Məhkəmə qərarları › İş №2(001)-988/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-988/2023

08.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-988/2023 08.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2003-cü il təvəllüdlü X13, nikah pozulduqdan sonra isə xx.xx.2010-cu ildə X14 anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3169/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, xx.xx.2003-cü il təvəllüdlü X13 onun yanında saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4356/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2003-cü il təvəllüdlü X2 üçün hər ay 50 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7771/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 154 manat təyin olunmuşdur. xx.xx.2003-cü il təvəllüdlü X13 Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alır və 3-cü kurs tələbəsidir. xx.xx.2010-cu il təvəllüdlü X14 asma xəstəsidir və müalicəsinə hər ay pul tələb olunur. O, övladları ilə birlikdə cavabdehdən ayrı yaşayır, uşaqların saxlanılması xərcləri çox olduğundan yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin məbləğinin artırılaraq, hər ay 250 manat alımentin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahlarından xx.xx.2003-cü il təvəllüdlü X13, nikah pozulduqdan sonra isə xx.xx.2010-cu ildə X14 anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3169/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən aralarındakı nikahları pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7771/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən ondan hər ay 154 manat tutulur. Üç nikahından yalnız bir yetkinlik yaşına çatmayan övladı vardır. Hal-hazırda xx.xx.2010-cu ildə X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat aliment ödəyə bilər. Ona görə də iddia ərizəsinin qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. (Uşaq hüquqları haqqında Qanunun 5-6 mad.) Uşaq hüquqları bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır. Zəngilan rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli AZ-İ № 145182 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 xx.xx.2003-cü il tarixdə Zəngilan şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 33 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X9r. Balakən rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İİ № 428869 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 02 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X9r. Azərbaycan Dövlət İqtisad Universitetinin xx.xx.2022-ci il tarixli TİM/36387/2022 saylı arayışından müəyyən olunur ki, X13 UNEC-in bakalavriat səviyyəsi üzrə tədris türk dilində olan X23 fakültəsinin Marketinq ixtisasının dövlət sifarişli əyani təhsilin İİİ ili P-260 saylı qrup tələbəsidir və dörd illik təhsil müddətini xx.xx.2024-cü il tarixinədək bitirməsi nəzərdə tutulur. Səhiyə Nazirliyinin TQS №027 saylı ambulator kitabçadan çıxarışından müəyyən olunur ki, xx.xx.2010-cu il təvəllüdlü X10 əsas xəstəlik kimi ağır gedişli bronxial astma qeyd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3169/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, X12 ilə Cavabdeh arasında xx.xx.2002-ci il tarixdə Zəngilan rayon VVADQ şöbəsində 161 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan xx.xx.2003-cü il təvəllüdlü X4 Fərluqə Qanvoy qızının yanında saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4356/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, xx.xx.2003-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2009-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 50 manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7771/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən müıyyən olunur ki, Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4356/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 0xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Elektron sistem üzrə Cavabdeh Üzeyr oğlunun pensiya məlumatlarından müəyyən olunur ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı almış şəxslərə təyin olunmuş 80 manat məbləğində pensiya alır. Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, Əlivasov X16 Yardım Avtobazası publik hüquqi şəxsində əmək haqqı 1059 manat olmaqla sürücü vəzifəsində işləyir. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, tərəflərin hər birinin maddi vəziyyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını nəzərə alıb belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməklə xx.xx.2010-cu il təvəllüdlü X3 üçün müəyyən olunan alimentin miqdarı artırılaraq hazırkı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmaqla hər ay 220 manat müəyyən edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş mediasiya xərcinə görə 50 manat iddiaçının özünə, ödənilməli olan 50 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7771/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X3 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 50 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar