. Uşağının gələcəyi üçün bank hesabına bir dəfə 3000 manat, sonra isə 1000 manat məbləğində pul vəsaiti qoymuşdur. O, həmçinin bildirdi ki, o, uşağını 7-8 ay ərzində X4 aparmışdır. Hazırda iddiaçı ilə qarşılaşmamaq üçün, onunla maraqlanmır. O, həmçinin iddiaçının iddia etdiyi ikinci işə münasibətdə isə qeyd etdi ki, həmin iş ailəli olanda olub, hazırda ikinci işdə işləmir. Mülki iş materiallarında olan: 1 saylı Bakı “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 378792 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 01 dekabr 2019-cu il tarixdə nikah bağlanmış və həmin nikah 3274 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. “Elektron məhkəmə” informasiya sistemində olan baza məlumatlarından çıxarışdan görünür ki, Cavabdeh "xxxx" QSC-də inspektor vəzifəsində işləyir. “X5” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X9 xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək psixo-pedaqoji və loqopedik seanslar, duyu bütünləmə və klinik-refleksoloji, tDCS, neurofeedback və forbrain aparat terapiyası keçirilmiş və ona diaqnostika üçün 110 manat, loqoped üçün 875 manat, psixoloq üçün 655 manat, QEEG üçün 75 manat, tDCS üçün 226 manat, refleksoloq üçün 860 manat, NFB üçün 600 manat və FB üçün 54 manat olmaqla, ümumilikdə 3455 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iş materiallarını təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh 01 dekabr 2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, tərəflər hazırda ayrılıqda yaşasalar da, aralarında bağlanmış nikah pozulmamışdır. Məhkəmə tələbin alimentin cavabdehdən tutulması hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15№-li qərarında Plenum alimentin hesablanmasının yeni qaydasını tövsiyyə edərək, müəyyən etmişdir ki, “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).”. Həmçinin tövsiyə edilmişdir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2023-cü il tarixli, 3708 nömrəli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafelərinin üstünlüyü baxımından, onların normal, yəni qida rasionlarına uyğun qidalanması, geyimlər, təhsili, istirahətlərinin səmərəli təşkili xərclərini, iddia verilən tarixə olan məbləğini, 2024-cü il üçün ölkə üzrə minimum aylıq əməkhaqqının və uşaqlar üçün yaşayış minimumunun məbləğini, habelə, iddiaçı tərəfin mövqeyini nəzərə alaraq hesab edir ki, onların saxlanmaları üçün cavabdehdən tutulmalı alimentin miqdarı hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə 2024-cü il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində (345 x 0.68 = 235 manat) sabit pul məbləğində müəyyən olunmalıdır. Məhkəmə həmçinin iddia tələbində alimentin 05 sentyabr 2024-cü il tarixdən hesablanması hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2 maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulması müəyyən edildiyindən, hazırda iddiaçı ərizə ilə məhkəməyə 14 noyabr 2024-cü il tarixdə müraciət etdiyindən, məhkəmə hesab edir ki, alimentin tutulmasının başlanğıcı 14 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə iddia tələbinin uşağın müalicə xərclərinin qarşılanması üçün hər ay cavabdehdən 400 manat məbləğində pulun tiutulması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, “X5” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışı ilə müəyyən edilir ki, X9 xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək psixo-pedaqoji və loqopedik seanslar, duyu bütünləmə və klinik-refleksoloji, tDCS, neurofeedback və forbrain aparat terapiyası keçirilmiş və ona diaqnostika üçün 110 manat, loqoped üçün 875 manat, psixoloq üçün 655 manat, QEEG üçün 75 manat, tDCS üçün 226 manat, refleksoloq üçün 860 manat, NFB üçün 600 manat və FB üçün 54 manat olmaqla, ümumilikdə 3455 manat məbləğində pul ödənilmişdir. Yəni, həmin arayışda göstərilənlərdən müəyyən edilir ki, tərəflərin birgə nikahlarından doğulmuş X9 xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək sözü gedən mərkəzdə müalicə almış və ona lazımi tibbi yardımlar göstərilmişdir. Hazırda isə birgə nikahdan doğulmuş X7 mütəmadi müayinə və müalicəyə ehtiyacının olub-olmaması, ehtiyacı olduğu halda məhz həmin müayinə və müalicələr üçün gələcəkdə çəkilməsi zəruri olan xərclərin hər ay 400 manat məbləğində olması qənaətinə gəlmək mümkün deyil. Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir.” (“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarı). Məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi “X5” tərəfindən verilmiş arayış özəl tibb müəssisəsinə məxsusdur və orada qeyd olunan müalicə prosedurlarının dövlət xəstəxanalarında həyata keçirilməsinin mümkünsüz olması ilə bağlı iddiaçı heç bir sübut təqdim etməmişdir. Həmçinin yetkinlik yaşına çatmayan uşağın ağır xəstə və yaxud əlil olması da müəyyən deyil. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş uşağın hazırda müalicəyə ehtiyacının olub-olmamasını müəyyən etmək mümkün olmadığından, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə uşağın müalicə xərclərinin qarşılanması üçün hər ay 400 manat məbləğində pulun tutulması hissəsində təmin edilə bilməz. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X7 18 yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə 2024-cü il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində (345 x 0.68 = 235 manat) sabit pul məbləğində aliment tutulmalı və alimentin tutulmasının əvvəli 14 noyabr 2024-cü il tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 1000 manatdan çox (2820 manat) olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, ödənilməli 58.20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X7 18 yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə 2024-cü il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində (345 x 0.68 = 235 manat) sabit pul məbləğində aliment tutulsun və alimentin tutulmasının əvvəli 14 noyabr 2024-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilməli dövlət rüsumunun əvəzi kimi 58.20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-976/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-976/2025
13.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver